AĞ REYHAN (BAZİLİK) VƏ MƏTBƏXDƏ İSTİFADƏSİ

Sosial media paylaşımlarında keçən yay ağ reyhan üçün tələb yaratmaq xətrinə lazım olmadığı günlərdə belə aldığımı yazmışdım. Bu il möcüzə baş verdi sanki, artıq tələb yaratmağa ehtiyac yoxdur. Böyük marketlərin bəziləri artıq indidən təzə ağ reyhan satmağa başlayıb. Reyhanın bu növünə aşiq olan biri kimi hər təzə reyhan gördüyümdə sanki dünyanı mənə bağışlayırlar.
Reyhanın uşaqlıqdan tanıdığımız bənövşəyi rəngli çeşidindən deyil, bu yazım sırf ağ reyhana həsr olunacaq. Açığı, mən onu bizim alışdığımız bənövşəyidən daha çox sevirəm. O da bir çox Aralıq dənizi ətirli otları kimi universaldır, çox yeməyə yaraşır və hətta bəzi şirniyyatlara da. Reyhan, latınca adını “basiliskos” sözündən alır, bunun da tərcüməsi kralsayağı deməkdir. Yəni, nə qədər dəyərli olduğu adından bəllidir.

İstifadə olunma şəkli

Təzəsi və qurudulmuşu, eyni zamanda çiçəkləri istifadə olunur.

qurudulmuş ağ reyhan

Yaraşdığı qidalar

Birinci növbədə pizza və makaron üçün fərqli soslar.. Bunlardan biri haqqında bloqda yazmışam, marinara sousu. Reseptini bu linkdən tapa bilərsiniz. Makaronla servis edəcəyiniz hər bir ət növünə, istər qiymə, istər tikə şəklində doğranmış və sotelənmiş olanlara, qurusunun suplara, məsələn mən əriştənin üzərində nanə yerinə ağ reyhan qurusu sevirəm, eyni zamanda pomidor suplarına, qarğıdalı supuna, salatların, xüsusən Yunan salatı və ona bənzər salatların souslarına çox iddialı şəkildə yaraşdığını deyə bilərəm. İtaliyada makaron xəmirində və italyansayağı küftəciklərdə, Fransada məşhur Provensal otları qarışımının içində və Pistouda, yunanların musakkasında istifadə olunur. Provensal otlarının ətləri qril edərkən istifadə olunduğu kimi reyhan qurusunu da ət marinadında istifadə edə bilərsiniz, oksidləşmədiyi və zamanla ciddi dəyişikliyə uğramadığı üçün uzunmüddətli marinadlarda özünü çox yaxşı göstərir. Rozmarin kimi reyhan qurusunu da südlə qaynadıb, kartof püresində istifadə edə bilərsiniz. Çox fərqli və gözəl dad ortaya çıxır.
Bir də ağ reyhanın ən önəmli rol oynadığı resept yaşıl pestodur. Resepti isə belədir. – iki dəstə reyhan (təxminən 40 qr), 1 diş sarımsaq, ovucun içi qədər çam fıstığı (yoxdursa əgər, rahatlıqla qoz ilə əvəz etmək olar), ¼ st. zeytun yağı, 30-40 qr. parmezan.. hamısını əzib qarışdırırsınız. Sonra istər makaron sousu kimi istifadə edə bilərsiniz, istər sandviçlərinizdə. Mən, pizza xəmirinə də sos əvəzinə çəkib, üzərinə pendir rəndələyib pizza kimi sobada bişirib, bir növ sarımsaqlı-reyhanlı çörək kimi və italyan tərzi desək Pizza Bianca (ağ pizza) kimi yeməyi çox sevirəm. Ağ reyhanın istifadəsi üçün bloqda minnoş pizzalar, italyan mətbəxindən kəsmikli ispanaqlı manikottibrusçetta reseptlərinə də baxa bilərsiniz.

Fərqli fikirlər
Çiyələkli tortu çox insan sevir, onun kreminə azacıq ağ reyhan əlavə edin və çox fərqli dad əldə edəcəksiniz. Bir də bu yay sizə şaftalılı reyhanlı keks resepti söz verirəm. Amma indidən ipucları verə bilərəm, bloqda olan Dorie Greenspan-dan möhtəşəm gavalılı-hilli keks reseptində gavalını şaftalıya, hili isə xırda-xırda doğranmış ağ reyhana dəyişsəniz iş tamamdır.
Bunlardan əlavə, göbələkli omletdə və çiyələkli cemlərinizdə sınaya bilərsiniz.

bazilik ağ reyhan mətbəxdə istifadəsi

Hardan almaq olar?
Azərbaycanca ağ reyhan, türkcə reyhan, ingiliscə basil, rus dilində bazilik dedikləri bu ətirli otun qurusunu Bağdat markasından reyhan adı ilə, eyni zamanda rus markalarından Lavkadan bazilik adı ilə ala bilərsiniz. Təzəsini yazının əvvəlində qeyd etdiyim kimi, artıq böyük marketlərdən əldə etmək mümkündür, şəhər mərkəzində keçən yay boyu bəzi kiçik marketlərdə də satırdılar. Şəkildəki kimi dibçəkdə keçən il İtaliyada almışdım, orda olduğum müddətdə istifadə eləmişdim, burada bunun kimi bazarlardan yaz ayında şitil alıb özünüz dibçəkdə əkə bilərsiniz. Payızın əvvəlindən bucür dibçəklərdə Gözəl Təbiət markasının satışa çıxaracağını eşitmişəm. Qurusunu ev şəraitində əldə etmək üçün nanə kimi quruda bilərsiniz, amma nanə qədər rahat qurumadığını, yarpaqların üst-üstə düşdükləri zaman xarab olduğunu unutmayın. Bir də sosial mediada da qeyd etdiyim kimi, qurutmaqdan daha yaxşı qorumaq üsulum var, mən yay dövründə çoxlu ağ reyhan alıb (bağda yetişdiyi dövrdə daha rahat olurdu, keçən il yetişmədi təəssüf ki), onu prosessorda xırdalayıram, sonra bolca zeytunyağı qatıram və soyuducunun buz qablarına yerləşdirirəm, bir neçə gün sonra tam donur, bu zaman o kiçik plitka şəklində olan reyhanları bir torbaya yığıb yenə də buzxanada saxlayıram, qış boyunca isə pizza və ya makaron souslarında rahatlıqla istifadə edirəm. Bu şəkildə saxlandıqda qurudulmuşdan daha dadlı, təzə reyhan dadını hiss eləmək mümkün olur.

Başqa ədviyyat və ətirli otlarla birgə istifadəsi
İtalyan otlarının və Fransız Provensal otları qarışımlarının mühüm hissələrdəndir. Hər iki qarışımın reseptini yaxın zamanda bloqda paylaşmağı düşünürəm. Oreqano ilə isə bu ikili mükəmməl olurlar, bütün yuxarıda yazdıqlarımda ikisini bir yerdə istifadə edə bilərsiniz.

P. S. Ədviyyat və ətirli otlar bölməsinin şəkillərini digər şəkillərdən fərqli olaraq özüm çəkmirəm. Bu yazıda dibçəkdəki reyhanı sadəcə özüm çəkmişəm. Amma bu halda belə onları stokdan aldığım üçün icazəsiz istifadə olunmamasını xahiş edirəm, yazı isə müəllif hüquqları ilə qorunur. İcazəsiz və bloqa aktiv link vermədən paylaşmaq olmaz, eləcə də bloqumdakı bütün yazı və reseptləri. Sosial mediadakı paylaşımlarımı oxumaq üçün #smspice həştəqi ilə axtarış verə bilərsiniz. 

Şərhlər

  1. etiraf edirəm ağ reyhanı sizinlə kəşf etmişəm. Ona qədər bənövşəyi reyhanın daha dadlı olduğunu düşünürdüm amma artıq fikrim dəyişib. Bənövşəyi reyhanı da sevirəm amma ağ qədər yox. Bənövşəyinin amma bir pis cəhəti varki rəngi çıxır))) həm yeməyə həm də salata ağ reyhanla o problemi də yaşamadım.)))

  2. Saturday Menu

    Mənə görə bənövşəyi və ağ reyhan bir-birindən çox fərqlidirlər və mənim ürəyimdə sənin kimi ağ reyhana daha çox yer var. )) Komment üçün təşəkkürlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *