M&Ms-li & YULAFLI PEÇENYELƏR

Başladığım pəhrizdən müəyyən qədər “nəsib”ini evdəkilərin də aldığı doğrudur, ən çox da həftəlik ritual halını almış ev şirniyyatların yoxluğunu acı-acı yaşayırlar. Keçən həftəsonu bunu biraz dəyişdirmək istədim.

Toğruldan nə istədiyini soruşanda isə əyləncəli peçenye cavabını aldım. Bəzəklə-düzəklə çox da aram olmadığı üçün əyləncəli peçenye beynimdə ciddi sual işarəsi yaratdı. Bəzəyib bəlkə də nəsə eləmək olardı düşüncəsi ilə necə rahat bəzəl əldə etmək olar fikrinə gəldim. Yulaflı yumşaq peçenyelər bişirmək və onlara da M&Ms əlavə etmək fikrinə düşdüm. Bu fikri Toğrul da çox bəyəndi və həm dadlı, həm əyləncəli peçenyeləri bərabər bişirdik. Sonra da dedi ki, bunu bütün analar bilməlidir və beləcə şəklini də çəkdik. 🙂 Bloqdan bütün analara çatdıra bilməsəm belə, bəzilərinə çatdıracağıma söz verdim.

Başqa yulaflı peçenye resepti axtarırsınızsa, bu reseptə mütləq baxın.

M&Ms-li və yulaf yarmalı peçenyelər

Bu reseptdən 16-18 ədəd 6-7 sm diametrində peçenye alınır.

• ¼ st. şəkər tozu
• ½ st. açıq qəhvəyi şəkər tozu (qəhvəyini ağ şəkərlə əvəz edəcəksinizsə, bir qədər azaldın)
• 1 st. un
• ¾ ç.q. qabartma tozu
•  ½ ç.q. duz
• 1⅔ st. yulaf yarması* (tez bişən və ya sadəcə suya qoyulması kifayət edən yulaf yarması olmamasına diqqət göstərin, onlar tez dağıldığı üçün peçenyelərdə yulafı hiss eləmək çətin olur, həm də bu cür ənənəvi olanı çox daha faydalıdır)
• 120 qr. kərə yağı
• 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, 1 paket şəkərli vanilin istifadə edə bilərsiniz)
•  ½ ç.q. darçın
• 1 böyük yumurta (otaq temperaturunda)
• ½ st. + hər peçenyenin üzərini bəzəmək üçün bir-neçə M&Ms (içində araxis olmayan, yəni qəhvəyi paketlidən istifadə etmək lazımdır, bəzən lap balaca, miniləri rast gəlir, o bu peçenye üçün daha da uyğundur.

* Yulaf yarmasını ölkəmizdə bir çox insan Qerkules adı ilə tanıyır, çünki, Sovet dönəmində yulaf yarması bu marka adı altında satılırdı.

Hazırlanma qaydası:
1. Bir qabda unu, qabartma tozunu, darçını və duzu qarışdırın.
2. Yulafları unlu qarışıma əlavə edin və qarışdırın.
3. Yağı bir qabda mikser yardımı ilə təxminən  1dəq.  yüksək sürətdə qarışdırın. İçərisinə ağ və qəhvəyi şəkər tozunu və yumurtanı əlavə edin, açıq sarı və xəfif teksturalı olana qədər  təxminən 3dəq çalın.
4. Unlu qarışımı bu qarışıma 3 dəfəyə əlavə edin, hər dəfə əlavə edtikdən sonra qarışdırın. Çox qatı xəmir alınacaq, amma bu sizi narahat etməsin. Hissə-hissə qarışdıranda hamısı rahatlıqla qarışacaq.
5. Sonda M&Ms-ləri əlavə edin və qarışdırın. Xəmiri 30 dəq. müddətinə soyuducuya yerləşdirin. (Peçenye xəmirlərini soyuducuya qoymaq mütləqdir)
6. Sobanızı 160Cº qızdırın.
7. Xəmiri 16-18 bərabər hissəyə bölün (bir peçenyenin olçüsü təxminən bir dolu xörək qaşığı qədər olur)
8. Xəmirləri bişirmə kağızı sərilmiş soba qabinin üzərinə tamamilə yumrulayaraq yerləşdirin, üzərindən basmayın. Üzərini bəzəmək üçün hər birinin üzərinə bir-neçə M&Ms yerləşdirin və içəriyə doğru onları bir qədər basın. Bişdikcə peçenye formasını özü alacaq.
9. Yerləşdirərkən ara məsafəsinin 3 sm olmasına diqqət edin. 15 dəqiqə bişirin. Kənarları qızarmış, amma ortası hələ də yumşaq görünməlidir siz götürdüyündə, 5 dəq. qabdan çıxartmayın, çıxardarkən dağıla bilər, bir qədər soyuduqdan sonra çıxara bilərsiniz.

Saxlama şəraiti və müddəti:

Otaq temperaturunda bir həftə ağzı qapalı qabda saxlaya bilərsiniz.

Şərhlər

  1. Nush olsun. Togrula da salamlar menden. Bu pechenyeni men kechen il shagirdlerimle birge etmishdim. Chox sevmishdiler.

  2. Nuray, çox sağolun. Sizə də ondan salamlar. Nə gözəl. Çox dadlıdır, şagirdlərinizin nə qədər sevindiyini təsəvvür edirəm. Nə dərsi deyirsiniz siz?

  3. Happy Birthday ! 🙂 💋👄❤💙💚💛💜💓💕💖💗💝💞💟👏🎀🎁🎂🎉🎊

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir