MİNNOŞ PİZZA YUMRULARI & MARİNARA SOSU

Təsəvvür edin yupyumşaq pizza, amma pizza kimi deyil, cinnamon rolls kimi görünür, fərqli və yumru. Food Network jurnalının üz qapağında gördüm və gördüyümdə heyran oldum. İlk sınaqdan keçirdik və çox bəyəndik, indi isə bağ dönəmində balaca köməkçilərimlə bir yerdə yenə də bişirdik və qətiyyətlə əmin oldum ki, bu resept bloquma layiqdir. Eyni zamanda bugün pizza üçün ideal olan italyan sosu – marinara sosun da resepti var. Əvvəllər pizza üçün hazır soslar istifadə edirdim, amma sonra evdə marinara sosunu etdikcə pizzalara, makarona ideal yaraşanın evdə bişirildiyini öyrəndim.

pizza pizza yumrular rolls

Minnoş pizza roll-lar
Bu reseptdən 9 porsiya çıxır. Kvadrat 20 və ya 23 sm-lik qab istifadə edə bilərsiniz, yoxdursa əgər, eyni böyüklükdəki dairəvi qaba da yerləşdirə bilərsiniz.

Resept Food Network jurnalının mart 2016 sayından adaptasiya olunmuşdur.

• 1 ç.q. maya
• 2 ç.q. şəkər tozu
• 1 x.q. zeytun yağı
• 2 ç.q. duz
• 2½ st. (2,5) un
• 1 st. ilıq su

• 100 qr. yarım hisə verilmiş kolbasa və ya sucuk
• Marinara sosu (hazırlanma qaydası aşağıdadır)
• 2 st. rəndələnmiş holland pendiri (kaşar, mozzarella da ola bilər)
• Balaca dəstə ağ reyhan (tapa bilməsəniz qara reyhanla da əvəz edə bilərsiniz)

Marinara sosu (bu sous həm də ideal pizza sousudur)
• 2 böyük pomidor (təxminən 400 qr.)
• 2 diş sarımsaq
• ½ orta böyüklükdə baş soğan
• Bir-neçə cəfəri (petruşka)
• 1 ç.q. quru oreqano (yoxdursa quru keklikotu və ya reyhan qurusu ilə əvəz edə bilərsiniz)
• Bir-neçə ağ reyhan
• 1 ç.q. balzamik sirkə və ya qırmızı üzüm sirkəsi
• 2 x.q. zeytun yağı
• Azacıq duz
• İstəyə görə qarabibər və ya pul bibər

Marinara sosunun hazırlanma qaydası:

  1. Kiçik doğranmış soğan və sarımsağı tavada zeytun yağında qızartmağa başlayın.
  2. Pomidoru soyub, xırda-xırda doğrayın və soğan-sarımsağın üzərinə tökün.
  3. Bir yerdə biraz bişirdikdən sonra üzərlərinə duzu, istiotu, quru oreganonu əlavə edin. Əgər başqa sevdiyiniz ədviyyat varsa da əlavə edə bilərsiniz. Mənim favoritim italyan otları qarışımıdır, bu sosa da xüsusilə yaraşır.
  4. Sonra xırda-xırda doğranmış reyhan və cəfərini əlavə edin, ən sonda sirkəni əlavə edib, qazın üzərindən götürün.

Hazırlanma qaydası:

  1. Xəmir üçün prosessoru istifadə eləmək çox əlverişlidir. 1 st. ilıq suya mayanı və şəkəri əlavə edib prosessorun içində və ya əlinizlə qarışdırın. Üzərinə yağı tökün.
  2. Sonra unu, duzu əlavə edib qarışdırın. Xəmiriniz yumşaq və ələ yapışmayan konsistensiyada alınmalıdır.
  3. Hazırladığınız xəmiri bir qaba qoyub, üzərini streç folyo ilə bağlayın. Qabı xəmiri qoymazdan əvvəl yüngülcə yağlayın ki, xəmiriniz gözlədiyi müddətdə yapışmasın.
  4. Təxminən 2-3 saat xəmirin mayalanmasını gözləyin.
  5. Bu arada sosunuzu hazırlamağa başlayın. (Sosun hazırlanma qaydası yuxarıdadır)
    2-3 saat sonra sobanızı 190Cº qızdırın. Qabımızın içinə bişirmə kağızı qoyuruq.
  6. Kolbasanı və ya sucuğu yuvarlaq doğrayıb, ortadan bölün, yarımdairə şəklində və pendirinizi rəndələyin.
  7. Xəmiri 25smX50sm düzbucaqlı şəkildə yayırıq, sonra içinə əvvəl sosumuzu çəkirik, sonra kolbasaları düzürük, üzərinə pendirin yarısını tökürük, reyhanın bir hissəsini doğrayıb əlavə edirik xəmirin üzərinə
  8. Xəmiri rulet kimi bükürük, ruleti sonra 9 hissəyə bölürük. Qabın içinə yerləşdiririk. Bişməyə qoyuruq, 20 dəqiqə sonra çıxarıb, üzərinə geri qalan pendiri töküb, yenidən bişməyə qoyuruq. 20 dəq. sonra artıq bişmiş olmalıdır.
  9. Bişdikdən sonra qabından çıxarıb, üzərinə biraz reyhan səpin.

Pizza roll-larınız nuş olsun.

Şərhlər

  1. Resepte gore tewekkur edirem.elinize sagliq.sosu demek olarki mende bele edirem.amma adinin marinara oldugunu bilmirdim.men oz zovqumce pomidoru sobada veya imkan duwerse manqalda kabab edib sonra elave edirem.ferqli dadi olur deye bilerem.))

  2. Saturday Menu

    Chox sagolun Sevinc xanim. Siz dediyiniz kimi kabab olarsa, daha da dadli olar. Menim de o cur pomidorlardan shorba reseptim var sehifede, bir gun onu da sinaqdan kechirin.

  3. Hər həftə pizza bişirən biri kimi bu resepti sevdim.Hem prezentasiya gözəldir,həm də uşaqlara uyğun minnoşdur) Təşəkkür edirem

  4. Saturday Menu

    Kamala xanım, inşAllah siz də uşaqlarınız da bəyənər. Mən də təşəkkür edirəm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *