Şokoladlı & moruqlu rulet – roule Marquiss

Yupyumşaq tort təsəvvür edin, rulet şəklində, içində moruqların turşməzə dadı xəfif kremlə qarışmış halda, üstü isə şokolad dadında, özü isə yağsız və çox yüngül. Adı isə Markiz ruleti )) Və bir də təsəvvür edin ki, bu gözəlliyə cəmi 30 dəqiqə vaxt ayırmanız kifayətdir.

Rulet bişirən xanımlar bilir ki, bu bişirmə prosesi necə rahat və tez başagələndir. Yaxşı tərəflərindən biri də odur ki, xüsusi qaba və ya nəsə qeyri-adi texnikaya ehtiyac yoxdur, bir mikser həm krem üçün, həm də xəmir üçün lazımdır, o da çox evdə var.

Moruğun da mövsümü bitməmiş bu ruleti dadmanızı məsləhət görürəm. Bu xəmiri siz pandispanya kimi də istifadə edə bilərsiniz.

Roulade marquis və ya Şokoladlı moruqlu rulet
Resept Caroline Bretherton-un Desserts kitabından adaptasiya olunmuşdur.

Resept əslində daha balaca qab üçün nəzərdə tutulmuşdur, amma mən sobanın 45x35sm qabında bişirdim, problem olmadı. Xəmir qatı olduğu üçün istədiyiniz qədər yaya bilərsiniz. Yəni, daha qalın edə bilərsiniz.

Xəmiri üçün
• 1/3 st. kakao (kakaonun keyfiyyətinə xüsusi diqqət verin, hər kakao yaxşı kakao deyildir təəssüf ki) + qaba səpmək üçün təxminən 1 x.q. kakao
• 1/3 st. un
• 4 yumurta
• Qaşığın ucunda azacıq duz
• 1/2 st. şəkər tozu

Kremi üçün
• 1 dolu st. qaymaq ən az 33% yağlılıqla (slivki adıyla da satılır, istifadə müddətinin sonuna uzun müddət qalmasına diqqət yetirin, çünkü çox qaldıqda kremə çevrilməsi problem olur, bir də istifadə edərkən çox soyuq olmalıdır)
• 1 ç.q. vanil ekstraktı və ya pastası, yaxud bir vanil çubuğu (yoxdursa, şəkərli vanilin tökə bilərsiniz)
• 2 x.q. pudra şəkəri (kremi daha şirin sevirsinizsə, artıq tökə bilərsiniz)
• 250 qr. təmizlənmiş moruq

Hazırlanma qaydası:

  1. 220Cº sobanızı qızdırın.
  2. Yumurtaları şəkərlə qarışdırın, mikserlə ağarıb tamam bərkiyinə qədər çırpın. Elə olmalıdır ki, mikseri çıxartdığınızda dəmir ucluq üzərində yumurta axmadan qalsın.
  3. Başqa bir qabda duzu, kakaonu, unu qarışdırın.
  4. Kakaolu qarışımı 3 dəfəyə yumurtalı qarışımın üzərinə töküb qarışdırın, yəni biraz töküb qarışdırın, sonra geri qalan hissələri tökün. Qarışdıranda spatuladan istifadə edin və çox ehmalca quru qarışımı yumurtaya yedirin ki, yumurtanın havası çıxıb, konsistensiyasını dəyişməsin. Bu mərhələdə mikserdən qəti şəkildə istifadə etmək olmaz. Bu ondan ötrüdür ki, ruletin xəmiri yumşaq və havalı alınsın.
  5. Qabınıza əvvəl bişirmə kağızı qoyun, sonra üzərini yağlayın, yağın üzərinə kakao səpin.
  6. Xəmiri qaba töküb, bişməyə qoyun. Təxminən 6-7 dəqiqə sonra rulet xəmiriniz hazır olacaq. Xəmir hazır olandan sonra iki dəqiqə soyumasını gözləyin, sonra çay dəsmalının üzərinə bişirmə kağızı ilə bərabər qoyub, rulet şəklində bükün, bunu etməsəniz soyuyandan sonra bükdüyünüzdə xəmirin qırılma ehtimalı çoxdur, əgər arada bir-neçə saat gözləməli olacaqsa belə, büküb saxlamağınız vacibdir. Bükərkən ilıq olmalıdır rulet.
  7. Qaymağı (slivki) dərin qaba tökün, üzərinə pudra şəkərini və vanili töküb mikserlə çalın. Krem şəklini alıb bərkiməlidir, dadına baxın, şirinliyi sizin üçün azdırsa, biraz daha artıq pudra şəkəri qata bilərsiniz. İngredientlərdə yazdığım kimi qaymağın istifadə müddəti və soyuqluğu yaxşı krem alınması üçün vacibdir.
    Rulet şəklində bükdüyünüz xəmiri açıb, üzərinə kənarlardan bir sm. saxlamaq şərtilə kremi yayın, üzərinə isə moruqları düzün.
    Sonra yenidən rulet şəklində bükün, üzərinə biraz kakao səpin və artıq ruletiniz hazırdır.

Saxlama qaydası
Ən çox 1 gün soyuducuda gözlədilə bilər, amma bişirildiyi gün yeyilməsi məsləhətdir. Ona görə əgər sonrakı gün hazırlamaq istəyirsinizsə, korj hissəsini rulet kimi bükülü şəkildə və kremi də ayrıca soyuducuda saxlayıb, servis etməmişdən əvvəl rulet halına gətirə bilərsiniz.
Şokoladlı moruqlu ruletiniz nuş olsun.

 

 

Şərhlər

  1. Bizim evde moruqlar eve geldikden sonra en gec 1 saata tukendiyi ucun moruq evez ciyelekle hazirladim bu ruletden. Qeseng yungul dadi vardı, esl yay üçün olan sirniyyatdi. Eminem ki moruqlusu daha dadli olar. Bir de qaymagin markasını yaza bilersiniz zehmet olmasa hansindan istifade edirsiz?

  2. Nuş olsun, çiyələklə də dadlı olar, hətta ikisi qarışıq olan reseptə də kitablardan birində rast gəlmişdim. Amma roule marquiss məhz moruqlunun adıdır. )
    Domik v derevne 33%li istifadə edirəm.

  3. Gülyaz, bizdə də eynisidir, axırıncı dəfə məcburən ikisini bişirdim )))

  4. Salam. Siz hansı kakaodan istifadə edirsiniz ? Zəhmət olmasa markasını qeyd edə bilərsiz?

  5. Nermin xanım, mən buradan alanda Raspak və ya Şedraya duşa alıram. Türk markalarına görə rəngi açıq rəngli olur, amma əslində natural olanı elə də olmalıdır.

  6. Coox gozel. Zehmet olmasa unu, kakaonu ve shekeri qramla yazarsiz ?
    Bir de “Ivanovka” adinda qatj qaymag satilir. Onda alib etmek olarmi ?

  7. Nuray, kakao 25 qr, un 50 qr, şəkər tozu isə 100 qr. Marketdə satılan, tez-tez haqqında danışdığım ölçü fincanlarını alıb işinizi rahatlada bilərsiniz. İvanovka ilə bağlı mən sınaqdan keçirməmişəm, amma qızlar sınayıblar, deyirlər bərk alındı, yaxmaq olmurdu, siz içərisinə azacıq süd qatıb çala bilərsiniz ki, bərk alınmasın. İstəsəniz, əvvəl südsüz sınayın birazını çalaraq, bərk alınsa, sonra da süd və ya azacıq adi balaca qutulardakı qaymaq (krema) qataraq sınayın.

  8. Gunel xanım, inanmıram ki, xama ilə alına, xama ilə krem olur, ona bol kərə yağı vurulur amma, bir də bu ruletə yüngül krem çox yaraşır. Xamalı olsa krem turş dad gəlmə ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir