FINDIQLI ŞOKOLADLI BİSKOTTİ YENİ SƏHİFƏMDƏ

Bizi biz edən yaşadığımız emosiyalardır. Və heç fərq eləmir ki, çılğın xolerik, yoxsa səbrli fleqmatikdən söhbət gedir, hər kəsin emosiyaları var, öz emosiyalarını yaşadığı dünyası var. Bu dünyamız nə qədər rəngarəng olarsa, özümüz də daha rəngarəng insana dönürük, ətrafa işıq saçan, pozitiv dolu birinə. Yeni emosiyalara həmişə ehtiyacımız var, bizdə xatirələr yaratmaq hüququna sahib, bizim şəxsiyyətimizi dolğunlaşdıran, eyni zamanda pozitiv olanlarına. Təəssüf olsun ki, yaş çoxaldıqca rutin həyat emosiyaların yeknəsəqliyinə səbəb olur, hər gün yenidən aşiq olmaq, hər gün səyahət etmək mümkün deyil, rutin həyatda isə pozitiv emosiyaları tapmaqda çətinlik çəkirik.

Amma bir sirr var – bişirmək. Bişirmək – yeni dadlara səyahət etmək, hər gün yeni bilgilər qazanmaq, hər yeni bişirdiyimizlə inkişaf etmək, hər gün yeni-yeni reseptlərə aşiq olmaq üçün mükəmməl platformdur. Eyni zamanda o gündəlik həyatımızın bir parçası, həm də ən gözəl xatirələrimizin yaradıcısı ola bilir.

33 yaşındayam, amma anamın mənim uşaqlığımda bişirdiyi eklerlərin xəmirinin görünüşü və iyi, mənim üçün kremsiz eklerləri ayırması, onun bişirdiyi darçın ətirli quymağın yumşaqlığı, zebra keksinin rəngləri, Napoleon tortunun xırçıldaması və daha bir çox şey unutmadığım, unuda bilmədiyim və ən əsası unutmaq istəmədiyim xatirələrin başında gəlir.

Bugün çox sevgi ilə bişirirəm, hər bişirdiyim fərqli aləmə səyahət kimidir. Və məncə, bunları paylaşmanın və sizlərin də bu emosiyaları yaşamasına, xatirələr qazanmasına vəsilə olmaq zamanı yetişib.

Gəlin, bərabər bişirək!

İlk resept olaraq ailəlikcə aludəçisi olduğumuz biscottini paylaşmağı artıq aylardı planlayıram. Biscotti italyan peçenyesidir, qəhvə ilə mükəmməl ikilidirlər. Biscottinin bəzi mənbələrdə tərcümədə «iki dəfə bişmiş» anlamına gəldiyi bildirilir. Həqiqətən də iki dəfə bişirildiyi üçün bu tərcümə çox məntiqli görünür, bir amması olmasa. İtalyanlar bütün peçenyelərə biscotti deyir, bir dəfə bişənə də, iki dəfə bişənə də. Sırf bu şəkildə bişənə isə cantucci deyirlər. Nə isə, detallarla çox baş ağrıtmayıb reseptə keçim.

Fındıqlı şokoladlı biscotti
Bu reseptdən təxminən 18-20 ədəd biscotti çıxır.

Resept C. Bretherton-un Step by Steps Baking kitabından adaptasiya olunmuşdur. 

• ½ st. bütöv fındıq ləpəsi
• 1½ stəkan un, biraz əlavə sonra peçenyeni formalaşdırarkən qab üçün lazım gələcək
• 1 ç.q. qabartma tozu
• ½ ç.q. duz
• ¼ st. tünd şokolad (mən bir plitka şokoladı doğrayıb tökürəm, damlacıqlar da istifadə eləmək olar, amma plitka şokoladın dadı daha fərqli və gözəl olur)
• ½ st. şəkər tozu
• 2 böyük yumurta
• 1 ç.q. vanil ekstraktı (ekstraktı olmayanlar şəkərli vanilin istifadə edə bilər)
• 60 qr. yağ əridilmiş və soyudulmuş

Hazırlanma qaydası

  1. Sobanı 180C° qızdırın. Fındıqları biraz qovurun. Qovrulmuş fındıq və qoz hər zaman daha dadlıdır. Bu proses 5-10 dəqiqənizi alacaq, amma nəticəyə çox müsbət təsir edəcək.
  2. Böyük bir qabda unu, qabartma tozunu, şəkər tozunu, duzu, şokoladı və fndıqları qarışdırın.
  3. Başqa bir qabda yağı, yumurtaları və vanil ekstraktını qarışdırın.
  4. Unlu qarışımla yumurtalı qarışımı bir-birinə qarışdırın.
  5. Xəmiri iki hissəyə bölüb, taxtanın üzərinə un ələyib, üzərində hər hissəni uzunluğu 20 sm, eni 7 sm olacaq şəklində yoğurun.
  6. Üzərinə biraz şəkər tozu töküb, azacıq basdırın. Bişəndən sonra üzərində qəşəng görünəcək.
  7. Bu hissələri 180C°-də 20 dəqiqə bişirib, sonra soyumağa qoyun.
  8. Soyuduqdan sonra 3 sm ara ile doğrayın, şəkildəki kimi hissələr əmələ gələcək.
  9. Onları yenidən sobaya, ən yaxşısı qril üzərində yerləşdirin ki, hər iki tərəfdən isti vursun, 150C°-də kənarları qızılı rəng alana kimi, təxminən 15-20 dəqiqə bişirin.
İngredientləri əlavə eləmə ardıcıllığı çox önəmlidir, bəzi biscotti reseptlərində şəkəri yumurtalı qarışıma əlavə edirlər. Bu yanlışdır!

Fındıqlı- şokoladlı biscottiləriniz artıq hazırdır. Nuş olsun!

Şərhlər

  1. Blog açılandan edəcəm deyirdim, amma onun üzərinə başqa reseptlər etdim qismət bu günə imiş.Nəhayətki bişirdim biscottiləri,məndə müəllif kimi yazı yazmaq həvəsinə düşdüm. Demək belə ilk dəfə bacımgilə qonaq gedəndə kimsə onlara pay gətirmişdi biscottilərdən və əlbəttəki adını bilmirdim onda.(sonradan blog sayəsində öyrəndim))) Yedim dadı çox xoşuma gəldi,hətta bütün paketi götürdüm özümlə gətirdim evə)) sora ikinci dəfə marketdən aldım amma onun dadın vermirdi boyatımışdı elə bil. Düşünməzdimki nə vaxtsa özümdə edəcəm və bu qədər asandır bişirilməsi. Çox təşəkkür edirəm Saturday menu.

  2. Nuş olsun, Şəfəq. Çox sevindim bəyəndiyinizə.
    Biz də ailəliklə biscotti məftunuyuq. Hələ bir qədər sonra qozlu pralinli və kokoslu şokoladlı iki xüsusi resept paylaşacam. Heyf ki, çətin gəlir resepti görənlərə bişirmək, halbuki çox asandır.

  3. Məncədə çox asandı. Mənə çox rahat oldu bişirmək.Əsas başlamaqdı gerisi gəlir.

  4. Hər iş kimi.. əsas başlamaqdır deyib mən də bu yazı ilə bloqa başladım ))
    Bir daha nuş olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir