BANANLI & ŞOKOLAD PARÇACIQLI MAFFİNLƏR

Bu yazını xüsusi olaraq, Mətbəx sirrləri və Azerbaydjanskaya kuxnya qruplarındakı xanımlara ithaf edirəm. Hər iki qrupun adminləri Günay xanıma və Kübra xanıma göstərdikləri dəstək üçün dərin minnətdarlığımı bildirirəm.


Cenk Sönmezsoyun dili ilə desək maffin tənbəl işidir. Tez-tələsik hazırlanan keksciklər.. Qarışdırma ardıcıllığı və yağ miqdarı fərqli olduğu üçün o, keks konsistensiyasında deyil, amma yaxşı tərəfi budur ki, qəhvəaltı və ya branç üçün hazırlanırsa, daha tez müddətdə bişirilir. Çünki, keksdən fərqli olaraq bütün xəmiri bir qabda, hətta sadəcə mətbəx prosessorunun içində etmək mümkündür. Keksdə şəkər tozundan başqa bütün qurular ayrı, bütün yaşlar ayrı qatılıb qarışdırılırsa, maffində sadəcə bir-birinin üzərinə tökülür.

Bugünkü yazımın qəhrəmanı bananlı və şokoladlı maffinlərdir.

Banan və şokolad parçacıqlı maffinlər
Bu reseptdən 12 ədəd maffin hazırlanır.

• 2 st.un
• 1 ç.q. qabartma tozu
• 1 st. şəkər tozu
• 1 st. kefir (kefiriniz yoxdursa, reseptdən sonra süddən necə kefir hazırlamaq olar haqqında yazıya diqqət yetirin)
• 2 yumurta
• Azacııq duz
• 1 st. əzilmiş banan (təxminən 2 böyük banandan bir st. əzilmiş banan əmələ gəlir, bananın yetişmiş olmasına diqqət yetirin, yetişməyən bananla hazırlanan desertlər dadsız olur)
• 120 qr. şokolad parçacıqları (mən şokolad damlalarını sevmədiyim üçün, plitka şokoladı doğrayaraq istifadə edirəm, siz hər ikisindən istifadə edə bilərsiniz)
• ¼ st. bitki yağı (neytral dadda olmalıdır)
• 2 ç.q. vanil ekstraktı (yoxdursa, 1 paket şəkərli vanilinlə əvəz edə bilərsiniz)
• Üzəri üçün azacıq şəkər pudrası

Hazırlanma qaydası:
1. Sobanı 180Cº qızdırın.
2. Unu, şəkər tozunu, qabartma tozunu, yumurtaları, yağı, vanili, duzu və kefiri geniş bir qabda və ya prosessorun içində qarışdırın.
3. Qarışımın içinə əzilmiş bananı və şokolad parçacıqlarını tökün.
4. Maffin qablarını yağlayın və unlayın. Xəmiri qabların ¾-ünü tutacaq şəkildə 12 qaba ayırın.
5. Xəmirdən artıq qalıbsa, üzərlərini hamısı eyni səviyyədə olmaq şərtilə doldurmaqdan çəkinməyin.
6. Təxminən 30-40 dəqiqəyə bişməlidir. Kibrit çöpü ilə yoxlayın, təmiz çıxırsa, o zaman bişmişdir.
Üzərini şəkər tozu ilə bəzəyin.

Servisi:
Otaq temperaturunda servis edin, isti olanda içi nəmli olur.

Saxlanma qaydası:
Üstü qapalı və ya streç folqa ilə sarılı şəkildə 2 gün müddətində saxlaya bilərsiz.

Bonus olaraq, süddən necə kefir hazırlamaq olar reseptini sizlə paylaşım. Kefir hər zaman evdə olmur, amma süd daha sıx rast gəlir, ona görə bu reseptə ehtiyacımız olur. Bir st. kefir üçün bir st. südə 1 x.q. sıxılmış limon suyu və ya 1 x.q. ağ üzüm sirkəsi tökün, yaxşı qarışdırın, 10 dəqiqə saxlayın, kefiriniz hazırdır. Təcrübələrimdən deyə bilərəm ki, üzüm sirkəsi ilə daha uğurlu alınır.

Şokolad parçacıqlı və bananlı maffinləriniz nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *