NARLI & KÜFTƏCİKLİ ŞORBA (AŞ-E ANAR)

İran plovlarını çox sevirəm, xüsusən vişnəli plov (albalu plov) favoritlərimdəndir, hər vişnə mövsümünü həvəslə məhz bu plov üçün gözləyirəm, bundan əlavə İran mətbəxinin şüyüdlü, paxlalı və  küftəcikli, xurmalı mərciməkli plovlarını çox sevirəm. İran mətbəxi həm bizə çox yaxındır, həm də fərqli tərəfləri var deyə, ilham qaynağı kimi çox qəşəng rol oynaya bilir. Ağız dadımız eyni bölgə olduğu üçün çox oxşardır, inqredientlər də həmçinin, bəzən sadəcə ansambl dəyişir. 🙂

Təbii ki, İran mətbəxinin baş tacı məhz plovlarıdır, amma son bir-neçə ildə xarici bloqlarda Narlı şorba dedikləri Ash-e anar adlı şorbaya çox sıx rast gəlirdim, bu məhşurluğu diqqətimdən qaçmadı və bişirdim. Rəngi içindəki narşərab sayəsində biraz xoş alınmasa da, amma dad tək kəlimə ilə möhtəşəm idi. Əvvəl rənginə görə bloqda reseptini paylaşmaqla bağlı şübhələrim olsa da, zamanla dad reseptorlarım qalib gəldi. Bu dadı hər kəslə paylaşmaq istədim. 

Turş dad sevənlər üçün qışın soyuğunda bu şorbadan idealını təsəvvür etmirəm, hər hansı bir qrip və ya soyuqdəyməniz varsa əminəm ki, sağalmanıza da yardım edəcəkdir. 

Narlı və küftəcikli şorba ( Ash-e anar) 

Resept The spiced life bloqundan adaptə edilmişdir. Bu reseptdən 4-6 porsiyalıq şorba alınır. 

• 4 x.q. kərə yağı (bitki yağı da ola bilər)
• 
1½ orta böyüklükdə soğan (biri böyük biri balaca da ola bilər)
• 
½ ç.q. sarıkök
• 
1 ç.q. cirə (kimyon)
• 
7-8 diş sarımsaq
• 
1½ st. ləpə noxud (fotosunu yazının içində görə bilərsiniz)
• 
400 qr. qiymə (mal və ya quzu ola bilər)
• 
8 st. su
• 
½ dəstə cəfəri
• 
½ dəstə nanə (əgər yoxdursa, 2 ç.q. quru nanə ilə əvəz edə bilərsiniz)
• 
½ dəstə keşniş
• Duz və qara istiot (zövqə görə, bu qədər ətə təxminən 2 ç.q. duz lazım olur, təbii ki, duzdan duza fərq etdiyi üçün siz daha doğru bildiyiniz miqdarda duzlaya bilərsiniz)
• 
½ st. narşərab 

Servisi üçün 

• Nar dənələri
• 
Qatıq (zövqə görə, biz istifadə eləmirik)
• 
Biraz doğranmış keşniş və nanə 

Hazırlanma qaydası:

  1. Bütöv soğanı və 4-5 diş sarımsağı soyub, doğrayın. Sonra bir orta böyüklükdə tavaya yağ əlavə edin, daha sonra isə soğanları, qazın üzərinə qoyun, bir qədər bişdikdən sonra sarımsaqları da əlavə edin. Əlinizin altında isti su olsun, soğan və sarımsaqlar qızarmağa başlayan kimi bir qədər su əlavə edin və rəngini dəyişib karamelləşməsinə qədər gözləyin.
  2. Soğanların üzərinə sarıkök və cirəni əlavə edin. Qarışdırın, içərisinə yuyulmuş noxudları əlavə edin. 3-4 dəq. bu şəkildə bişdikdən sonra suyu və duz üzərinə əlavə edib, qaynamasını gözləyin, daha sonra qazı daha aşağı edərək ağzını bağlayın. 
  3. Noxudlar təxminən bir saat bişməlidir, bu müddətdə küftəcikləri hazırlayın. Qiyməyə yarım soğan, 3 diş sarımsaq, duzu, cəfəri, nanə və keşnişi doğrayıb əlavə edin. Yaxşıca yoğurun, sonra əlinizi suya batırıb qoz böyüklüyündə küftəciklər hazırlayın. 
  4. Geniş tavada küftəcikləri iki dəstəyə ayıraraq yüngülcə hər tərəfdən bişirin. Tavada sayı az olanda tavanı oynadaraq hər tərəfinə isti dəyməsini təşkil edə bilərsiniz. Qızarmamasına diqqət göstərin, bu mərhələdə qızarmış yox, biraz daha özünü tutmuş küftəciklərə ehtiyac var. 
  5. Şorbaya narşərabı və küftəcikləri ehtiyatla əlavə edin. 20-30 dəq-dən sonra şorbanız hazır olacaq. 
  6. Servis edərkən üzərinə doğranmış cəfəri və nanə tökün, zövqünüzə görə qatıq əlavə edə bilərsiniz, bir də ən əsası nar dənəciklərini unutmayın. 

Narlı və küftəcikli şorbanız nuş olsun! Digər şorba reseptlərinə Şorbalar linkindən baxa bilərsiniz, narın ideal yaraşdığı fatayer resepti üçün Qiyməli və ədviyyatlı fatayerlər linkindən baxa bilərsiniz.

Şərhlər

  1. Salam, Aygun xanim. Ele indice size yazacaydim ki, yeni resept choxdandir yoxdur. Geldi 🙂 Indi oxuyuram

  2. Nuray xatırlamanız, yazmanız çox xoşdur. Tez-tez yazın, bəlkə mən də utanıb daha çox yazı paylaşaram. Təşəkkürlər.

  3. Salam.Gec də olsa,amma hər zaman ki kimi qeyri adi reseptlə gəlirsiz.Mən turşməzə şorbalari sevirəm.Adi şorbaya belə bolluca ya limon ya da sirkə qatiram.Təşəkkürlər.

  4. Çox təşəkkür edirəm Saida xanım. Bunu da əminəm çox sevəcəksiniz. İmkan olanda mütləq sınayın.

  5. Salam. Tek kelime ile mukemmel bir shorba. Hazirladim ve aile uzvlerimizin favorisi oldu..teshekkurler..

  6. Mehin xanım, çox təşəkkür edirəm. Kommentinizi çoxsaylı spamlara görə gec gördüm, amma çox sevindim ki, siz də, ailəniz də bu şorbanı bəyənib. Nuş olsun.

  7. Salam. Reseptlərinizi bəyənirəm. Amma tez-tez payaşsaz əla olar😉 bu arada Əriştə şorbasının reseptini paylaşa bilərsiz? Fərqli reseptlər var. Sizin reseptiniz hansı olacaq maralıdı)

  8. Fəridə xanım, təşəkkür edirəm. Biraz şəxsi məsələlərlə bağlı təəssüf ki, əvvəlki sıxlıqla paylaşma edə bilmirəm. Amma ümid edirəm ki, gələcək aydan etibarən yoluna qoyulacaq hər şey. Yenə də çoxlu, maraqlı paylaşma edə biləcəm. Əriştə biz tərəfdə adətən kiçik lobya və üstünə yumurta vuraraq edirlər, bir də atlı lobya ilə. Yumurtalı olanı yoldaşım sevmir, bu səbəbdən mən adətən böyük, atlı lobya, ət suyu, pomidor, əriştə, üzərinə də ağ reyhan qurusu ilə hazırlayıram əriştəni. Və çox sevirəm. Bir də bloqda da şorbalar içində olan küftəcikli və qatıqlı əriştə şorbası edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir