QAYMAQLI & POMİDORLU ŞORBA

Hər gün işdən qayıdanda nə yeyəcəyik sualını gün boyu düşünməli və sonra da hazırlamalı oluram, amma Ramazan ayında bu ritm biraz daha ağırlaşır, həm süfrələr daha dolu olmalıdır, həm gələn qonaqlar, getdiyimiz qonaqlıqlar həyatın ritmini ciddi şəkildə dəyişdirir. İftardan əlavə, sahur hazırlıqları da var. Bu ritm də tək məndə deyil, ətrafımda çox xanımın son günlər yaşadıqlarıdır. Keçən il məhz Ramazan ayında paylaşdığım közlənmiş pomidor şorbasını sınayanların hamısı çox bəyənib, hətta Ramazan deyəndə ağlıma közlənmiş pomidor supu gəldiyini yazan bloq izləyicim belə oldu. Amma bir çox xanım daha rahat başa gələcək şorba istəyir, mən də bu istəkləri nəzərə alaraq daha qısa zamanda və çox rahat başa gələn şorbamın reseptini də bölüşüm.

Qaymaqlı və pomidorlu şorba
Bu resept 4 nəfər üçün nəzərdə tutulmuşdur, ana yeməkdən əvvəl servis edilirsə, 8 nəfərə kifayət edər.

• 3 x.q. zeytun yağı (kərə yağı da istifadə edə bilərsiniz)
• 1 orta böyüklükdə soğan
• 2-3 diş sarımsaq
• 900 qr. pomidor (banka pomidor da istifadə edə bilərsiniz)
• Zövqə görə duz və qara istiot
• 1 ç.q. şəkər tozu (qəhvəyi şəkər arzuolunandır)
• 1 x.q. qırmızı üzüm sirkəsi və ya balzamik sirkə
• 1½ st. su
• 1 ç.q. qarğıdalı nişastası
• 6 qurudulmuş pomidor (opsionaldır, olmasa da olar sırasından, amma olsa dadını daha gözəl edir, əgər qurudulmuş pomidor istifadə edirsinizsə, bankanın içinin artıq qalan yağını bu şorbada istifadə edə bilərsiniz, çox daha dadli olur və ya pizza souslarında bu yağı istifadə edə bilərsiniz)
• 3 x.q. qaymaq (20%-li olanlardan)*

Əgər uzanan pendirli şorbaları sevirsinizsə, qaymağı çıxarın, əvəzinə servis olunarkən içinə türk pendiri kaşarın hər hansı bir markasından alıb tökün. Hər boşqaba 10-20 qr. arası kifayət edəcəkdir.

Servis üçün
• Sarımsaqlı çörəklər və ya daha kiçik suxarilər və ya
• Parmezan pendiri və ya
• Ağ reyhan qurusu

Hazırlanma qaydası:

  1. Soğanları doğrayırıq, bir qazana yağı töküb soğanları içində rəngini dəyişənə qədər qovururuq. Bu müddətdə sarımsağı da doğrayıb üzərinə tökürük. (Heç birini xırda doğramağa ehtiyac yoxdur, onsuz da blenderlə əziləcək)
  2. Sarımsaqlardan sonra pomidorları soyub doğrayıb əlavə edirsiniz. Pomidorları soymaq üçün isti suda saxlayın.
  3. Biraz bişirdikdən sonra üzərinə suyu əlavə edin. Əgər istifadə edirsinizsə, qurudulmuş pomidorları, duzu, şəkəri, sirkəni və qara istiotu içinə töküb, vam xodda 10 dəq. bişirin.
  4. Bu qarışımı mətbəx prosessorunun içinə töküb xırdalayın və ya əl blenderi ilə xırdalayın. Püre halındakı şorbanızın dadına baxın, ehtiyac varsa, duz və qara istiot əlavə edin, daha sonra nişastanı azacıq suda həll edib üzərinə tökün və qaynamağını gözləyin.
  5. Qaymağı yavaş-yavaş əlavə edin, hər qaşıqdan sonra dadına baxıb, qaymaq dadının özünüz istədiyiniz qədər olmasına nəzarət edə bilərsiniz. Supunuz hazırdır.

Sarımsaqlı suxariləri hazırlamaq üçün isə paketdə satılan və doğranmış çörəklərdən hər hansı birini alıb, şəkildə gördüyünüz kimi kub formalarda doğramaq lazımdır. Bir kasada zeytun yağı, iki diş sarımsaq əzməsi (əgər sarımsaq tozu varsa, bu iş üçün çox yararlıdır) və sevdiyiniz ədviyyatları (kəklikotu qurusu və ya oreqano və ya italyan otları qarışımı, istiot, və s.) qarışdırın. Çörəkləri soba qabına töküb, üzərinə hazırladığınız yağlı-sarımsaqlı qarışımı səpin, çörəkləri yaxşı-yaxşı qarışdırın ki, yağ daha çox hissəsinə yayılsın. Sobanı 180C° qızdırıb, içinə qoyun, arada qarışdırın və yanmaması üçün maksimum nəzarət edin. Təxminən 10 dəq. içində suxarikləriniz hazır olacaq.

Qaymaqlı və pomidorlu şorbanız nuş olsun!

Şərhlər

  1. Bu şorbanıda əslində çoxdan bişirmək istəyirdim, sadəcə hər dəfə nəsə fikrimden dashinirdim… Ama nehayat ki, bishirdim sənin yazdığın receptle, əla 🙂
    Spasibo 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir