Albalılı & şaftalılı kobbler

Bir-neçə ildir ki, yay meyvələrinin desertlərdə nə qədər gözəl və xüsusi olduqlarını kəşv etmişəm. Və bu kəşvdən sonra hər ağlıma gələndə niyə indiyə qədər şaftalını, əriyi və ya gavalını bişirmək ağlıma gəlməmişdi deyə düşünürəm. Məsələ də ondadır ki, bizdə bölgə olaraq bu tip desertlər ta qədimdən olmayıb, mürəbbədən başqa çox meyvəni sadəcə çiy şəkildə yeyirik. Təbii ki, meyvələri canlı halda yemək çox faydalıdır, amma bəzi dadlardan niyə özümüzü məhrum etmişik və ya niyə sadəcə qoz və fındıqdan şirniyyatlar hazırlamağı düşünmüşük sualı məni narahat edir.

İndinin özündə çoxumuz şaftalının bişmiş halda necə gözəl desert olacağını bəlkə də təsəvvür etmirik, halbuki istər qrillənmiş, istər qızardılmış, istərsə də sobada bir balaca darçının əlavəsi ilə pörtmüş şaftalının dadına doymaq olmur, hələ iyini demirəm. Bişmiş şaftalı iyi hər qəlbi fəth edə bilər.

Bugün reseptini paylaşmaq istədiyin kobbler də belə desertlərdəndir. Bu autentik desertin tarixi 1800-cü illərə Amerikaya gedib çıxır, tam dəqiq desək Missisipiyə. Bura gələn ingilis əsilli müstəmləkəçilər öz pudinqlərini hazırlamaq istəyirlər, amma lazım olan inqredientlərin bəzilərini tapa bilmirlər və təzə meyvələrdən desertlər ortaya çıxır, bunlardan ən məhşurları kobbler (cobbler), krisp (crisp) və ovuntulu (crumble) desertlərdir. Kobbler desertlər içində piroqlar sinfinə daxil olsa da, forma cəhətdən çörəyi üstündə bişən qazan yeməyinə oxşayır. İlk zamanlarda şaftalı ilə bişirilsə də, sonradan ərik, gavalı, gilas, albalı və müxtəlif giləmeyvələrlə də hazırlanmağa başladı. Altı üstünə çevrilmiş piroqa oxşayır, altda meyvələr və giləmeyvələr olur, üstündə isə qalın xəmir qatı. Bu xəmirin də bir-neçə çeşidi var, biri Pate Brisee-yə çox bənzər rahat ovulan xəmirdir ki, ən dadlısı da odur (Pate Brisee məhəbbəti öz sözünü deyir).

cherry peach cobbler kobbler şaftalılı

Albalılı (vişnəli) və şaftalılı kobbler
Bu resepti 20X30 sm. genişliyində oval və ya düzbucaqlı qabda edə bilərsiniz, qabın dərinliyi ən az 7 sm. olmalıdır. Əks halda meyvələrin suyu axacaq. Ya da mənim də etdiyim kimi porsiyalar şəklində kiçik qablarda edə bilərsiniz. Bu zaman sizə 8 ədəd 10 sm diametrində, 7 sm. dərinliyi olan qablar lazım gələcək.

Resept Cenk Sönmezsoyun Cafe Fernando kitabından adaptasiya olunmuşdur.

Xəmir üçün
• 100 qr. kərə yağı (soyuq)
• 1½ st. un
• 1¾ ç.q. qabartma tozu
• ⅓ st. şəkər tozu
• ¼ ç.q. duz
• ½ st. (120 ml) krema (soyuq)

Xəmirin üzəri üçün
• 2 x.q. krema
• 1 x.q. şəkər tozu

Meyvə
• 1½ kq. şaftalı (təxminən 6 orta böyüklükdə şaftalı)
•1 x.q. limon suyu
• ½ st. şəkər + 2 x.q. şəkər tozu
• 5 x.q. buğda nişastası (başqa nişastalarla da əvəz etmək mümkündür)
• Qaşığın ucunda darçın (bu opsionaldır, sevirsinizsə, istifadə edin, sevmirsinizsə, darçınsız bişirin)

Hazırlanma qaydası:

  1. Kərə yağını fındıq böyüklüyündə kubiklərə doğrayıb buzxanaya qoyun.
  2. Sobanı 200Cº qızdırın.
  3. Unu, qabartma tozunu, şəkəri və duzu qarışdırın. Kərəyağı parçalarını unlu qarışıma bulayın, çəngəlin tərsi ilə üzərilərinə basıb hər dəfəsində qırılıb parçalan hissəcikləri yenidən unlu qarışıma yedirin, bu kərəyağı noxud boyda olana kimi bu formada qarışdırın. Kərəyağı parçaları yumşalmağa başlayıbsa qabı 10-15 dəqiqəlik qoyun buzxanaya, sonra çıxarıb üzərinə soyuq kremanı tökün. Qarışdırıb içində iri-xırda hissəciklər olan xəmir əldə edin. Məqsəd yağın içində hissə-hissə qalması, sonra isə ovulan xəmir yaratmasıdır. Mətbəx robotunuz varsa, prosesi bu yazıdakı kimi edə bilərsiniz, amma sonradan kremanı əlavə etməyi unutmayın.
  4. Xəmiri bir parça bişirmə kağızının içinə yerləşdirin, üzərinə biraz un tökün, oxlovla hündürlüyü 2,5 sm və böyüklüyü 10×20 sm olan kvadrat xəmir şəklinə salın. Sonra xəmiri elə bu şəkildə yaxşıca büküb buzxanaya qoyun.
  5. Şaftalıları soyub ikiyə bölün, tumunu çıxardıqdan sonra barmaq qalınlığında dilimlərə kəsin və bişirəcəyiniz qaba yerləşdirin, bu ya ümumi qab ola bilər, 20×30 sm ölçüsündə, ya da mənim elədiyim kimi individual 10 sm diametrində qablar ola bilər. Qabın böyük olması problem ola bilər, çünki, meyvələr bişərkən buraxdıqları suyun içində qalmaları məsləhətdir.
  6. Albalıları təmizləyib, tumlarını çıxarıb şaftalılara əlavə edin. Üzərinə limon suyu, şəkər tozu və nişastanı əlavə edib albalıları əzmədən qarışdırın.
  7. Qabı sobaya yerləşdirib, 20 dəqiqə bişirin, bişirmə müddətinin yarısında bir dəfə qarışdırın.
  8. Meyvələr bişdiyi müddətdə xəmiri buzxanadan çıxarıb, istərsəniz kvadratlar şəklində 8 yerə bölün, istəsəniz yumru peçenye kəsən ilə 8 hissə ayırın. Kvadratlar təxminən 5×5 sm olacaq, yumru olarsa 5-6 sm diametrində olacaq.
  9. Xəmirin üzərinə 2 x.q. kremanı çəkin, onun da üzərinə şəkər tozunu səpin.
  10. Meyvələr 20 dəqiqə bişdikdən sonra sobadan çıxarıb xəmir parçalarını üzərlərinə düzün, bişmə müddətinin yarısında qabınızı çevirmək şərtilə təxminən 35 dəq. bişirin.

Servisi:

Otaq temperaturunda 15 dəqiqə gözlətdikdən sonra, hələ də isti ikən, yanında vanilli dondurma ilə servis edin.

Saxlanılması:

Həmin gün içində yeyilməsi məsləhətdir.

Variantlar:

Kobbleri tək şaftalı ilə, giləməyvələrdən hər hansı biri və ya qarışığı ilə, şaftalı moruq və ya şaftalı böyürtkən ilə, ərik ilə edə bilərsiniz.

Albalılı və şaftalılı kobbleriniz nuş olsun.

Şərhlər

  1. Nazrin xanım, kagiz qablarda meyve bishmez sulandirar, həm də hündürlüyü çox olması lazımdır ki, meyvə bişəndə suyu axmasın. Mənim məsləhətim bunu şüşə qabda edin, hissə hissə yox bütün şəkildə sonra boşqablara servis edin, yanına da dondurma. Əslində bundan daha rahat olur servisi də. Mən çox vaxt elə edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir