İTALYAN ÜSULU SOBADA BİŞMİŞ KÜFTƏCİKLƏR

Həm anamdan, həm qaynanamdan filan resepti jurnaldan götürdüm deyə eşidəndə qəribə hiss keçirirdim, fikirləşirdim modern sözcüklə ifadə etsək, bu nə qədər «cool» dur, jurnaldan resept götürürsən, 20-30 il mütəmadi istifadə edirsən, dəyişirsən öz ağız dadına görə, amma orijinal reseptə «xəyanət» hesab ediləcək qədər yox, bir də 1980-ci ilin ortalarında bu resepti jurnaldan götürdüm deyirsən, mənim kimiləri də baxıb cool deyir 🙂

O zamandan qərara gəldim ki, mən də jurnal yığım və bəyəndiyim reseptləri ordan götürüm, tarixə çevirim. Gəlinimə filan məsləhət verim 20 il sonra.

Son zamanlar köçhaköç prosesində isə baxdım ki, evdə olan jurnallar qalaq-qalaqdır və bu çoxluq utancverici mərhələyə gəlib çıxıb, utanmaq hissi tək çoxluğundan da deyil, bu qədər sayın qabağında jurnaldan mütəmadi istifadə etdiyim reseptlər iki əlin deyil, cəmi bir əlin barmaq sayını çətinliklə keçir. Və, qərara gəldim ki, jurnallara biraz daha diqqət göstərim. Həm bloqda, həm gündəlik bişirdiklərimdə.

Bloqda jurnallardan son yazım Dulçe de leçeli trileçe, əvvəllər paylaşdığım Minnoş pizzalardondurma resepti var, bugün isə italyanların sobada bişmiş küftəciklər reseptini paylaşacam. Bu Toğrulun ən sevdiyi yeməklərdəndir, ət sevməsə də, bu yeməkdə məcbur eləməsəm qarnir yemir, elə küftəcikləri alabaxta palıd udan kimi udur.

İtalyan üsulu sobada bişmiş küftəciklər
Bu resept BBC-nin Olive jurnalının 2015-ci il fevral sayından adaptasiya olunmuşdur və bu adaptasiya zamanı orijinal reseptə demək olar ki, xəyanət edilməmişdir 🙂

Resept 6 nəfər üçün nəzərdə tutulmuşdur.

Bu küftəcikləri ilk növbədə fərqli edən içinə qatılan ədviyyatlardır. Bu səbəbdən ədviyyatlı etməyə çalışın. Ədviyyatlar sıradan yeməkləri də fərqli etmək iqtidarındadırlar, eyni zamanda ədviyyatlı yeməklər sağlamlığa da xeyirlidir.

• 2 ağ soğan
• 5 diş sarımsaq
• 3 dəfnə yarpağı
• 600 qr. pomidor (mövsümü olmayanda yaydan tutulan pomidorlar daha məsləhətdir)
• 2 x. q. qırmızı üzüm sirkəsi və balzamik sirkə
• 2 x.q tomat
• 1 x.q tünd qəhvəyi şəkər
• 500 qr. dana qiyməsi
• 125 qr xırdalanmış ağ çörək hissəcikləri (təxminən 2 dilimdən)
• 1 yumurta
• ½ ç.q. razyana toxumları
• 1 x.q. qurudulmuş oreqano (yoxdursa, kəklikotu ilə əvəz edə bilərsiniz)
• 200 qr. mozzarella və ya kaşar (hər hansı bir əriyən pendir istifadə edə bilərsiniz)
• Zeytun yağı
• Zövqə görə duz və qarabibər

Hazırlanma qaydası:

  1. Soğanları və sarımsağı doğrayıb, zeytun yağında qızartmağa başlayırsınız. Rəngini azacıq dəyişən kimi düz yarısını orta böyüklükdə qaba tökün.
  2. Ayırdığınız soğanın üzərinə əti, çörək qırıntılarını, razyana toxumunu, qurudulmuş oreqanonu, yumurta və zövqünüzə görə duz və qarabibər əlavə edib, yaxşıca yoğurun.
  3. Tavada geri qalan soğanın üzərinə pomidoru xırdalayıb əlavə edin, daha sonra sirkəni, şəkəri, tomatı, dəfnə yarpağını da əlavə edin, 5 dəqiqə bişdikdən sonra 1 st. su əlavə edin.
  4. Başqa bir tavanı qazın üzərinə yerləşdirin, biraz zeytun yağı tökün, təxminən 20 orta böyüklükdə küftə hazırlayın, onları yüngülcə qızardın.
  5. Həm pomidorlu sousu, həm də küftəcikləri sobaya qoya biləcəyiniz qaba yerləşdirib sobaya 180C°-yə bişməyə qoyun, üzərini folqa ilə örtün.
  6. Yarım saatdan sonra üzərinə rəndələnmiş pendiri tökün, üzəriaçıq şəkildə 10-15 dəqiqəlik yenidən sobada bişirin.

Servisi: Bu yeməyin yanında qarnir olaraq makaron və ya düyü verə bilərsiniz. Sadəcə çörəklə də servis edilə bilər.

İtalyan üsulu küftəcikləriniz nuş olsun!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *