Cirə – arada ona həyatımın ən böyük konfuzlarından deyirəm. Rus dilində zira dedikləri üçün israrla ona ana dilimizdə də zirə deyirdim, çox yeni öyrəndim ki, əslində cirədir. Rus dilində зира, индийский тмин, ажгон, кумин, Azərbaycan dilində cirə, türkcə kimyon, ingiliscə cumin dedikləri bu ədviyyat ən sevimli ədviyyatlarımın da başında gəlir. Vətəni Hindistan olan bu bitki adını da orda almışdır.. Jeera.. Amma indi bizə yaxın bölgələr, Türkiyə və ölkəmizdə yetişdirildiyi üçün biz bu bölgələrin cirəsini istifadə edirik. Bölgənin torpağından asılı olaraq bu tərəflərin cirəsi Hindistan cirəsindən dadı ilə fərqlənir.
İstifadə olunma şəkli
Qurudulmuş toxumları, istər bütöv, istərsə də üyüdülmüş şəkildə istifadə olunur.
Yaraşdığı qidalar
Orta Şərq və hind yeməklərinə çox yaraşır. Birinci növbədə, köftələrə və lahmacuna özəl dad verir, humus və kısıra çox yaraşır, quzu əti olan yeməklərdə, tərəvəzli-ətli, xüsusən də badımcan-qiymə ikilisinə çox yaraşır. Özbək yeməklərindən dəmləmə (altdan ət düzülür, üstündən tərəvəzlər və vam xodda bişirilir), özbək plovu, fars mətbəxindən quzu və toyuq büryanilərə, mərakəş mətbəxindən tərəvəzli toyuqlu və tərəvəzli ətli tadjinlərə mükəmməl yaraşır. Cirə Əndəlüs torpaqlarından isə ərəblər vasitəsilə İspaniyaya yayılıb, məsələn onların soyuq şorbası qaspaçoya cirə toxumları oriqinal reseptlərində əlavə edirlər, mən də bu pomidorlu şorbanı cirəli halı ilə çox sevirəm. Bu rəngarəngliyin içində bizim qoğala da çox yaraşdığını qeyd etməliyəm. Sosial mediada bu postu paylaşdığımda fərqli kommentlər aldım, məsləhətlər içində xəngəl və gül kələminə də əlavə etmək vardı, məncə də hər ikisinə yaraşar. Dəyərli məsləhətlər üçün izləyicilərə təşəkkür edirəm.
Fərqli fikirlər
Köftə və tərəvəzin yanında bərabər yeyilməsi üçün qatıqlı sos hazırlayıb, içərisinə azacıq üyüdülmüş cirə, biraz limon suyu, biraz da zeytun yağı və duz töküb qarışdırın, bu sosla köftələriniz daha da dadlı olacaq.
Qrillənmiş quzu ətində istifadə edin, bir də Dijon xardalı toxumlarına cirə toxumları qatıb dana əti üçün marinad düzəldə bilərsiniz. Ən əsası, mənim bloqumdan möhtəşəm fatayerləri sınaqdan keçirin. Resept bu linkdədir. Xəmirindəki kimyon toxumları fərqli ətir qatır bu kökəciklərə, əlbəttə ətindəki ədviyyatların da yeri ayrıdır.
Sağlamlığa faydaları
Cirə eramizdan 5000 il əvvəl nəinki yeməklərdə və tibbdə, hətta Misirdə insan mumiyalamaq üçün istifadə olunurmuş. Tibbdə isə cirə qan azlığında, nəfəs darlığında, immun sistemini qorumaq üçün və hətta afrodiziaklar kimi istifadə olunur. Bir də ən sevdiyim xüsusiyyəti göbələk əleyhinə istifadə olunmasıdır, bu səbəbdən ağciyərlərdə göbələk xəstəliyi olanda inqalyasiya üçün də cirənin efir yağları istifadə olunur.
Cirəni hindlilər, daha doğrusu ayurveda ilə məşğul olanlar suya əlavə edərək, gündəlik içki kimi qəbul edirlər. Jeera pani dedikləri bu suyun resepti çox sadədir, 2 st. suya bir qaşıq cirə toxumu əlavə edib 5 dəq. qaynadırlar, süzüb içinə 1 ç.q. bal əlavə edirlər və gün ərzində içki kimi qəbul edirlər. Jeera pani çəkini azaltmağa, immun sistemini qorumağa, xərçəngdən qorunmağa, mədə-bağırsaq sisteminə müsbət təsirə xidmət edir.
Başqa ədviyyat və ətirli otlarla birgə istifadəsi
Razyana, darçın, kişniş toxumu, hillə bir-birlərinə çox yaraşırlar. Bizim qoğalın içindəki razyana ilə ansamblı unudulmaz dadlardandır.
Hardan almaq olar?
Cirəni tapmaq rahatdır, fərqləndirmək çətin. Cirə toxumlarını zirədən ayıran ilk növbədə rəngidir, cirənin yaşılımtıl bozla qəhvəyi qarışığı rəngi var, zirə də isə daha qaraya azacıq çalan soyuq boz rəngdir. Amma onları ayırmaq üçün əsas metod daddır, məsləhətim bir dəfə kimyon adı ilə alıb, dadını öyrənmək, sonra orientir olaraq o dadı istifadə etməkdir. Rus markalarından Lavkada zira və kumin adı ilə, türk markalarından Arifoğlu və Bağdatda kimyon adı ilə, Azərbaycan markaların hamısında cirə adı ilə ala bilərsiniz.
Hansı ədviyyatlar sizi maraqlandırırsa, bura yazın. Onun haqqında gələn yazılarda bildiklərimi bölüşüm.
P. S. Ədviyyat və ətirli otlar bölməsinin şəkillərini digər şəkillərdən fərqli olaraq özüm çəkməyəcəm. Amma bu halda belə onları stokdan aldığım üçün icazəsiz istifadə olunmamasını xahiş edirəm, yazı isə müəllif hüquqları ilə qorunur. İcazəsiz və bloqa aktiv link vermədən paylaşmaq olmaz.
Pingback: NARLI & KÜFTƏCİKLİ ŞORBA (ASH-E ANAR) | SaturdayMenu
Tarlan Chigniyev (Spiceman)
Cirəni üyüdmədən qabaq mən də sizin kimi düşünürdüm, cirə elə kimyondur ki, deyirdim, sonra anladım ki, kimyon bir az fərqlidir, bəli orda cirə var, amma məncə türklər ora nəsə qatırlar cirədən də əlavə. İstəsəz bir gün özünüz imkan olsa cirəni kofemolkada üyüdün və kimyonla müqayisə edin.
Yazı üçün təşəkkürlər.
Saturday Menu
Tarlan bəy, hər torpağın verdiyi bir dad var, məsələn oreqano, bizdə tamam başqa dadda olur, Aralıq dənizi sahilində bitəndə başqa dad. Türklərin roka dediyi bitkini mən dəfələrlə əkdim, toxumunu ordan alırdım, burada amma acı tərə dadı verirdi. Cirəni üyütmüşəm, yüngül fərq var, amma eyni bitkidir, bəzən Amerikadan alıram, onun da dadı bir başqadır. Bucür fərqlər normaldır.
Bənövşə
Çox təşəkkürlər əla təsir göstərdi.??
Saturday Menu
Çox sağolun, bəyənmənizə sevindim.
Elnura
Salamlar bizdəki razyanadan fərqlidir hə cirə? razyananin turkce adi nedir bilmirsiz?
Saturday Menu
Yəqin ki gecdir cavab üçün, spam səhifəyə o qədər gəlir ki, normal kommentlər itir arada. Üzrlü hesab edin. Rezenedi türkcə, bəli çox fərqlidirlər. Razyana şüyüdə daha yaxın qohumdur ?