QLÜTEN NƏDİR? ARMUDLU & ŞOKOLADLI UNSUZ KEKS

 

Qlüten – cəmi 10 il əvvəl biokimyaçıların və ən məşhur çörəkbişirənlərin bildiyi bir termin indi necə olubsa hər kəsin dilindədir. Gözümüzün önündə qlüten həssasiyyatı olan və ondan təmamilə imtina edən insanlar hər gün biraz daha artır. Tez-tez məndən soruşulan suallardan biri də budur ki, bu bir dəbdir? Əgər dəb deyilsə, necə olur ki, belə xəstəliklərdən əvvəllər kimsənin xəbəri yox idi? Bu sualları verən insanlar qınanılacaq deyil, birdən-birə hər insanın hər gün yediyi çörək kimi bəsit məhsulları daha yeməyən dost-tanış görəndə təəccüblənməmək mümkün deyil.

Birinci ondan başlayaq ki, qlüten nədir? Qlüten dənli bitkilərin (buğda, arpa, vələmir, çovdar, yulaf) içində olan, çörəyin və başqa xəmir məmulatlarının lazım olan formaya sahib olmasına səbəbkar olan, bir növ yapışdırıcı xüsusiyyətləri olan zülaldır. Dənli bitkilərdən qarabaşaq, düyü və qarğıdalının içində yoxdur, onların da bildiyimiz kimi, yapışdıcı xüsusiyyəti olmadığı üçün təkbaşına çörək şəklinə salınması mümkün deyil, bir sözlə, hal-hazırda istifadə elədiyimiz çörəyi birbaşa qlütenə borcluyuq. Bu yapışdırıcı xüsusiyyət xəmirin konsistensiyasına səbəb olduğu kimi, bəzi orqanizmlərdə ciddi problemlər yaradır.

Bu problemlər əslində bəlkə də əsrlər boyu olub, amma qlüten, xüsusilə xroniki xəstəliklərə səbəb olduğu üçün ciddi araşdırma aparılmamışdır. Hal-hazırda tibb inkişaf edir, illər əvvəl səbəbi bilinməyən bir çox xəstəliyi, bunların içində ən məşhuru seliakia (çölyak) xəstəliyi, autoimmun xəstəliklər və başqa xroniki xəstəlikləri bəzi hallarda ənənəvi tibb, bəzi hallarda isə qeyri-ənənəvi tibb bugün qlütenlə əlaqələndirir. Müasir həyatımızda, xüsusilə qlütensiz məhsulların ciddi çatışmamazlığı olan ölkəmizdə əmin olun ki, qlütensiz həyat heç də rahat deyil. Heç kim bu çətinliyə sadəcə dəb olsun deyə dözmür və dözməz. O insanlar qlüten yemədikləri müddətdə ciddi şəkildə faydasını gördükləri üçün, xəstəliklərində müsbətə doğru irəliləyiş hiss etdikləri üçün bu pəhrizə qatlanırlar. Bu pəhrizdə sadəcə çörək yeməmək deyil məsələ, qlütenli məhsulların izinin belə olduğu məhsulları yemək qadağandır, çünki, qlüten mikromolekulyar səviyyədə bədənə gedirsə, xəstəliklərdə ağırlaşma ola bilər.

Qlüten həssasiyyəti olan insanlara çox böyük səbr diləyirəm və bugünkü yazımı onlara ithaf edirəm. Bu yazımdakı resept qlütensiz şokoladlı-armudlu keksdir. Qlüten həssasiyyəti olanlar şokolad alarkən qlütensiz olmasına xüsusi diqqət yetirsinlər, bazarda belə markalar da var. Qlüten həssasiyyəti olmayanlar isə bu keksi möhtəşəm dadı üçün və mövsümə çox yaraşdığı üçün bişirə bilərlər. Xüsusilə brauni sevərlərin bu keks favoritinə çevriləcəyinə əminəm.

armud2

Şokoladlı-armudlu unsuz keks
Resept 8 porsiyalıqdır. 23-25 sm-lik piroq qabı və ya dairəvi keks qabı üçün nəzərdə tutulmuşdur.

• 100 qr. kərə yağı (otaq temperaturunda)
• 100 qr. fındıq (fındığı qovurub, sonra prosessorda və ya qəhvəüyüdücüdə un şəklinə salmaq lazımdır, 100 qr fındıq təxminən 1 st-dan bir barmaq aşağıdır)
• ½ st. şəkər tozu
• 100 qr. tünd şokolad (mən 70%lini məsləhət görürəm, ağır hiss olunmur. Yazıda qeyd etdiyim kimi, qlüten həssasiyyəti olanlar şokoladı seçərkən qlütensiz olmasına xüsusi diqqət yetirsinlər, əksər markalarda təəssüf olsun ki, qlüten izləri ola bilir)
• 3 və ya 4 qəşəng armud ( qəşəng o mənadakı ki, formalı olduqlarında və eyni böyüklükdə olduqlarında daha yaxşı görünür keksin üzərində də, mən düşes çeşidindən istifadə etmişdim, məncə çox yaraşmışdı, bir də mən 3 dənə armud istifadə elədim, amma bişdikdən və yedikdən sonra 4 armud daha yaxşı olardı qərarına gəldik)
• 3 böyük yumurta
• 1 x.q. rom (opsionaldır, istifadə etməyə də bilərsiniz)
• Üzərinə səpmək üçün şəkər pudrası
• 2 x.q. bəyəndiyiniz açıq rəngli mürəbbənin suyu (armuda yaraşan olması lazımdır)

Hazırlanma qaydası:
1. İnqredientlərdə yazıldığı kimi fındığı üyüdüb un halına salın. Yağı çıxdığını gördüyünüz an xırdalama prosesini dayandırın.
2. Şokoladla yağı bir yerdə benmari üsulu ilə (yəni, suyun içində başqa qazançanın içində qoymaqla) və ya mikrodalğalı sobada əridin. Soyumağa qoyun, amma tez-tez qarışdırın ki, yapışmasın və aşırı soyuyub bərkiməsinə izn verməyin.
3. Sobanı 180Cº qızdırın. Armudları soyub, yarı bölüb, içinin tum olan hissəsini qaşıqla çıxarın.
4. Yumurtaları sındırarkən, sarılarını ağlarından ayırın. Sarılarını şəkər tozu ilə birlikdə yaxşıca çalın. Rom istifadə edirsinizsə, bu mərhələdə əlavə edin.
5. Yumurta sarılı qarışımın üzərinə üyüdülmüş fındığı töküb qarışdırın, sonra isə şokolad-kərə yağı qarışımını tökün qarışdırın.
6. Yumurta ağlarını mikserlə ağarıb, tamam bərkiyinə kimi çalın.
7. Bu iki qarışımı ehmalca bir-birinə qarışdırın, yumurta ağının hava qabarcıqları çıxmaması üçün kifayət qədər yavaş qarışdırılmalıdır. Bu mərhələdə mikser qətiyyən olmaz!
8. İçinə əvvəlcədən bişirmə kağızı sərilmiş, kənarları yağlanmış qabınıza xəmiri boşaldın, armudları keksin üzərinə yerləşdirin.
9. Keksinizi bişməyə qoyun, təxminən 45-50 dəqiqə sonra ortasını yoxlayın, əgər bərkiyibsə artıq bişmişdir.
10. Keksi servis edəcəyiniz qaba keçirin. Şəkər pudrasını keksin üzərinə səpin. Mürəbbə ilə armudların üzərini fırça yardımı ilə cilalayın.

Servisi:
Keksinizi ilıq və ya otaq temperaturunda servis edə bilərsiniz. Yanına bir top dondurma da yaraşar, amma təkbaşına da çox dadlıdır.

Saxlanma qaydası:
Bir-neçə gün streç folyosu ilə sarılı şəkildə otaq temperaturunda saxlaya bilərsiz.

Qlütensiz başqa resept çox dadlı italyan peçenyeləri – Baci di Damadır. 

Şokoladlı-armudlu keksiniz nuş olsun!

Şərhlər

  1. Salam.. Əllərinizə sağlıq. Yenə Saturday menudan dəfələrlə oxuduğum resept.. Yanina yaraşacaq Saturday menudan karamelli dondurma da hazırlamışam, ama bu vaxtlar armud tapmaq çətin olur deyə bişirmə mərhələsinə keçə bilməmişəm( Armudu başqa meyvə ilə əvəz etmək olarmı?

  2. Saturday Menu

    Çox sağolun Rəna. Armud yerinə heç nə istifadə etməyə bilərsiniz, bu tort sadə halında italyanların tort caprese desertidir. Amma düşünürəm, armud tapa bilərsiniz, mən keçən həftə digər şokoladlı armudlu keksi bişirmişdim. Armudu rahat tapmışdım.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir