DREZDEN ŞƏKƏR KEKSİ (ZUCKERKUCHEN)

Çörəklər, kekslər və başqa şirin bişmişlər tək alman mətbəxinin deyil, həm də mədəniyyətinin simvollarıdır. Xatırlamıram harada olduğunu, amma bir yerlərdə oxumuşdum ki, evindən uzaqda olan almandan ən çox nə üçün darıxırsan soruşulduğunda pivədən də əvvəl alman çörəyi üçün deyir. Bu çörəklər və başqa mayalı bişmişlər dünya mətbəxinə çox ciddi təsir göstərmişlər. Bir sözlə, Unesco boşuna alman çörəyini Qeyri-Maddi Mədəni İrs (Intangible Cultural Heritage) siyahısında olmağa layiq görməyib. Bu arada italyanlar hələ də o siyahıya öz pizzalarını sala bilməyiblər. Çörəklərdən əlavə, bugünkü kekslərin və tortların tarixinə diqqət etsək, onların yaranmasında və bugünkü halını almasında 18-ci əsr alman mətbəxinin rolu böyükdür, hətta indiki tortların ulu babasının məhz alman olduğunu söyləyə bilərəm.

Bugün paylaşacağım keks resepti də Alman mətbəxinə aiddir, onların zuckerkuchen (şəkər keksi) deyilən keksin bir formasıdır. Orijinal keks reseptində ədviyyat olmasa da, hal-hazırda bu keksi çox hallarda darçınlı bişirirlər, amma mənə görə orijinallı,yəni ədviyyatsız halı kərə yağının dadını ön plana çıxardığı üçün modern halından çox daha gözəldir.

alman keksi nece bişirilir

Drezden şəkər keksi
Resept Christian Hümbs-ün «Bake to impress» kitabından adaptasiya olunmuşdur. 23-28 sm diametrində qab üçün nəzərdə tutulmuşdur. (mən 28 sm-lik qabı seçdim, çünki, onda xəmiri daha nazik olur və üstünün xırçıldayan hissəsi daha çox olmuş olur)

• ½ st. süd
• 1½ ç.q aktiv maya
• 3 x.q şəkər tozu
• ½ ç.q duz
• 1¾ st. un
• 40 qr. kərə yağı (otaq temperaturunda)

Şəkərli üst qat üçün:
• 180 qr. kərə yağı
• 2 yumurta
• ⅓ st. un
• ¾ st. + 2 xq. şəkər tozu

Hazırlanma qaydası:
1. Südü ilıq olana qədər isidin, mayanı içinə əlavə edin.
2. Un, duz, yağı südlü qarışımla qarışdırın üzərini streç folyo ilə örtüb 30 dəqiqə mayalanmağa qoyun.
3. Əvvəlcədən yağladığınız qabın içərisinə xəmiri yerləşdirin (onun səthinin düz olması üçün əlinizlə və ya oxlovla düzləşdirə bilərsiniz) 30 dəqiqə daha mayalanmaq üçün qoyun.
4. Sobanı 190˚C qızmağa qoyun.
5. Şəkərli qarışımı düzətmək üçün bir qabda aşağı temperaturda yağı yavaş-yavaş əritməyə başlayın, ərinmiş yağı qazın üzərindən götürüb istiliyini kontrol edin, əgər çox isti deyilsə, içinə yumurtaları, şəkəri və unu töküb həmcins olana qədər qarışdırın.
6. Qabın içərisinə yerləşdirilmiş xəmirin üzərinə şəkərli qarışımı yayın və səthini hamarlayın. 25 dəqiqə üstü qızılı qəhvəyi olana qədər bişirin. Biraz soyumasını gözləyib qabdan çıxarın. Keksiniz hazırdır.

Saxlanma qaydası:
Bişdiyi gün yeyilməsi məsləhətdir.
Drezden şəkər keksiniz nuş olsun!

Qeyd: Şəkillərin və yazının müəlliflik hüququ mənə aiddir, mənbəyə istinad vermədən istifadə olunmamasını xahiş edirəm.

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *