QURUDULMUŞ ƏNCİRLİ & PORTAĞALLI ÇİZKEYK

Su çərşəmbəmiz mübarək!

Bu çərşəmbəni cümə gününü sevdiyim kimi sevirəm. Necə ki, cümə şənbənin və bazar gününün əvvəlində gəlir, su çərşəmbəsi də
özündən sonra gələcək baharın izini daşıyır. Adını eşidən kimi bilirəm ki, yaz yaxındır, təxminən bir ay sonra baharı qarşılayacayıq. Yaz yaxındırsa, istilər də yaxındır. İsti havalar yaxındırsa, bolluca yaz-yay meyvələri və onlarla bişirəcəyimiz desertlərə də az qalıb. Amma, hələlik gərək qışın simvolu portağalla idarə edək.

portağallı çizkeyk cheesecake

Bugünkü reseptim qurudulmuş əncirli və portağallı çizkeykdir. Fərqli və möhtəşəm daddır. Çizkeykin pendirli hissəsi portağal qabığı ilə dadlandırılır, amma aşırı portağal dadı olmur, sevdiyim kimi pendir dadını özündə saxlayır. Onun altındakı qurudulmuş əncirli və portağallı qat isə bu çizkeyki başqa bir yerə daşıyır və daha xüsusi edir.

çizkeyk resepti

Başqa çizkeyk resepti üçün Üzəri ebrulu braunili çizkeyk reseptinə müraciət edə bilərsiniz.

Qurudulmuş əncirli və portağallı çizkeyk
Bu resept Women’s Weekly “Cheesecakes baked and chilled” kitabından adaptasiya olunmuşdur.
Təxminən 10-12 nəfərlikdir, bişirmək üçün 22-23 sm diametri olan dairəvi qab istifadə etmək lazımdır, qabın kənarlarının açılan olması çox işə yarayar.

Alt qatı üçün
• ½ st. (80qr) badam (sobada 170ºC-də qovurun)
• 125 qr. peçenye (sadə və ya kəpəkli ola bilər, mən Eti Burçak tipli peçenye istifadə edirəm)
• 70 qr. kərə yağı (yumşaldılmış)
• 1 st. yeni çəkilmiş portağal suyu
• 1¼ st. (250qr) qurudulmuş əncir (xırda-xırda doğranmış)
• 1 çubuq darçın və ya ¼ ç.q. üyüdülmüş darçın
• Qaşığın ucunda üyüdülmüş mixək

Pendirli qatı üçün
• 450 qr. krem pendir (tapa bilirsinizsə, Filadelfia krem pendiri çox uyğundur, amma bizim bazarda artıq olmadığı üçün alternativ olaraq Almette slivoçnıy sır məsləhət görə bilərəm)
• 100 qr. xama
• 2 böyük yumurta
• 1 x.q. rəndələnmiş portağal qabığı
• ¾ st. şəkər tozu
• 1 x.q. buğda və ya qarğıdalı nişastası

Hazırlanma qaydası:

  1. Mətbəx prosessorunun içinə badamları və peçenyeni töküb un halına düşənədək xırdalayın. Üzərinə yağı töküb yenidən qarışdırın. Sonra bu qarışığı çizkeyki bişirəcəyiniz qabın alt qatına tökün, tamamilə hamar olana kimi düzləşdirin, bunu stəkanın altı ilə rahatlıqla edə bilərsiniz. Qabı 30 dəq.-lik soyuducuya yerləşdirin.
  2. Sobanızı 160ºC qızdırın.
  3. Portağal suyunu, əncirləri və ədviyyatları bir balaca qazana töküb, qazın üzərinə yerləşdirin. Vam odda, ağzı açıq şəkildə 10 dəqiqə və ya suyunu tam çəkənə qədər qaynasın. Biraz soyuduqdan sonra darçın çubuğu istifadə edirsinizsə, onu çıxarıb, yerdə qalanını peçenye qatının üzərinə töküb hamarlayın.
  4. Pendiri, xama, nişasta və şəkəri mikser vasitəsilə və ya mətbəx prosessorunun içində tamam yumşalıb həmcins olana qədər çalın, yumurtaların sarılarını ayırıb əlavə edin.
  5. Ağlarını başqa qabda mikser yardımı ilə ağarıb köpüklənənə kimi çalın, sonra yavaş-yavaş pendirli qarışığın içinə töküb (miksersiz) qarışdırın.
  6. Pendirli qarışıq ilə qabın üzərini doldurun və sobaya bişməyə qoyun.
  7. 1 saat və 15 dəqiqə təxminən bişməlidir, sonrasında sobanı söndürün, amma çizkeyki sobada açıq qapı ilə təxminən 1 saat saxlayın. Bu çizkeykin üzərinin çatlamaması üçündür.
  8. Soyuduqdan sonra çizkeyki ən az 3 saatlıq, amma yaxşı olar ki, bir gecəlik soyuducuya qoyasınız.

Saxlama şəraiti:
Mütləq şəkildə soyuducuda saxlanmalıdır. 2-3 gün saxlamaq mümkündür.

Servisi:
Servis edərkən mən etdiyim kimi üzərinə şəkər pudrası səpə bilərsiniz.

Qurudulmuş əncirli və portağallı çizkeykiniz nuş olsun!

Başqa portağallı reseptlər üçün – Fransız üsulu ilə portağal keksiXurmalı və qozlu qalet reseptlərinə müraciət edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *