ARMUDLU & TÜND ŞOKOLAD PARÇACIQLI KEKS

Şəkərburalar, paxlavalar bişdi, yeyildi, bayram da bitdi. Əslində şirniyyata biraz ara verməmiz lazımdır, amma mən bu armudlu şokoladlı keksi paylaşmaya bilmərəm. Çünki o qədər dadlıdır ki, onu paylaşmamaq günahdır. Smittenkitchen bloqundan götürdüyüm bu resept Amerikada məşhur italyan restoranının desert menyusundan çox sevilən keksdir, haqqında bloq sahibinin yazdığını və restoranda sınamış insanların kommentlərdəki mədhini görəndə bunu mütləq mən də sınamalıyam dedim və bişirdim. Nəticəni armud çeşidini yanlış seçməmə baxmayaraq çox və çox bəyəndim.

armudlu keks şokoladlı keks
Bloqumda olan digər şokoladlı armudlu keksdən bunun fərqi şokoladın xəmirində deyil, üzərinə səpilməsidir və onun qlütensiz, bunun isə qlütenli olmasıdır. Bu resepti özəl edən şeylərdən biri isə qəhvəyi yağdır. Nədir qəhvəyi yağ – kərə yağının qovrulmuşu deyə bilərik. Kərə yağını əritdikdən sonra vam xodda rəngini dəyişinə qədər qovurduğumuzda qəhvəyi yağ alınır, fransız mətbəxinin vazkeçilməzlərindən biridir və onlar bu yağın adını çox şairanə beurre noisette, yəni fındıq yağı adı qoymuşlar. Bunun səbəbi isə yağ qovrularkən biraz fındıq iyi kimi qoxunun gəlməsidir. Beurre noisette raviolidə, omletlərdə istifadə olunduğu kimi şirniyyatlarda da istifadə olunur. Və mənim bir dəstə qəhvəyi yağlı reseptim var və onlardan çoxunu gələcəkdə paylaşacam.

şokolad parçacıqlı keks italyan keksi
Armudlu və tünd şokolad parçacıqlı italyan keksi (Torta di Pere)
Resept smittenkitchen.com bloqundan adaptasiya olunmuşdur. Bu resepti 23 sm-lik dairəvi qabda bişirməniz lazımdır.

• 1 st. un
• 2 ç.q. qabartma tozu (1 paket)
• ¼ ç.q. duz
• 3 armud (orta böyüklükdə, balacadırlarsa 4 armud istifadə edə bilərsiniz, mən balaca sarı armudların hələ yetişməmişini istifadə etdim ki, bərk olsun, dağılmasın, amma keksin içində sərt oldular, normal, daha yetişmiş armudları istifadə edin, bloqun müəllifi bizim paslı armud da dediyimiz Bosc çeşidini məsləhət görür, dadlı armud olduğu üçün çox yaraşacaq deyə düşünürəm)
• 110 qr. kərə yağı
• ¾ st. şəkər tozu
• 3 yumurta (otaq temperaturunda)
• ¾ st. parçalanmış şokoladlar (tünd şokolad məsləhət görülür)

Servisi üçün
• Qaymaqlı krem və ya vanilli dondurma (məncə ikisindən biri mütləqdir, yanında belə əlavə ilə keksiniz daha dekadent, daha fərqli səviyyədə olacaqdır)

Hazırlanma qaydası:
1. Armudları soyub, 1 sm-dən də kiçik, kvadrat parçacıqlar şəklində doğrayın, şokoladınız plitkadırsa, onu da doğrayıb armuda əlavə edin. Damlacıqlardırsa, birbaşa armudlara əlavə edin.
2. Unu, qabartma tozunu və duzu bir-biri ilə qarışdırın.
3. Başqa bir qabda yumurtaları mikser yardımı ilə solğunlaşıb, tamam qatılaşana qədər çalın, bu ən yüksək sürətdə təxminən 8-9 dəqiqə vaxtınızı alacaq.
4. Sobanı 175Cº qızmağa qoyun.
5. Bir balaca qazançaya yağı qoyub qazın üstünə qoyun (qazança dərin olmalıdır ki, yağ köpüklənəndə daşmasın), yağı vam xodda 6-8 dəqiqə qovurun, iyi dəyişib, biraz fındıq kimi qoxu verməli, rəngi isə qəhvəyiləşməlidir, içindəki tortası isə qaralacaq. Köpük çoxdursa, qaşıqla aralayıb, yağın rəngini kontrol edin. Yağ hazır olduqda qazın üzərindən götürüb çox soyuq olmayan yerə qoyun. Keks xəmirinə əlavə olunduqda biraz ilıq olmalıdır.
6. Yumurtaların üzərinə şəkəri əlavə edib biraz da qarışdırın. Yumurtaların həcminin azaldığını gördüyünüzdə üzərinə unu və qəhvəyi yağı tökün, bu prosesi hissə-hissə eləmək lazımdır, unun üçdə birini və yağın üçdə birini töküb qarışdırın, qarışdıranda ehtiyatlı olun ki, yumurtaların havasını çıxartmayasınız. Unun və yağın geri qalanını da bu şəkildə əlavə edin.
7. Xəmiri əvvəlcədən yağlayıb və unladığınız qaba töküb, üzərinə də şokolad və armud parçacıqlarını əlavə edin. Onu bütün xəmirin üzəri boyu yayın (şəkildəki kimi). Armudlu-şokoladlı hissə bişərkən ya bütövlükdə, ya da mənim bişirdiyim kimi bir hissəsi xəmirin altında qalır.
8. Keksi sobaya bişmək üçün qoyun. Təxminən 50 dəq. üzəri qızarana və xəmirə batırdığınız diş çöpü təmiz çıxana kimi bişirin. (mən də 50 dəq-dan artıq çəkdi bu proses)

Servisi:
Yanında qaymaqlı krem və ya dondurma ilə servis edin. Qaymaqlı kremi 33%li kremi çalıb, içinə zövqünüzə görə şəkər pudrası və vanil əlavə edərək hazırlaya bilərsiniz. Və ya hazır dezodorant kimi qablarda olan çalınmış kremdən istifadə edə bilərsiniz. Dondurmanı isə evdə hazırlamaq istəsəniz bu linkə müraciət edin. Bu arada mən bayramlarda ev dondurmasının siftəsini edərək həm bananlı, həm də karamelli dondurmalar hazırladım. Çox məsləhətdir. )

Saxlama şəraiti:
Gün içində yeyilməsi məsləhətdir. Otaq temperaturunda saxlayın.
Armudlu və şokolad parçacıqlı keksiniz nuş olsun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *