MƏRCİMƏKLİ & QIZARDILMIŞ HELLİM PENDİRLİ SALAT

Pəhrizdəyəm… Bəli, bəli pəhrizdə. Bir baking bloq yazarı kimi bloq yazmağa başlayandan sonra pəhriz deyəndə dəhşətə gəlirdim, fikirləşirdim bəs bloq… indi isə düşünürəm ki, bloq da mənlə bir yerdə «pəhriz» saxlayar. 🙂 Yəni, bu mövsüm bloqda bol salatlar görməyə hazır olun.

Sözün düzünü boynuma alsam, pəhrizə başlayandan inanılmaz dadlı yeyirəm, bəli şirin yemirəm, yağlı yemirəm və karbohidrat yemirəm. Amma o qədər fərqli dadlar yeyirəm ki, bu dad cümbüşündə karbohidrata olan həvəsimi belə tez-tez unuduram. Mövsüm olaraq da pəhrizə tam uyğun zaman olduğu üçün fərqli qidalarla rasionumu genişləndirmişəm. Qulançar, roka, ispanaq, gül kələmi, tərxun və başqa tərəvəzlər, göyərtilər şəkərə duyduğum ehtiyacı nisbətən kontrollaya bilir və bu çox sevindiricidir. Zülalları da unutmamaq lazımdır, yumurta, pendir və ət olmasa pəhrizi də saxlamaq ciddi çətin olar.

Pendirlərin də fərqli çeşidlərini istifadə edirəm, onlardan biri də hellim pendiridir. Hellim pendiri Orta Şərq mətbəxində istifadə olunan ərzaqlandandır, ən çox Yunanıstan və Türkiyə ərazisində yayılmışdır. Bişirilməyə çox uyğun olduğu üçün qızardılmış və ya qrillənmiş şəkildə çox yeyilir. Ümumiyyətlə, mən heç bişirilmədən yeyildiyini görməmişəm. Orta Şərq süfrələrində tez-tez onu falafel, humus və pita ilə servis edirlər. Bu reseptdəki salatın içində isə yol yoldaşı mərciməkdir.

Yaşıl mərcimək bitki mənşəli zülalın ən çox olduğu bitkilərdəndir, bu səbəbdən hər kəsə, xüsusən düzgün qidalanma rejimində olan insanlara çox məsləhətlidir. Hətta əzələ qatının qorunması üçün bitki zülalının heyvan mənşəli zülallarla yeyilməsi vacib olduğunu hesab edən alimlər belə var. Bugünkü reseptim bu kateqoriyaya da uyğun gəlir və elə bu səbəbdən də çox doydurucudur. Yemək əvəzinə rahatlıqla bu salatı yeyə bilərsiniz.

Yaşıl mərciməkli və qızardılmış hellim pendirli salat
Resept 4 nəfər üçün nəzərdə tutulmuşdur.
Bu resept Olive jurnalından adaptasiya olunmuşdur.

• Çeri pomidorlar
• ½ qırmızı soğan (olmazsa ağ soğan istifadə edə bilərsiniz, amma qırmızı soğan daha məsləhətlidir)
• ½ diş sarımsaq
• 1 limonun rəndələnmiş qabığı və yarısını suyu
• 1 x.q zeytun yağı
• 150 qr. yaşıl mərcimək (mən orijinal reseptdəki kimi puy mərcimək istifadə edirəm, amma dadlarında ciddi fərq olmadığı üçün normal yaşıl mərcimək də istifadə etmək olar)
• 150 qr. hellim pendiri
• 1 kiçik dəstə keşniş və ya cəfəri

Hellim pendiri bəzi markalarda çox duzlu olur, bu səbəbdən aldığınız hellimin bir balaca dadına baxıb, duzludursa, doğradıqdan sonra 5-10 dəqiqə müddətinə təmiz suyun içinə qoymaq lazımdır. Daha sonra qızarda bilərsiniz.

Hazırlanma qaydası:
1. Mərciməkləri bişənə kimi qaynadın, əzilməməsinə diqqət edin. Qırmızı soğanı halqa-halqa doğrayın, sarımsağı xırda doğrayıb və ya əzib soğana qarışdırın, üzərinə limon suyu və qabıqlarını tökün 1-2 dəqiqə bu şəkildə gözlədin.
2. Pomidorları ortadan ikiyə bölün. Bişmiş mərciməkləri, pomidoru və zeytun yağını soğanlı qarışımla qarışdırın.
3. Hellim pendirini doğrayın, şəkildəki kimi incə uzun da doğraya bilərsiniz və ya daha tahat yeyilməsi üçün kiçik kvadratlar şəklində doğraya bilərsiniz. İsti tavada hellim pendiri tikələrini ikitərəfli qızardın. Yağ tökməyə ehtiyac yoxdur. Pendiri mərciməkli qarışımın üzərinə qoyun və üzərinə xırda-xırda doğranmış keşnişləri əlavə edin.
Yaşıl mərciməkli və qızardılmış hellim pendirli salatınız nuş olsun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *