ƏRİŞTƏLİ & KÜFTƏCİKLİ QATIQLI ŞORBA

Soyuq günlərin dərmanı olacaq şorbaların vaxtı gəlib çatıb. İki ildir ki, şorbaları sadəcə Ramazanda paylaşıram. Amma bu il özümə söz verdim ki, ara-sıra sevdiyim şorbaları paylaşım ki, Ramazan ayına tam hazırlıq görülmüş olsun, eyni zamanda qışın soyuq axşamlarında özümüzü və sevdiklərimizi isidəcək şorba reseptlərimiz bol olsun. 

Bu türk mətbəxinin dadlı-duzlu reseptlərindən biri olan küftəcikli və əriştəli qatıqlı şorba mənim və ailəmizin sevdiklərindəndir. Düzdür, çox hallarda yayla hazırlayıram, çünki, o daha tez başa gəlir, amma daha vacib günlərdə, xüsusən qonaqlarım gələndə bu şorbaya menyuda tez-tez yer verirəm. Yayla ilə oxşar cəhətləri çoxdur, qatıq və üzərinin nanəsi-kəklikotusu eyni şəkildə hazırlanır. Fərqləri isə ondan ibarətdir ki, bundakı küftə, əriştə və noxud üçlüsünün yerinə yaylada sadəcə düyü istifadə olunur.

Əriştəli və küftəcikli qatıqlı şorba
Bu resept 6 nəfər üçün nəzərdə tutulmuşdur.

Önəmli nüanslardan biri duzu ən axırda əlavə etmək və qatıqlı qarışımı tökdüyünüz an və ondan sonra tam qaynayana kimi qarışdırmaqdır. Bunlar olmasa qatığın çürümə ehtimalı ola bilər.

• 150 qr. qiymə (çox yağlı olmayan, mən mal əti istifadə edirəm, sevənlər qoyun ətindən də hazırlaya bilər)
• 1 kiçik soğan
• ½ st. quru noxud
• 1 st. əriştə (təxminən yarım stəkan undan hazırlanmış ev əriştəsi və ya ev üsulu hazır alınmış əriştə)
• 2 st. qatıq
• 4 st. su
• 2 x.q un
• 1 yumurtanın sarısı
• 4 x.q. kərə yağı
• 1½ x.q. quruldulmuş nanə
• 1 ç.q. qurudulmuş kəklikotu
• Zövqə görə duz,qara istiot və pul bibər

Hazırlanma qaydası:
1. Əvvəlcədən suya qoyduğunuz noxudu qaynamağa qoyun.
2. Soğanı xırda-xırda doğrayırıq və ya mətbəx prosessorunda xırdalayırıq. Daha sonra kərə yağında çox qızartmadan bişiririk.
3. Bişirdiyimiz soğanları, duzu və qara istiotu qiyməyə qatıb yaxşıca yoğururuq.
4. Daha sonra bir sm-lik xırda küftəciklər edirik. Şorbanı bişirəcəyiniz qaba 1 x.q. kərə yağı əlavə edib küftəcikləri yüngülvari qızardırıq.
5. Üzərinə 3 st. suyu və bişmiş noxudları əlavə edirik, vam xodda 10-15 dəq. bişiririk.
6. Başqa bir qabda qatığı, yumurtanın sarısını, unu və 1st. suyu qarışdırırıq.
7. Əriştəni qaynayan küftəcikli suyun üzərinə tökürük və dərhal sonra qatıqlı qarışımı yavaş-yavaş və digər əlimizlə də küftəcikli suyu qarışdıra-qarışdıra əlavə edirik. Şorba qaynayana qədər bulamağa davam edin.
8. Başqa bir kiçik tavaya 1 x.q. kərə yağını əlavə edib qazın üzərinə qoyun, içərisinə nanə, pul bibər və kəklikotunu əlavə edib çox az qovurun. Daha sonra bu qarışımı qazın üzərindəki şorbanın üzərinə əlavə edin və 2-3 dəqiqə qaynadın, sonra altını söndürüb içərisinə zövqə görə duz əlavə edin.

Əriştəli və küftəcikli qatıqlı şorbanız nuş olsun.

Şərhlər

  1. super/ turkiyede olanda ev eriwtesi almiwdim bir defe lobyali eriwte biwirdim yarisi qaldi fergli bir wey isdiyirdim elemeycun mutleg edecem / bu arada yayla corbasini da cox xowluyurram. ellerinize sagliq

  2. Ayten xanım, ümid edirəm bunu da bəyənərsiniz. Çox sağolun kommentiniz üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir