LİMONLU & VİŞNƏLİ ALMAN KEKSİ

Təxminən bir ay əvvəl Food52-nin sobada bişirmə və mətbəx qruplarına üzv oldum, bişirmə qrupunun hal-hazırda da davam edən möhtəşəm mövzusu var. Luiss Weiss-in mənim də çox sevdiyim Classic German Baking” kitabından hərə bir resept edir və paylaşır. Kitabdan bəzi reseptləri mən də hazırlamışam, hətta alman südlü çörəklərini bloqda da bir-neçə ay bundan əvvəl paylaşmışdım. Bugünlərdə qrupda diqqətimi çəkən həmin kitabdan vişnəli və limonlu keks oldu, rahat hazırlandığı üçün qrupdakı iki xanımdan biri onu bişirirdi və hamı tərifləyirdi. Açığı, kəsmikli və vişnəli keksdən sonra bu qədər tez başqa vişnəli resepti sınayacağımı təxmin etmirdim. Ramazan boyu 4-5 dəfə kəsmikli keksi bişirəndən sonra bunu da valideynlərimlə bayram süfrəsi üçün hazırladım.

Keksi yedikdən sonra bunu bloqa mütləq yazmalıyam düşündüm, eyni zamanda vişnəli keksi də yenicə paylaşmam biraz ara verməyim lazımdır deyə düşünməyimə səbəb oldu. Amma anam və yoldaşım fikrimi dəyişdirdi, hər ikisi keksi o qədər bəyəndilər ki, bu resept mütləq bloqda olmalıdır dedilər. Mən də qərar verdim ki, bir də bişirib və şəklini çəkib sizlərlə də resepti bölüşüm. Bu keksin özəlliyi hazırlanması və inqredientlərinin sadə olmasından əlavə, ilıq şəkildə dondurma ilə mükəmməl yaraşmasıdır. Almanlar onu əsasən çalınmış qaymaq, yəni qaymaqlı krem ilə servis edirlər. Siz də bu şəkildə servis edə bilərsiz və ya mənim kimi dondurma ilə. Bu arada dondurmasız, sadə halı ilə də çox və çox dadlıdır. Limon qabığı ilə ətirlənmiş xəmiri və bol vişnələrin tandemi keksi bu qədər sadə inqredientlərdən hazırlanmasına baxmayaraq çox fərqli edir.

Sobada bişirmə həvəskarı olaraq mənə bu informasiya çox maraqlı gəldi. Bu resept Luisa-nın qaynanasının reseptidir. Qaynanası Lottchen şərqi Prussiya əsillidir. Onun resept kitabçası isə çox qədimlərdən qalıb və orda qramajlar deyə miqdar göstəriciləri yoxdur. Bunun əvəzinə, keçmiş Almaniya və Fransa ərazisində ölçü vahidi kimi yumurta istifadə edirlərmiş. Yəni, reseptlər belə yazılır, 2 yumurta ağırlığında yağ, 3 yumurta ağırlığında un və s.

Limonlu və vişnəli alman keksi
Bu resept Luisa Weiss-in Classic German Baking kitabından adaptasiya olunmuşdur. Resept 23 sm. diametrində qab üçün nəzərdə tutulmuşdur. (Mən isə digər vişnəli kekslərimdən fərqlənməsi üçün 25 sm. diametrində qabda bişirmişəm.)

• 130 qr. kərə yağı (otaq temperaturunda)
• 1 st. şəkər tozundan 1 x.q. az  (1 st. götürürsünüz, sonra üzərindən 1 x.q. azaldırsınız, 180 qr.)
• 1 limonun rəndələnmiş qabığı
• 3 yumurta (otaq temperaturunda)
• 1½ st. undan 1 x.q. az (180 qr.un)
• ¼ ç.q. duz
• 1 ç.q. qabartma tozu
• 2 st. tumu çıxarılmış vişnə (albalı, gilənar)
• Üzərinə səpmək üçün şəkər pudrası

Xaricdə yaşayanlar bu keksi blueberry ilə bişirə bilər, o da limonla mükəmməl yaraşır.

Hazırlanma qaydası:

  1. Sobanı 180Cº qızdırın. 23 sm. diametrində qabınızın içinə bişirmə kağızı sərin. Əgər, bişirmə kağızı sərmirsinizsə, yaxşı yağlayıb unlayın, xəmir yapışqandır, əks halda çətin çıxacaq.
  2. Yağı və şəkəri bir geniş qabda bir-birinə mikser yardımı ilə qarışdırın. Kənarlara yapışanları qaşıq vasitəsilə içinə doğru sıyırıb havalı və rəngi açılana kimi qarışdırın, sonra yumurtaları bir-bir əlavə edin, hər yumurtadan sonra qarışdırın. Ən son limon qabıqlarını əlavə edib qarışdırın.
  3. Başqa bir qabda unu, qabartma tozu və duzu qarışdırın. Yağlı qarışımı üzərinə tökərək ehtiyatla, amma xəmir tam eynicinsli olana qədər qarışdırın.
  4. Vişnələri içinə tökün, ehmalca spatula yardımı ilə qarışdırın. Sonra xəmiri əvvəldən hazırladığınız qabın içinə töküb, üzərini hamarlayıb, sobaya bişməyə qoyun.
  5. Təxminən 55-60 dəq. diş çöpünün təmiz çıxdığı və üzərinin qızardığı vaxta qədər bişirin. 25 sm-lik qabda isə 50 dəq-yə qədər çəkir bu proses.
  6. 10-15 dəq. soyumasını gözləyib üzərinə şəkər pudrası tökə bilərsiniz.

Servisi:
Qaymaqlı krem, dondurma və ya sadə servis edə bilərsiniz.

Saxlanma qaydası və şəraiti:
2 gün otaq temperaturunda saxlaya bilərsiniz, amma bişdiyi gün yeyilməsi daha çox məsləhətdir.

Limonlu və vişnəli alman keksiniz nuş olsun!

 

 

Şərhlər

  1. Nush olsun. Ela gorunur.
    Men de sinamaq isterem. Amma son zamanlar 3 yumurta ile etdiyim kekslerden yumurta iyi gelir. Bu keksde limon oldugu uchun belke iyi gelmez. Teze yumurta alan kimi ele bishirirem. Baxiram iy hiss olunur. Men chox hessasam o iye.

  2. Saturday Menu

    Nuray xanım, çox sağolun. Mənə iyi gəlmirdi yumurtanın, iki dəfə bişirmişəm artıq. Amma çox güman ki, siz dediyiniz kimi həssasiyyətlə bağlı bu məsələ dəyişir.

  3. Saturday Menu

    Nuray xanım, dilimizdə adı yoxdur. Bəzi insanlar qaragilə ilə qarışdırır, amma qaragilə əslində yemişandır. Blueberry-yə türklər yaban mersini, likapa, ayıüzümü deyirlər, bizim bölgələrdə yetişmədiyi üçün adı da yoxdur.

  4. Cox sag olun. Men de qaraqile bilirdim. Amma demishdiler yalnishdir. Ona gore sorushdum. Cox sag olun.

  5. Saturday Menu

    Xoşdur. Kaş ki, blueberry bizdə də yetişəydi. ) Nə zaman sualınız olsa, buyurun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir