İKİQAT ŞOKOLADLI MƏRMƏR KEKS

Zebra tortunu xatırlayırsınız, bəlkə hələ də bişirirsiniz… Kakaolu və sadə keksin qarışımından əmələ gələn zolaqlar.. Şirin-şirin zolaqlar, kakaolu bişmişin ətri uşaqlıqdan bəri hələ də yadımdadır. Anam bişirirdi, adətən dairəvi olur, amma anamın qabı düzbucaqlı və böyük alüminium qab idi. Mən də sobanın başında kotlet gözləyən pişik kimi keşik çəkirdim.

İllər keçdi, böyüdüm, özüm də zebranın bənzərini edirəm, biraz təkmilləşdirilmiş halını deyə bilərəm.;) Bunun içində ikiqat şokolad var, həm ağ, həm də qara. Ağ şokoladın hesabına «sadə» hissəsi artıq sadə olmur, özünəməxsus dada sahib olur, qara şokoladlı hissəsi də kakaoludan çox daha zəngin dada malik olur. Dorie Greenspan-ın fransız mətbəxindən aldığı bu resept keksin teksturasına görə digər kekslərdən ciddi şəkildə fərqlənir.
Mərmər keksin zövqlü tərəflərindən biri də odur ki, əvvəldən içinin naxışının necə alınacağını bilmirsən və hər dəfə sürpriz kimi olur, amma önəmlisi çox qarışdırmamaqdı, hər iki keksin dadını ayrılıqda hiss etməyə imkan yaratmaqdır.

İkiqat şokoladlı mərmər keks (Double chocolate marble cake)
Standart kubik qab istifadə olunmalıdır bu resept üçün, təxmini ölçü 23smx13sm olur bu qablarda. Amma 20sm və ya 23sm diametrində qabda eynilə Zebra tortu kimi, yəni bir neçə qaşıq ağ rəngli xəmir, bir-neçə qaşıq qara rəngli xəmir töküb, bu prosesi davam etdirərək zebra kimi zolaqlı və dairəvi keks də əldə edə bilərsiniz.

Resept Dorie Greenspan-ın Baking Chez Moi kitabından adaptasiya olunmuşdur.

• 2 st. un
• 4 yumurta
• 1 1/4 ç.q. qabartma tozu
• 3/4 ç.q. incə dəniz duzu
• 170 qr. kərə yağı (otaq temperaturunda)
• 1 1/4 ç.q. vanil ekstraktı (vanil ekstraktınız yoxdursa, 1 paket şəkərli vanilin istifadə edə bilərsiz)
• 1 st. şəkər tozu
• 1/2 st. süd (120 ml)
• 110 qr. ağ şokolad (plitka şokolad nəzərdə tutulur)
• 110 qr. tünd şokolad (40%-dən 70%-ə qədər, zövqə görə seçə bilərsiniz)
Hazırlanma qaydası:

  1. Həm ağ, həm də qara şokoladınızı su hamamında əridin. Bunun üçün onları ayrı-ayrı qablara kiçik parçalara ayırıb yığırsınız. Sonra bir qazançada su qızdırırsınız, onun üzərində şokoladlar olan qabları növbə ilə qoyub, əriyənə qədər qarışdırırsınız. Bu üsula benmari deyirlər. Sonra qoyun, şokoladlar soyusunlar.
  2. Qabınızı yağlayın və unlayın, sobanızı 160Cº qızmağa qoyun.
  3. Unu, qabartma tozunu və duzu bir qabda qarışdırın.
  4. Mikserlə kərə yağını 3 dəq və ya yumşalıb, eynicinsli olana qədər çalın. Sonra şəkəri töküb, təxminən 2-3 dəqiqə qarışdırın. Yumurtaları bir-bir əlavə edin və hər yumurtadan sonra mikserlə çalın. Vanil ekstraktı və ya vanilini əlavə edin. Bu vaxt ola bilər ki, xəmiriniz biraz parçalı kimi görünsün, narahat olmayın, digər inqredientləri tökəndən sonra düzələcək. Mikserinizin sürətini artırın, un qarışımını 3 dəfəyə əlavə edin, hər dəfədən sonra qarışdırın, südü isə daha sonra 2 dəfəyə əlavə edin. Çox qarışdırmamağa diqqət edin, xəmiriniz həmcins görsənən kimi qarışdırma prosesini dayandırın.
  5. Xəmiri tam iki hissəyə ayırın, bir hissəsinin içinə spatula yardımı ilə qabın içindəki tünd şokoladı son damlasına qədər əlavə edin, digər hissəyə isə eyni şəkildə ağ şokoladı əlavə edin.
  6. Növbə ilə bir az tünd şokoladlı xəmirdən, biraz ağ şokoladlı xəmirdən unlanmış qabın içinə əlavə edin. Ən son hissəni tökdükdən sonra yağ bıçağını götürüb xəmirin içi ilə sanki ziqzaq edirsiniz kimi hərəkət etdirin, bu ziqzaqi bir-neçə dəfə təkrar edə bilərsiniz, amma çox etsəniz xəmirlər bir-birinə çox qarışıb mərmər yox, monoxrom da ola bilər. Mən bir dəfə ziqzaq etdiyim üçün, şəkildən də göründüyü kimi normadan az qarışıb xəmirlər, bu səbəbdən iki dəfə fikrimcə daha doğru olar. Eyni zamanda, dairəvidirsə qabınız yuxarıda da qeyd etdiyim kimi, Zebra tortu şəklində bir-neçə qaşıq ağ xəmir, bir-neçə qaşıq qəhvəyi xəmir töküb və bu şəkildə xəmirlərin sonuna kimi davam edə bilərsiniz.
  7. Keksinizi bişməyə qoyursunuz, 80 dəqiqə sonra diş və ya kibrit çöpü ilə yoxlayın, quru çıxırsa əgər artıq götürə bilərsiniz.
  8. 10 dəqiqə qabında soyumağına izn verin, sonra qabdan çıxara bilərsiniz.

Servis edilməsi:
Keksin teksturası o qədər gözəl olur ki, istər qalın dilim, istər nazik, istərsə sadə şəkildə, istər də dondurma və şokolad sousu ilə möhtəşəm olur.

Saxlama qaydası:
Yeməyib saxlaya bilsəniz, 4 gun üstü bağlı şəkildə problemsiz qalır.

Əslində meyvəli reseptlər planlayırdım, amma şokoladlı keksi bir-neçə oxucu xahiş elədi və mən də bu ikiqat şokoladlı mərmər keksin yüngül olduğunu nəzərə alıb seçdim. Siz də istəklərinizi bildirə bilərsiniz. Hansı reseptləri görmək istərdiniz bloqda?

Şərhlər

  1. Cheesecake reseptini sebirsizlikle gozleyirem😊 bir de vanil ekstrakti ile sekerli vanilin dadi arasinda cox ferq olur? Men hemise sekerli vanil istifade edirem, digeri hecvaxt rastima cixmayib acigi😊

  2. Saturday Menu

    Heyat, çizkeyki yaxın müddətdə hazırlayacam və paylaşacam. Bundan əlavə, vanil ekstraktı haqqında yazı yazmaq istəyirəm. Vanil ekstraktı dad etibarilə çox fərqlənir, amma əsas da odur ki, kimyəvi məhsul deyil vanilin kimi. Onu vanil çubuqları alıb evdə hazırlamaq mümkündür. Əlbəttə, bu şəkərli vanilindən xeyli bahalı üsuldur, amma məncə buna dəyər. Bu haqda geniş yazacam inşAllah.

  3. Adını tam bilmirəm,amma səhifədə şəkili olan həyat gözəldir deserti birinci ye)) şəkildəkini çox səbirsizliklə gözləyirəm mən.))

  4. Bunu bildiyimiz keks qabında bişirə bilərik? Gül formalı,ortası boşluq olanı nəzərdə tuturam. Hələki mətbəximi zəngiləşdirə bilməmişəm keks qəlibləri ilə. Yavaş-yavaş irəliləyirəm)))

  5. Şəfəq, bəli bişirə bilərsən, eyni şəkildə bir qədər bundan, bir qədər o biri xəmirdən töküb, sonra ziqzaq şəklində bıçaqla qarışdırmaq lazımdır. Çuğundurlu şokoladlı keksi deyirsən, inşAllah çuğundur mövsümündə paylaşacam onu.

  6. kakaolu olan reseptlərdə bu şəkildə şokalad istifadə etmək olar?Həm rəngini dəyişsin həm dadı daha yaxşı olsun. Kakao rəngini dəyişir amma dadı yaxşı olmur,daha doğrusu mən sevmirəm.

  7. Şəfəq, nuş olsun. Kakaolu reseptlərdə şokolad istifadə eləmək olar. Amma, gərək ingredientlərə professional baxsın, çünkü, kakao istifadə ediləndə un azaldılır, amma şokoladın tərkibində yağ və s. var. Ona görə, hər reseptdə dəyişmək doğru deyil. Daha doğrusu, şokoladlı resept tapıb birbaşa onu eləmək lazımdır.

  8. Kəsmikli resept yoxdu ki? Bir də şəkərli vanilin ancaq şirniyyatın qoxusunumu dəyişir? Şirniyyatda vanil qoxusunu sevmədiyimdən elə olur şəkərli vanilin qatmıram, dadında ciddi fərq də hiss etmirəm.

  9. Kəsmikli resept hal-hazırda bloqda yoxdur, amma gələcəkdə olacaq. Şəkərli vanilin sevmirsinizsə, istifadə etməyin, sadəcə qoxu üçündür, xəmirə təsiri yoxdur.

  10. Nuray xanım, çox heyf ki, Azərbaycanda satılmır vanil ekstraktı. Ya xaricdən sifariş etmək lazımdır, ya da vanil çubuqları alıb, spirtdə hazırlamaq lazımdır ekstraktı. Vanil çubuqları da burda kifayət qədər bahadır deyə onları da xaricdən sifariş vermək daha ucuz başa gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir