QIZARDILMIŞ ÇÖRƏKLİ & PƏRPƏTÖYÜNLÜ SALAT

Bəzi qidaların, xüsusilə də xeyirli olanların trenddə olması məni çox sevindirir, əvvəl qulançar və ya pərpətöyün satışda tapılmırdı, indi isə daha tez-tez rast gəlmək mümkündür, hətta son günlər pərpətöyünü bir-çox marketdə də görürəm. Sosial mediada anamın Zaqatalalı olduğunu və otlarla tanışlığımın daha yeni olduğunu yazdım, qəribə bir rezonans doğurdu. Bütün Zaqatalalılar kimi biz daha çox xəmir, ət və maqaş yeyərdik, fərqli otlardan isə uşaqlıqdan davam edən tanışlığım sadəcə gicitkanladır, onu da normalın üstündə bir məhəbbətlə sevirəm. Ailə qurduğum tərəf Qarabağlı olduğu üçün otları bir müddətdir ki, tanıyıram və bişirirəm, xüsusilə əməköməcini çox istifadə edirəm.

Son zamanlar pərpətöyünlə bağlı fərqli informasiyalar aldığım üçün onu araşdırmağa başladım. Məlum oldu ki, bildiyimiz bu alaq otu tipində olan, yabanı şəkildə çox yerdə bitən bitki əslində vitamin bombasıdır və ən əsası çox vacib olan Omega 3 ilə zəngindir. Omega 3-dən əlavə, vitamin A, C, manqan, maqnezium, B qrupu vitaminləri, dəmir və başqa mineral-vitaminlərlə zəngin pərpətöyün qan sirkulyasiyasını yaxşılaşdırmaq üçün, uşaqların beyin inkişafı üçün, xolestorol səviyyəsini azaltmaq üçün çox işə yaraya bilər. Bunu öyrəndikdən sonra ilk işim onu çiy, bu vitaminləri və Omeganı maksimum qoruyaraq necə yeyə bilərik sualıdır, Azərbaycanda, xüsusilə Qarabağda daha çox bişirilmiş yeyilməsinə baxmayaraq türk-yunan mətbəxində çiy şəkildə çox istifadə olunur. Türkcəsi semizotu olan pərpətöyünlə əsasən Türkiyədə balıqçılarda qatıqlı məzələr tapmaq mümkündür, hazırlanması isə çox sadədir. Bir dəstə pərpətöyün, bir kasa qatıq, bir-iki diş sarımsaq, bəzən üzərinə pul bibərli zeytun yağı da əlavə olunur.

Axtarış içində çox bəyəndiyim türk-yunan mətbəxi kitablarından biri Oklavada başqa bir pərpətöyünlü salat resepti tapdım, hazırladım, uşaqlı-böyüklü hər kəs bəyəndiyi üçün sizlərlə də paylaşmağı düşündüm. Oklava Londonda eyni adlı restoran sahibi Selin Kazımın müəllifliyi ilə yazılmış möhtəşəm kitabdır. Londona yolum düşərsə, bu kitabdan sonra Oklava restoranını mütləq axtaracam deyə bilərəm. Bu kitabdan isə bol-bol resept paylaşmağı düşünürəm. Hətta ən yaxın gələcəkdə biri daha olacaq deyə bilərəm.

Bugün paylaşacağım çörəkli və pərpətöyünlü salat təkbaşına çox doyurucu və ləzzətli olması ilə yanaşı, balıq menyusuna xüsusi yaraşar.

Çörəkli və pərpətöyünlü salat
Bu resept Selin Kiazimın “Oklava: Recipes from a Turkish-Cypriot kitchen” kitabından adaptasiya olunmuşdur. 

• 400 qr. çörək (kəpəkli və ədviyyatlı çörəklər daha da qəşəng olur bu reseptdə)
• 8 x.q. zeytun yağı
• 2-3 orta böyüklükdə pomidor
• 1 baş soğan (mən bu tip salatlara qırmızı soğan tökürəm, onun acısı az olur)
• 1 böyük dəstə pərpətöyün (əgər qalın zoğları varsa, onları bölüb nazikləşdirin)
• 2 bibər (acı sevirsinizsə, acısını da istifadə edə bilərsiniz)
• 1 böyük dəstə nanə (qalın zoğlarını ayırıb, özünü isə doğrayın)
• 1 dəstə cəfəri (petruşka)
• 2 x.q. qırmızı üzüm sirkəsi (sevdiyiniz hər hansı başqa sirkə də ola bilər)
• Zövqə görə duz və qara istiot

Hazırlanma qaydası:
1. Sobanı 175Cº qızdırın. Çörəyi təxminən 2-3 sm. böyüklüyündə doğrayıb, üzərinə 4 x.q. zeytun yağına azacıq duz əlavə edib tökün, yaxşı-yaxşı qarışdırın (mən sarımsaqlı çörəklərdə istifadə etdiyim kimi bu yağa da bir diş sarımsaq əlavə edirəm). Sonra təxminən 15 dəq. yaxşı quruyanadək qızardın, arada qarışdırın.
2. Soğanı halqa-halqa doğrayıb böyük (salatı hazırlayacağınız) qaba qoyun, üzərinə sirkəni əlavə edin. Pomidorları, bibəri, cəfəri, nanə və pərpətöyünü doğrayıb üzərinə əlavə edin.
3. Soyumuş çörəkləri və duz qara istiotu və yerdə qalan zeytun yağını əlavə edin. Zeytun yağını istədiyiniz qədər, öz zövqünüzə müvafiq əlavə edə bilərsiniz.

Servisi:

Dərhal servis edilməsi lazımdır.

Çörəkli və pərpətöyünlü salatınız nuş olsun. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir