BİBƏRİYYƏ (ROZMARİN) NƏDİR?

Ədviyyatlar haqqında sosial mediada bir müddətdir ki, kiçik postlar yazıram. İzləyicilərin bəzilərinin məsləhəti ilə o postları biraz-biraz toplayıb bloqda da paylaşacam. Rəylərinizi, fikirlərinizi də gözləyəcəm. Səssiz qalmayın, çünki, siz səssiz qalmadıqca, biz bloqqerlər də əməklərimizin boşa getmədiyini öyrənmiş oluruq, bu da şəxsən mənim üçün əvəzolunmaz motivasiyadır.

Postlarda ilk bibəriyyə və ya daha yayılmış adı rozmarin olan ətirli otlardan başlamışdım. Burada da eynisini edəcəm.

Rozmarin, azərbaycanca adı bibəriyyə, türkcə biberiye, ingiliscə rosemary, nanə ailəsinin ən ətirli üzvlərindən biridir, dadında acı və isti notlar var, biraz iynəyarpaqlı ağacların spesifik iyinə və dadına bənzəyir. Rozmarinin adının mənası dəniz şehidir. (Ros and marinus) Aralıq dənizi ətrafında yayğın olduğu üçün bu ad verilib. Xəzər dənizinin də sahillərində rast gəlinir, hətta Bakıda dənizə yaxın evlərin həyətlərində yabanı şəkildə bitir. O, çox qədimdən istifadə olunan bitkilərdəndir, adı miflərdə belə keçir.

Rozmarinin həm təzəsini, həm qurusunu, həm də üyüdülmüşünü istifadə edirlər. Üyüdülmüşünü heç sevmədiyim üçün məsləhət vermirəm. Qurusunu indi bir çox marketlərdə Lavka və Bağdat kimi markalardan əldə etmək mümkündür, canlısı isə dibçəkli halı ilə bazarlarda və instagram səhifələrində satılır.

ədviyyatlar bibəriyyə nədir

Yaraşdığı qidalar
Klassik olaraq yaraşdığı dadlar quzu əti, mal əti və əlbəttə ki, kartofdur. Sarımsaqla ikili şəklində mükəmməl olur. Kartof qızartmasında və ya kartof qratenində mütləq istifadə edib dadına baxmalısınız. Qrillənmiş və ya qızarmış ətlərə çox yaraşır, İstər quzu, mal ətinin (steyk üçün və başqa qızartmalar üçün), istər də sobada bişirəcəyiniz hinduşka, qaz ətinin marinadında istifadə edin. Rozmarinin klassik istifadələrindən biri isə çörəkləri dadlandırmaq üçündür, xüsusən italyan çörəkləri fokaççia, panmarinoya çox yaraşır bibəriyyə. Bu arada Panmarino çörəyi resepti üçün bloquma müraciət edə bilərsiniz. Bu ətirli çörəyin dadını unutmaq olmur. Rozmarini fransız üsulu şəkərli xəmirlərdə də istifadə edib ətirli peçenyelər bişirirlər.

Fərqli fikirlər
Rozmarini çox rahatlıqla kartof qızartmasında istifadə edin, bundan əlavə kartof püresinə əlavə edib fərqli dad əldə edə bilərsiniz. Bunun üçün südün içində təxminən 5-10 dəqiqə az xodda qaynadıb, süzüb o südlə kartof püresi hazırlayın. Püreyə bir-iki diş sarımsaq da vursanız yaxın aləmin ən böyük püre ustası siz olacaqsınız 🙂
Ikinci fərqli fikir isə, sadə kapkeyk xəmirinə rozmarini xırdalayıb əlavə edin, üzərinə də limonlu krem eləsəniz, çox fərqli və dekadent bir desert əldə etmiş olacaqsınız.
Fərqli fikirlərdən biri kök keksində istifadə etməkdir, amma onu hələ özüm sınaqdan keçirməmişəm, sınaqdan keçirib bəyənəndə resepti ilə birlikdə paylaşaram.

Sağlamlığa faydaları
Dadının xoşagəlimliyindən başqa, rozmarinin sağlamlığa müsbət təsirləri çoxdur. Əhval-ruhiyyəni artırır, qanın laxtalanmasını azaldır, nəfəsi təmizlədir, iltihabi prosesləri zəiflədir, beynin daha aydın olmasına kömək edir. Antibakterial xüsusiyyətləri yağını üz maskalarında istifadəsi üçün yararlı edir, eyni zamanda yağını alıb saçlarınız tez uzanması üçün saç maskası edə bilərsiniz.

Başqa ədviyyat və ətirli otlarla birgə istifadəsi
Digər Aralıq dənizi otlarına (mərcanköşk, oreqano, kəklikotu və ağ reyhan) çox yaraşır, hətta onlarla birgə İtalyan otları qarışımını təşkil edir, bunlardan əlavə xaşxaşla, sarı xardalla, qarabibərlə istifadəsi çox uyğundur. Eyni zamanda, fransızların Qarni buketi və Provansal otları adlandırdıqları 2 ədviyyat qarışımının vacib hissələrindəndir.

P. S. Ədviyyat və ətirli otlar bölməsinin şəkillərini digər şəkillərdən fərqli olaraq özüm çəkməyəcəm. Amma bu halda belə onları stokdan aldığım üçün icazəsiz istifadə olunmamasını xahiş edirəm, yazı isə müəllif hüquqları ilə qorunur. İcazəsiz və bloqa aktiv link vermədən paylaşmaq olmaz.

Şərhlər

  1. Tural Qasımov

    Salam Aygün xanım. Təşəkkürlər ətraflı məlumatlandırdığınız üçün. Mənə həmişə maraqlı gəlmişdi bu ot. Ətraflı məlumatlandım. Sizdən bir xahişim vaxtınız olanda kəklikotu mövzusunada toxunarsız.

  2. Çox sağolun Tural bəy. Kəklikotu haqqında mütləq yazacam gələcək yazılarımda.

  3. Konul xanım, kommentiniz üçün sağolun. Siz hansı bölgədənsiniz? Facebookda Naxçıvandan olan xanım yazmışdı mərzə onlarda bibəriyyə olduğunu.

  4. Maraqlı və ən əsası savadlı yazıdır. Belə yazıları gördükdə sizin kimi qoçaq insanlara heyranlığım daha da artır 🙂

  5. Çox təşəkkür edirəm Gülnar xanım. Məni də bucür kommentlər çox sevindirir. Sağolun ki, yazırsınız, ruhlandırırsınız.

  6. Salam canim Saturday menu😘qarsindakinn ugurun giymetlendirmek adekvatlig ve cesaret ister,xususende kolleqa olduqda,Sema_Selcandi yazan instagrmdan,Sen mene blogunu onerende ilk sozum bu olduki axirki Azerbaycanda ostediyim kulinariyaya elm kimi yanasan insan gordum,canim menim Allah var elesin seni,ugurlar sene,halallig ver,blogundaki melumatlardan kitabimda geyd eedecem reseptleride sinayacam,is yerimde rozmarin var imjs men hec fikir vermemisemki bu rozmarindi,onla tanis olandan maragli geldiki arasdirim,hemiseki kimi meqalen konlumu oxsadi,terif demezdim buna ama zehmeti giymetlendirmek elebilirem mutleg lazimdir ruhun yukselisine,in sa Allah kitabimi nesr eletdirsem toplantisina seniutleg cagiracam gismet olsun😘😘😘😘

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir