ÜZƏRİ OVUNTULU, ƏRİKLİ KEKS

Son günlər ən çox soruşulan suallardan biri ərikli kekslə bağlıdır. Çox izləyicini kəsmikli keksi həm də ərikli etmək olar sualı maraqlandırır və hətta sınayanlar da var. Əminliklə deyə bilərəm ki, bəli, sınaya bilərsiniz. Özüm də hazırladım və çox bəyəndik. Bundan əlavə, bloqdakı gavalılı keksi də ərikli hazırlaya bilərsiniz. O keksə ərik də çox yaraşır. Bugün başqa sevdiyim resepti paylaşacam, ərikli və üzəri ovuntulu keks, Nick Malgierinin reseptlərindəndir və onun kokos ovuntulu bananlı keks reseptinə çox oxşayır, demək olar ki, həmin reseptin yay üçün variantıdır. Bu ərikli keksi rahatlıqla vişnə, şaftalı və gavalı ilə sınaqdan keçirə bilərsiniz.


Bişmiş əriklərin ləzzətini, xəfif hiss olunan darçın dadını və keksin yumşaqlığını biz çox bəyənirik.

Üzəri ovuntulu ərikli keks
Bu resept 23-25 sm. diametrində olan qab üçün nəzərdə tutulmuşdur.

Ovuntu üçün

• 1¼ st. un
• ½ st. şəkər tozu
• ¼ ç.q. qabartma tozu
• ¼ ç.q. darçın
• Qaşığın ucunda duz
• 100 qr. kərə yağı

Ovuntuya biraz qovrulmuş və xırdalanmış badam əlavə edə bilərsiniz, bu dad da əriklə çox yaraşacaq.

Keksin xəmiri üçün

• 1¼ st. un
• ¾ st. şəkər tozu (mən açıq qəhvəyi şəkər tozu istifadə edirəm)
• 1 ç.q. qabartma tozu
• ¼ ç.q. duz
• 100 qr. kərə yağı (yumşaldılmış)
• 2 böyük yumurta (otaq temperaturunda)
• 1 yumurtanın sarısı (otaq temperaturunda)
• 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, şəkərli vanilin istifadə edə bilərsiniz
• 8-10 orta böyüklükdə ərik (əgər qabınız 23 sm. diametrindədirsə 7-8 ərik, 25 sm. diametrdədirsə 9-10 ərik lazım gələcək, ərikləri dadlı və şirin seçin, bişdikdə meyvələrin turşluğu ortaya çıxır)
• 1 ç.q. rəndələnmiş limon qabığı
• İstəyə görə üzərini bəzəmək üçün şəkər pudrası

Hazırlanma qaydası:

  1. Qabınızı yağlayın və unlayın. Alternativ kimi bişirmə kağızı sərə bilərsiniz. Qabınızın kənarı açılan deyilsə, bişirmə kağızı daha məsləhətdir.
  2. Ovuntu üçün əvvəl kərə yağını əridin.
  3. Sonra ovuntu üçün nəzərdə tutulan unu, şəkər tozunu, darçını, duzu, qabartma tozunu bir qabda bir-birinə yaxşı qarışdırın, üzərinə əridilmiş yağı töküb, barmaqlarınızla 0,5-1 sm-lik kiçik yumru ovuntular halına salın və bir tərəfə qoyub saxlayın. Ovuntular iri olanda bərk olur. Buna görə bərk və xırçıldayan olmasını istəsəniz böyük, yumşaq və əriyən olmasını istəsəniz kiçik yumrular hazırlayın.
  4. Ərikləri ortadan bölüb, tumlarını çıxarın.
  5. Sobanızı 175Cº qızdırmağa başlayın.
  6. Keksin xəmiri üçün nəzərdə tutulan unu, qabartma tozunu və duzu bir-birinə yaxşı qarışdırın.
  7. Başqa bir qaba yumşaldılmış yağı tökün və homogen olana qədər qarışdırın. Mikserlə etməniz məsləhətdir, amma əllə də edə bilərsiniz. Sonra içinə şəkəri tökün, 5 dəqiqə yüngülləşənə kimi çalın.
  8. Yağlı-şəkərli qarışıma yumurtaları və yumurta sarısını bir-bir əlavə edib qarışdırın, sonra üzərinə vanili və limon qabığı rəndəsini əlavə edin.
  9. Quru inqredientləri sulu ingredientlərlə birləşdirib, ehtiyatla tam qarışana kimi qarışdırın. (miksersiz, yəni qaşıqla)
  10. Yağlanmış və unlanmış qabın içinə əvvəlcə xəmiri tökün, sonra üzərinə ərikləri qabıqlı hissəsi alta düşəcək şəkildə sıx düzün. Ərikləri xəmirə basmayın, ehmalca qoymağa çalışın.
  11. Hazırladığınız ovuntuları əriklərin üstü tam örtülmək şərti ilə keksin üzərinə tökün.
  12. Üzəri qızarana kimi və içini kibrit çöpü ilə yoxladığınızda çöp təmiz çıxana kimi bişirin, təxminən 50-60 dəq. vaxt alacaqdır.
  13. Çıxarandan sonra 10 dəq. qabın içində soyuduqdan sonra qabdan çıxara bilərsiniz.
  14. İstəsəniz üzərini şəkər pudrası ilə bəzəyə bilərsiniz.

Saxlanma qaydası:

Ağzı qapalı qabda və ya streç filmlə sarılmış şəkildə 2-3 gün müddətində saxlaya bilərsiniz.

Üzəri ovuntulu ərikli yupyumşaq keksiniz nuş olsun!

 

Şərhlər

  1. Mən bananlı keksi etmişəm çox bəyənmişəm, yaxın zamanda bunu da sınaqdan keçirəcəm inshALLAH.

  2. Salam,visneli keksinizden sonra bunu da bu gun bisirdim,duzdu vaxtimi cox aldi,amma cox yumsaq ve dadli cixdi,tesekkur edirem,bu arada ciyelekli dondurma da cox gozel alindi

  3. Təşəkkür edirəm Naida xanım. Vaxtınızı niyə çox aldı, ovuntunu düzəltmək çətin oldu?

  4. salam,visneli keksinizi oglumla bir yerde bisirdik,hami cooox beyendi. cox sag olun resept ucun. 2sualim olacaq,boyuk yumurta deyende marketlerde satilan yumurtalari deyirsiz?bir de,aciq qehveyi seker tozu hansi firmadi ve hansi marketden almisiz?

  5. Salam Lale xanim. Kommentiniz haqqinda xeberdarliq niyese gelmeyib, indi gördüm. Teshekkur edirem. Beyenmenize chox sevindim. Size de oglunuza da nush olsun. Suallara gelende ise yumurta magaza yumurtasi boyda, kend yumurtasi olanda ya magaza yumurtasi kimi irisini sechmek lazimdir, ya da men kichik olduqlarinda texminen yarim yumurta 3 deneye elave edirem. Achiq qehveyi sheker bir rus markasi var, markani xatirlamadim, bir de Lakana var, Azersunun markasidir. Lakana chox iri oldugu uchun ovuntuya yaramir bu keksde, amma keksin xemiri uchun ondan istifade edirem. O xemiri biraz daha karamel dadinda edir.

  6. Salam:) men bir soz sorushmag istiyirem. Limona evde allergiya oldugu uchun limon elave elemesem yene eyni dadi ala bilecem?)

  7. Saturday Menu

    Salam Gunel xanim. Men limonsuz sinamamisham, amma limonun dadi keskin shekilde gelmediyi uchun mence problem olmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir