HARD ROCK CAFE ÜSULU İLƏ POMİDORLU BRUSÇETTA

Ah İtaliya, İtaliya. Bu il Avstriyadan sonra İtaliyaya səyahətə gedəndə başa düşdüm ki, Qoqol kimi dünyanın ən gözəl ölkəsində yaşasam da, deyəcəm ki, yenə də ürəyim İtaliyadadır. Ora getmək evə geri dönmək kimidir. İtaliyanın özü, insanları, təbiəti və əlbəttə ki, mətbəxi mənim üçün çox önəmlidir.
İtaliyada kiraladığımız evin şəraiti mətbəxdə hər cür yemək bişirməyə uyğun idi və hətta o qədər gözəl idi ki, tək uyğun deyildi, yoldan çıxarırdı, hər halı ilə yemək bişir deyirdi. Yemək bişirməyə çox zaman sərf eləmək planlarda olmadığı üçün makaron, yumurtalı çörək və brusçetta kimi yüngül şeylər bişirib gözümün qurdunu öldürdüm. Brusçettanı hazırlarkən bir də şərait varkən şəklini də çəkək dedim, şəkli çəkib facebookda paylaşdıqdan sonra isə resepti yazmaq artıq şərt oldu.

Pomidorlu balzamikli brusçettanı italyan üsulu deyil, Budapeştdə Hard Rock Cafedə rast gəldiyim çox dadlı brusçetta resepti ilə elədim, pendir əlavəsi onu bir fərqli yerə daşıyıb daha da dadlı edir.

tomato-herbed-cheese-bruschetta

Pendirli pomidorlu brusçetta
• ½ kq. pomidor (şəkildə gördüyünüz gavalı pomidor çeşidindən olsa yaxşı olar, onlar daha az sulu olur)
• 150 qr labne pendiri və ya yumşaq kəsmik
• 1 balaca dəstə ağ reyhan
• 1 diş sarımsaq
• ½ ədəd baget (Fransız çörəyi kimi, nisbətən enli və uzun çörək, 1 smlik qalınlığında doğranmış 8-10 dilim)
• 2 x.q. zeytun yağı
• 1 x.q. balzamik sirkə
• Biraz duz
• Biraz pul bibər (zövqə görə qarabibərlə əvəz edə və ya heç istifadə etməyə bilərsiniz)
• ¼ st. rəndələnmiş parmezan (iri şəkildə rəndələyəndə daha gözəl görünür)
• Biraz italyan otları qarışımı (yoxdursa, kəklikotu və ya reyhan qurusu ilə əvəz etmək mümkündür)

Hazırlanma qaydası:

  1. Pendirə duz, bibər və italyan otları əlavə edib qarışdırın.
  2. Sobanı 175Cº qızdırıb, çörək dilimlərini qızarmağa qoyun, hər iki tərəfinin qızarmasına xüsusi diqqət göstərin.
  3. Sarımsağı yaxşıca əzib bir qaba qoyun, üzərinə pomidoru xırda-xırda kubiklər şəklində və reyhanı doğrayıb əlavə edin, duz, bibər, zeytun yağı və balzamik sirkəni əlavə edib qarışdırın.
  4. Qızarmış çörəklərin üzərinə otlu pendiri bərabər şəkildə yayın, sonra üzərinə pomidorlu qarışımdan qoyun.
  5. Hazır brusçettaların üzərinə bir az da parmezan səpəndən sonra Hard Rock Cafe üsulu brusçettalarınız hazırdı.

Nuş olsun!

Pomidorlu başqa bir resept – Közlənmiş pomidor şorbasını nə qədər ki, təzə pomidor var sınaqdan keçirməniz məsləhətdir. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *