BACİ Dİ DAMA- fındıqlı italyan peçenyesi

İtalyan şirniyyatları haqqında «Dolce 80 autentic italian recipes for sweet treats, cakes and desserts» kitabı əlimə keçmişdi. Çox sürətli şəkildə adların üzərindən keçirdim və hər gördüyümdə italyanların kopiraytinq qabiliyyətlərinə heyran olurdum. Xanımın barmaqları, pişiyin dili və s… Birinə isə əvvəl heç rast gəlməmişdim. Baci di dama – xanımın opüşü. Şəkli də vardı, yumru, içi şokoladlı sandviçlənmiş peçenyelər çox yeməli görünürdülər.

Axşam qonaq getdiyimiz yerdə Baci di dama heç fikrimdən çıxmırdı, artıq bloq işinə ciddi şəkildə qərar verdiyim üçün, yeni, fərqli reseptlərə açıq hiss edirdim özümü. Yüngülvari reseptə də göz yetirmişdim, fındıq, düyü unu. Yəni, qlütensiz. Reseptlərdə qlütensiz olanlara da yer ayıracağımı ilk gündən düşündüyüm üçün heç vaxt itirmədən yenidən onları görmək istədim, telefonda axtarış verdim. Çox bəyəndiyim desert şeflərindən biri David Lebovitz-in bloqundan bu resept ilk sırada çıxdı.

David dünyaca məşhur olan Chez Panisse restoranın desert şefi olub, sonradan Parisə köçüb, hal-hazırda bir xeyli yemək kitabı müəllifidir, eyni zamanda mükəmməl bloq sahibidir. Yazı dili o qədər səmimi və aydındır ki, bəzən hansısa resepti müəllifinin kitabından deyil, Davidin bloqundan oxuyub hazırlamağı üstün tuturam. Bu resepti də eyni şəkildə daha güvəndiyim David Lebovitz-in bloqundan seçdim. (Bu arada mən resept yazma stilini də türklər demiş ondan ödünç almışam. )

Nəticə necə alındı sualına isə… Mükəmməl idi, amma ona doğru gedilən yol mükəmməl deyildi təəssüf ki. Yoldan danışım, dediyim kimi, düyü ununa ehtiyacım vardı, “Ruzum” deyə bir markanın düyü ununu tapıb aldım, evə gəldiyimdə düyü unu yerinə yaxşı xırdalanmamış düyü parçacıqları tapdım paketin içində. Amma israrla, daha doğrusu tərsliklə, nə olur-olsun edəcəm Baci di damaları dedim və etdim.. Düyü parçaları yapışmaq istəmirdi, həm də reseptin içində nə yumurta, nə də yapışdırma qabiliyyəti olan qlüten olmadığı üçün kabus kimi xəmirim vardı, toz parçacıqlarından ibarət, məcburən 1 yumurtanın ağını vurdum. Nəticədə peçenyelər bişdi, amma bunlar Baci di Dama deyildi.

Bir-neçə gün sonra yeni düyü unu ilə yenidən etdim, bu qədər israra və adına layiq nəticə alındı.

IMG_0097

Baci di Dama
Təxminən 44 balaca peçenyelər alınır bu reseptdən, sandviçlənəndə 22 olur.

Resept David Lebovitzin bloqundan adaptasiya olunmuşdur.

• 1 1/4 st. (140 qr.) fındıq, qovrulmuş və qabığı soyulmuş
• 1 st. (140 qr.) düyü unu (buğda unu ilə də eləmək olar, düyü unu ilə amma daha effektli alınır)
• 100 qr. kərə yağı
• 1/2 st. şəkər
• Azacıq duz
• 50 qr. tünd və ya acı şokolad

Düyü unu alarkən diqqət! Una bənzər olmalıdır, yəni kifayət qədər yaxşı üyüdülmüş, mənim təcrübəmi təkrarlamayın.

Hazırlanma qaydası:

  1. Fındıqları prosessorda və ya qəhvəüyüdəndə çox və çox yaxşı xırdalayırsınız. Tamam un şəklini alana kimi, əks təqdirdə yapışmaz.
  2. Döyülmüş fındıqları bir qaba alın, üzərinə düyü ununu töküb qarışdırın, sonra digər ingredientləri sıra ilə, soyuq şəkildə 1 sm. böyüklükdə doğranmış yağ parçacıqlarını, duz, şəkəri töküb, əllərinizlə yoğurun, xəmir bir müddətsonra yapışmış və hamarlaşmış görünməlidir, əgər bu nəticəni almaqda çətinliyiniz olsa üzərinə 1 x. q. çox soyuq su tökün.
  3. Xəmiri 3 bərabər hissəyə bölüb, hər hissəni 2 sm diametri olan oxlov şəklində yayın, bu hazırladıqlarınızı qoyun soyuducuya. 2-3 saat soyuducuya qoyun, əgər tələsirsinizsə, o zaman buzxanaya qoyub 15-20 dəqiqə sonra bişirməyə başlaya bilərsiniz.
  4. Sobanızı 160C°-yə kimi qızdırın, qabın içinə yağlı kağızı sərib bişirmə üçün şəraiti yaradın.
  5. Sonra bu uzun formada olan xəmirinizdən birini götürüb (geri qalanlari öz vaxtları çatana qədər soyuducuda qalmalıdır), bərabər böyüklükdə kiçik hissələrə, təxminən 1,5 sm bıçaqla doğrayın, birinin çəkisi təxminən 5 qr. olmalıdır, elektronik tərəziniz varsa yoxlayıb eləmək ən idealıdır. Yoxsa, maksimum eyni boyda alınmasına özəl diqqət yetirin. Əlinizdə olan xəmirlərin uzunu 2 sm, eni 1,5 sm olacaq, onları yumrulayıb, əvvəlcədən hazırladığınız qaba elə yumru şəkildə düzün.
  6. Digər xəmirləri (soyuducuda qalan hissələri) də kəsib, eyni formaya gətirin, sobada cəmi 10-14 dəqiqə bişməlidir. Azacıq üzəri rəngini dəyişəcək bu müddətin sonunda, götürdüyünüzdə hələ yumşaq olacaqlar, əl dəymədən soyumasını gözləyin.
  7. Şokoladı benmari üsulu ilə, yəni bir qabın içinə su töküb, onun üzərində başqa qabda şokoladı qoyub buxar ilə əridin.
  8. Ərimiş şokoladı artıq soyumuş peçenyelərin arasına çəkin, soyumağa qoyun.

Artıq Baci di Damalar hazırdır. Nuş olsun.

Şərhlər

  1. Pingback: Şokoladlı və armudlu keks

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir