MUSKAT QOZU (HİND QOZU) VƏ İSTİFADƏSİ

Ədviyyatlar haqqında yazıları onları sevdiyim sıraya görə düzürəm, yoxsa hamısını eyni qədər sevirəm sualının cavabını hələ də özüm üçün kəşv etməmişəm. Amma bildiyim budur ki, ədviyyatların bir çoxunu sevirəm, məsələn nə yaxşı ki, vanil var, vanilli dondurmasız həyatı və bizim zavarnoy krem dediyimiz patisserie kremini vanilsiz təsəvvür belə etmək istəmirəm və ya darçın… darçın qoxan bir bazar günü mətbəxi nə qədər də gözəldir, cirəli köftələr, dəfnə yarpaqlı borşlar, reyhanlı pizzalar.. başqa da nələr, nələr.. Sevdiklərimdən biri də muskat qozudur, ən çox sevmə səbəbim isə darçınla bir yerdə istifadə edəndə daha güclü dad və ətir alınmasıdır.

Muskat qozu və ya hind qozu İpək yolunun bizə gətirdiyi hədiyyələrdəndir, uzun illər ədviyyat kimi deyil, uşaqlar üçün yelqovucu rolunu oynayıb, mətbəxdə təzə-təzə istifadə olunmağa başlayır. Ana dilimizdə muskat qozu, hind qozu və bəzi bölgələrdə yelceviz adlanır, rus dilində muskatnıy orex, ingilis dilində nutmeg və türk dilində küçük hindistan cevizi adlanır.

Vətəni İndoneziyanın Ədviyyat adaları olan muskat qozu, 15-ci əsrdən portuqallar vasitəsilə bütün dünyaya yayılmışdır, bu səbəbdən demək olar ki, bütün dünya mətbəxində istifadə olunur. Avropanı da o zamanlar fəth edən muskat qozu bizim üçün daha adi olan darçından belə bəzi ölkələrdə daha çox istifadə olunur və sevilir.

İstifadə olunma şəkli
Haqqında mənim üçün qeyri-adi gələn faktı yeni aşkarladım, xarici ölkələrdə, xüsusən vətəni Hindistan və İndoneziyada tək bizim gördüyümüz qozası deyil, qozanın üzərindəki qırmızı qat da istifadə olunurmuş. Adına meys (mace) deyirlər. Bizim tərəflərdə mace yoxdur. Muskat qozunu bütöv şəkildə və ya rəndələnmiş satırlar. Bütövünü alıb kiçik rəndə vasitəsilə xırdalamaq daha doğrudur, çünki rəndələnmiş halda qaldıqda dadının və iyinin bir hissəsini, hətta bəzən çox hissəni itirir.

muskat qozu hind qozu

 

Yaraşdığı qidalar
Beşamel sousu və bu tipli südlü souslara, bu souslarla bişiriləcək bütün ətli yeməklərə, xüsusən, musakkaya çox yaraşır. İsveç köftələrinin olmazsa olmazlarındandır. Darçın qatacağınız hər şirniyyata, keks və ya bulka, ¼ ç.q. yeni rəndələnmiş muskat qozu qatın, bu darçının dadını daha da hissolunan edir. Amerikan klassiklərindən balqabaq piroqunun ədviyyatlarından əsasıdır. Püre ilə servis olunacaq qiymə və ət soteyə çox yaraşır. Bolonyez sousda, gül kələmi qratində, heyvalı şirniyyatlarınızda, İngilis çoban piroqunda, qaymaqlı şorbalarınızda rahatlıqla istifadə edə bilərsiniz. Bizim bölgədə son zamanlar paxlava üçün istifadə olunmağa başlayıb, mən paxlavanı klassik dadlarda sevsəm də, muskat qozlu paxlavanı da sevənlər az deyil.

Fərqli fikirlər
Kakaolu südünüzə bir çimdik muskat qozu qatsanız çox fərqli dad əldə edəcəksiniz.
Hər zaman bişirdiyiniz ispanaqlı yumurtaya yumurta vurulmamışdan biraz qabaq bir-iki qaşıq qaymaq (krema) və yeni rəndələnmiş muskat qozu tökün, sonra isə yumurtaları üzərinə töküb sobada bişirin. Çox tez-tez bişirdiyim mükəmməl qəhvəaltıdır. Bir resept isə qızardılmış toyuq döş əti və ya steykləriniz üçün göbələkli sous reseptidir. Soğanı xırda-xırda doğrayıb yağda qızardın, üzərinə xırdalanmış sarımsaq və xırda doğranmış göbələyi töküb 3-4 dəq soteləyin, sonra üzərinə ağ üzüm sirkəsi və ya ağ şərab, biraz rəndələnmiş muskat qozu, qaymaq və qarabibər töküb ətinizin üzərində servis edin.

Sağlamlığa faydaları
Köpəleyhinə, həzm sisteminə müsbət təsir etdiyi ta qədimlərdən bilinir, bu səbəbdən südəmər uşaqlarda istifadə olunur. Açığı o qədər balaca uşaqlarda bunu çox da doğru hesab etmirəm.
Böyük dozaları toksikdir, bu səbəbdən dinimizdə halal və haram mübahisələrinə səbəb olmuşdur. Amma unutmamaq lazımdır ki, suyun belə böyük dozası ziyanlıdır.

Hardan almaq olar?
Rus markalarından Lavkada üyüdülmüşünü, türk markası Arifoğluda bütövünü tapa bilərsiniz. Bir sıra öz markalarımızda son zamanlar satılmağa başlayıb, bazardan isə yelceviz və ya hind qozu adı ilə satılır.

Başqa ədviyyat və ətirli otlarla birgə istifadəsi
Yenibahar, mixək, zəncəfil, darçın və hillə çox yaraşır. Fransızların quatre epices, Tunislilərin beş ədviyyat adlı qarışımına, Mərakeşin dünyaya məşhur ras el hanout ədviyyat qarışımının tərkib hissələrindədir. Eyni zamanda Amerikan mətbəxində alma piroqu və balqabaq piroqu üçün 2 fərqli ədviyyat qarışımında istifadə olunur.

Bloqda mənim istifadə etdiyim reseptlər kök keksi, yaşıl noxud və nanəli şorba, ədviyyatlı fatayerlər köklü tortdur.
P. S. Ədviyyat və ətirli otlar bölməsinin şəkillərini digər şəkillərdən fərqli olaraq özüm çəkməyəcəm. Amma bu halda belə onları stokdan aldığım üçün icazəsiz istifadə olunmamasını xahiş edirəm, yazı isə müəllif hüquqları ilə qorunur. İcazəsiz və bloqa aktiv link vermədən paylaşmaq olmaz.

Şərhlər

  1. Hindistan cevizi bizim dild? kokosdur, s?nin yerl?sdirdiyin x?b?r muskat cevizidir. Ona gor? ad? duz?ltdim.

  2. Saturday Menu

    Salam, myfeelings. Harada adı düzəltdiyinizi bilmədim, amma türk dilində muskat qozuna küçük hindistan cevizi deyirlər, hətta mən də evdə var muskat qozu, onun üzərində də elə yazılıb, kitablarda da elə yazılır. Bura şəkil yerləşdirə bilmirəm, yoxsa məndəki muskat qozunun qablaşdırmasını yerləşdirərdim. Azərbaycan dilində də hind qozu deyən insanlar çoxdur.

  3. Saturday Menu

    Sorry, mən baxdım, “küçük” hindistan cevizi yazmaq yadımdan çıxıb. Təşəkkür edirəm kommentiniz üçün.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *