GAVALILI & HİLLİ KEKS

Yayda biş-düşlə məşğul olmaq qışa görə biraz daha çətindir, qarpızı-yemişi pendirlə, bol və dadlı pomidorlu salatları qoyub sobada bir şey bişirmək hətta mənə də ağır gəlir. Amma yay desertlərinin də xüsusi yeri var, qışda canlı-canlı çiyələyi, əriyi, gavalını, moruq və böyürtkəni tapıb bişirə bilmirik, şaftalı ilə moruğun, püstə ilə əriyin və ya bugünkü reseptdəki kimi gavalı ilə hilin bir-birinə necə yaraşdığını da sınaqdan keçirmə imkanımız olmur. Ona görə sıx olmasa da, arabir bu təzə meyvələrlə biş-düş edib, bu tandemlərin dadına baxmaq lazımdır.

Hal-hazırda sizlərlə paylaşmaq istədiyim gavalılı və hilli keks isə tək kəlimə ilə möhtəşəmdir, bişdiyi gün qarğıdalı unu keksləri kimi ovulan xəmiri olur, bir gün ağzı qapalı şəkildə saxlandıqda isə yumşalır, fərqli konsistensiyada olur, amma hər iki halı ilə çox və çox dadlı olur. Mən uşaqlıqdan şəkərburanı hilə görə sevmədiyimi düşünürdüm, bu kekslə hil haqqında düşüncələrim dəyişdi. Demək ki, şəkərbura sevməməyimin səbəbkarı hil deyilmiş. Hil bu keksə fərqli və gözəl ətir verir. Keksin şirinliyi və ədviyyatlılığı gavalının azacıq turşluğu ilə xoşagələn kontrast yaradır. Məşhur çiyələkli keks resepti bəlkə də yadınızdadır, bu keks onun qədər rahat və əl altında olan şeylərlə başa gələn, eyni zamanda isə ondan daha da dadlıdır. Mədh elədiyim sanki bəsdir, özünüz sınaqdan keçirərsiniz və nə qədər haqlı olduğumu görərsiniz.

Gavalılı hilli keks
Bu resept 20-23 sm-lik kvadrat qab üçün nəzərdə tutulmuşdur, əgər belə qabınız yoxdursa, rahatlıqla eyni böyüklükdə yumru qab da istifadə edə bilərsiniz.

Resept Dorie Greenspan-ın «Baking from my home to yours» kitabından adaptasiya olunmuşdur.

• 1½ st. un
• 2 ç.q. qabartma tozu
• ¼ ç.q. duz
• ½ ç.q. üyüdülmüş hil
• 85 qr. kərə yağı (otaq temperaturunda)
• ¾ st. açıq qəhvəyi şəkər tozu + 2 x.q. şəkər tozu meyvələrin üzəri üçün
• 2 böyük yumurta
• ⅓ st. duru yağ (neytral dadda olanlardan)
• 1 portağalın qabığı (rəndələnmiş halda, portağal yoxdursa, limonla əvəz edə bilərsiniz)
• 1½ ç.q. vanil ekstraktı (əgər yoxdursa, şəkərli vanilinlə əvəz edə bilərsiniz)
• 8 yaxşı yetişmiş, amma çox yumşalmamış gavalı (istər sarı, istər qırmızı, istər bənövşəyi gavalı ola bilər, payızda isə uzunsov gavalılarla bişirə bilərsiniz)

Meyvələr bişərkən biraz daha turş olurlar, buna görə əzilməmiş, amma yenə də çox yaxşı yetişmiş gavalılar istifadə etməyə diqqət göstərin. Belə olduğu halda, turşluluq azacıq olur, amma onun keksin xəmiri ilə tandemi xoşagələn olur.

Hazırlanma qaydası:

  1. Sobanızı 175Cº qızdırın. Keksi bişirəcəyiniz qabı əvvəl yağlayın, sonra unlayın.
  2. Bir qabda unu, qabartma tozunu, hili, duzu qarışdırın.
  3. Başqa qabda mikserlə kərə yağını çırpmağa başlayın, 3 dəqiqə sonra üzərinə şəkəri töküb iki dəqiqə qarışdırın, sonra yumurtaları bir-bir əlavə edin, hər yumurtadan sonra mikserlə qarışdırın, üzərinə duru yağı töküb qarışdırın. Daha sonra qarışıma vanili, portağal qabığını əlavə edin.
  4. Unlu qarışıma digər qarışımı əlavə edib, həmcins olana kimi qarışdırın. Xəmiriniz xoşa gələn, biraz da qatı olacaq. Onu hazırladığınız qabın içinə yayın.
  5. Gavalıları yarıya bölüb, içindən tumlarını çıxarın və şəkildəki kimi 4 cərgə şəkildə xəmirin üzərinə yerləşdirin. Qabınız yumrudursa, istədiyiniz formada yerləşdirə bilərsiniz. Saxladığınız 2 x.q. şəkəri gavalıların üzərinə ehmalca tökün.
  6. Bişməyə qoyun, reseptdə 40 dəqiqə sonra hazır olmalıdır deyə bildirilir. (Mən 3 dəfə bişirmişəm, hər 3 dəfəsində 50 dəqiqədən biraz çox vaxta ehtiyac olub, ona görə diş və ya kibrit çöpünü salıb xəmirə yoxlayın, əgər təmiz çıxırsa götürün) Kənarları qızarmış, ortası isə nisbətən yumşaq olacaq. İlıq şəkildə və ya otaq temperaturunda yeyə bilərsiniz.

Saxlama qaydası:
2 gün boyunca, qapalı şəkildə və otaq temperaturunda saxlaya bilərsiniz.

Gavalılı, hilli keksiniz nuş olsun!

Şərhlər

  1. Məşədi İbad demişkən)) Neçə illərdi şirniyyat bişirirəm hil vurulan(şəkərburadan başqa)şirniyyata rast gəlməmışəm.Həmişəki kimi super.Yaziya söz yox. Vəəə söz bışırəcəm və yazacam,Əllərinə sağliq,

  2. Saida xanim, chox sagolun sherhiniz uchun 🌸🌸🌸 Hili men bashqa shirniyyatlarda chox swvdim. Isvech bulkalari var hilli. Chox dadli olurlar onlar da. Xosh sozleriniz uchun bir daha teshekkur edirem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir