BRUTTİ MA BUONİ İTALYAN PEÇENYELƏRİ (QLÜTENSİZ)

Ketogen pəhriz haqqında və şəkərəvəzedicilər barədə ümumi məlumatları yazdıqdan sonra məncə artıq pəhrizə uyğun reseptləri də yavaş-yavaş sizlərlə bölüşməyin vaxtı yetişib, bu qəribə adlı peçenyenin orijinal resepti şəkərlə olsa da, yenə də qlütensizdir, sadəcə fındıqla hazırlanır, həm də çox sadə hazırlanma qaydası var. Bloqdakı qlütensiz yazılardakı armudlu-şokoladlı keks italyanların kapriz tortundan, baci di dama peçenyeləri də yenə də italyan mətbəxindən gəldiyi kimi bu peçenye də qədim italyan mətbəxindəndir, adının mənası isə eybəcər, amma dadlı deməkdir. Hər zaman demişəm, bu italyanlar ad qoyma işində bir başqadırlar və belə çıxır ki, qlütensiz şirniyyat işində də həmçinin. 🙂

Peçenyenin dadına gəldikdə isə, ev əhli onu bütün indiyə qədər yediyimiz peçenyelərdən daha dadlı olaraq dəyərləndirdi, bu da ciddi göstəricidir, çünki, təcrübələri böyükdür. 🙂 

Brutti ma buoni (Eybəcər, amma dadlı) italyan peçenyeləri

Bu inqredientlərdən 20 ədəd 6-7sm. diametrində peçenyelər alınır, peçenyeləri daha xırda da hazırlaya bilərsiniz. 

• 2 st. üyüdülmüş fındıq (təxminən 200-220 qr. bütöv fındıqlardan alınır)
• 
4 yumurtanın ağı
• 
8 x.q. monk meyvəli eritritol (və ya hər hansı bəyəndiyiniz şəkərəvəzedici, şəkərlə əvəz edəcəksinizsə, inqredientlərin altındakı hissəyə baxın) (şəkərəvəzedicilər haqqında məlumat əldə etmək istəyirsinizsə bu linkə baxa bilərsiniz)
• 
1 ç.q. vanil ekstraktı (yoxdursa vanilin istifadə edə bilərsiniz)
• 
Qaşığın ucunda duz
• 
Üzəri üçün iri doğranmış fındıqlar

Əgər bunu şəkərəvəzedici ilə deyil, şəkərlə hazırlamaq istəyirsinizsə, tövsiyyə olunan şəkər miqdarı ¾ st. və ya qr-la ifadə etsək 150 qr. şəkərdir, şəkərlə hazırladığınız halda belə siz yüngül, qlütensiz peçenye əldə edəcəksiniz. 

Hazırlanma qaydası:

  1. Sobanızı 200Cº qızdırın. Fındıqları soba qabına töküb təxminən 12 dəq. sobada bişirin, sobadan çıxdıqdan sonra mümkün qədər tez müddətdə qabıqlarından ayırmağa çalışın (mən tam ayırmıram, biraz üzərində qalır). Sobanın dərəcəsini 160C°-yə endirin. 
  2. Yumurta ağlarını ağarıb tamam bərkiyənə qədər mikserlə çalın. 
  3. İçərisinə üyüdülmüş fındığı, duzu, vanili, eritritol (və ya şəkəri) töküb ehtiyatla qarışdırın (miksersiz)
  4. Qaşıqla əvvəlcədən hazırlanmış soba qabının içinə təxmini 6-7 smlik dairələr şəklində qoyun, üzərinə fındıq parçacıqlarını tökün. 
  5. Əvvəlcədən qızdırılmış sobada 25 dəq. yüngül qızarana qədər bişirin. 
  6. Sobadan çıxardıqdan sonra qabın içindən çıxarmağa tələsməyin, isti halda çox yumşaq olur, soyuduqdan sonra bərkiyir. 

Brutti ma buoni peçenyeləriniz nuş olsun!

Şərhlər

  1. Saturday Menu

    Nuray, Azzanın peçenyelərini xatırlamıram, amma ola bilər. Əslində türklərin acıbademi də bişirilmə qaydasına görə buna çox oxşayır. Madoda da ondan var.

  2. Chox isterdim hazirlayam. Biz Azzadan aliriq. chox dadlidirlar. Sadece mende monk meyvesi yoxdur.

  3. Nuray, o şəkər və karbohidrat yemeyənlər üçündür mənim kimi, siz yeyirsiniz hər halda. Azzadan aldığınızda mütləq var şəkər, hətta çox güman ki, un da var. Monk meyvəsini şəkərə əvəz edin, ingredientlərin altında yazmışam nə qədər lazımdır, hətta çox şirin istəmirsinizsə, biraz azalda da bilərsiniz.

  4. Artiq men de pehrizdeyem ))Yoxsa shekerle ederdim 🙂 Daha bir muddet, en azindan 2 hefte sheker yemeyecem

  5. Saturday Menu

    Nuray pəhriziniz uğurlu olsun. Amerikadan sifariş verə bilərsiniz şəkərəvəzediciləri. Müvəqqəti deyil, çox ümid edirəm ki, ömürlükdür. 😊

  6. Shabnam Aghayeva

    Cox sagolun, Aygun! Badamla evez etsem alinar goresen?🤔 findiq bitib evde..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir