YAŞIL NOXUDLU & NANƏLİ ŞORBA

Bloqum nisbətən təzə olduğu üçün reseptlər arasında spontan seçilmişləri demək olar ki, yoxdur. Reseptlərin bir çoxu, az qala hamısı illərdən bəri mətbəximdə xüsusi yer tutur. Amma bu şorba reseptinin yeri lap xüsusidir. Çünki, bu resept ilk aldığım mətbəx kitabından ilk bişirdiyim yeməkdir.
Təxminən 8 il əvvəl duty-freelərin birində Cook Express adında kitab aldıq, bu 4 kq-lıq nəhəng kitabı evə hansı hisslərlə gətirdiyimi sözlə ifadə edə bilmərəm. Dəyərli ziynət əşyası kimi idi, sözün hər iki mənasında, həm o zamankı gəlirimizlə müqayisədə kifayət qədər bahalı idi, həm də mənəvi dəyəri böyük idi.
Evə gəldiyimdə ilk iş birinci növbədə özümə, sonra isə ətrafdakılara kitabımın bu pula və daşıma əziyyətinə dəydiyini sübut etmək idi.
İlk axtarışda gözümə yaşıl noxud və nanə şorbası dəydi. Bu Mexican bar&grill-də (bağlanıb artıq!) yediyimiz və çox bəyəndiyimiz qarğıdalı şorbasını xatırladırdı. Şorbanı bişirdim və yanında həmin restorandakı kimi sarımsaqlı çörək qızartdım. Möhtəşəm alındı.
O gün bu gün bu şorbanı sevərək yeyirik və ətrafa reseptini paylayıram. Mənə görə çox rahat və çox dadlıdır. Siz də sınaqdan keçirin.naneli s

n3n2
Yaşıl noxud və nanə şorbası

Bu resept 6-8 nəfərlikdir, qonaqlıqlarda az porsiya ilə daha çox adam üçün servis edilə bilər.
Resept DK publishing nəşriyyatının Cook Express kitabından adaptasiya olunmuşdur.

Təəssüf ki, marketlərdə saxlanma şərtlərinin düzgün olmadığı üçün hər dondurulmuş tərəvəz yaxşı çıxmır, düzgününü seçmək üçün bir sirrim artıq var. Məsələn, dondurulmuş yaşıl noxud alarkən, əlinizlə yoxlayın, əgər tamamilə bir-birinə yapışmış, sanki yumrulardan başqa mayesi də axıb buzlaşmış kimi durursa, bu dondurulmuş yaşıl noxudu almayın, bir-birinə yapışmamış və ya yapışmış olsa belə əlinizlə balaca təzyiqdə bir-birindən ayrılan və yumruluğu hiss olunan dondurulmuş məhsulu ala bilərsiniz.

• 500 qr. dondurulmuş yaşıl noxud
• 1 böyük kartof (qatılaşdırmaq üçün kartof yerinə nişasta və ya un da istifadə edə bilərsiniz)
• 800 ml su
• 2 dəstə nanə (nanənin uc yarpaqlarını servis edərkən şorbanın üzərinə qoymaq üçün saxlaya bilərsiniz)
• 2 diş sarımsaq
• 1 ç.q. kəklikotu qurusu və ya italyan otları qarışığı
• İstəyə görə duz və istiot
• Biraz yeni rəndələnmiş muskat qozu
• 4 x.q. qaymaq (smetan da ola bilər, hətta mənə görə idela variant smetanla qaymağın qarışığıdır)

Hazırlanma qaydası:

1. Əgər kartof istifadə edəcəksinizsə, onu soyub, rəndələyin, sonra qaynanmış suyu qazana töküb kartofu və sarımsaq dişlərini əlavə edin.
2. Kartof biraz bişdikdən sonra dondurulmuş noxudu və nanəni əlavə edin, bir neçə dəqiqə bişdikdən sonra ya əl blenderi vasitəsilə, ya da mətbəx prosessorunun içində tamamilə xırdalayın. Qarışımı yenidən qazın üstünə qoyun, biraz qaynasın.
3. Üzərinə kəklikotu və ya başqa sevdiyiniz ot qarışımını, muskat qozunu, duzu və isitotunu, 3 x.q. qaymağı əlavə edin. Əgər sizin sevdiyinizdən daha durudursa, biraz nişasta və ya unu azacıq su ilə qarışdırıb, qaynayan şorbanın üzərinə qarışdıra-qarışdıra tökün və istədiyiniz qatılığı əldə edin.
4. Qaymağın geri qalanını servis edərkən üzərinə tökün, nanələrin uc yarpaqlarını və ya kəklikotu ilə üzərini bəzəyin. Şəkildəki sarımsaqlı çörəklərin hazırlanma qaydasına isə bu linkdən baxa bilərsiniz.

Yaşıl noxudlu və nanəli şorbanız nuş olsun.

 

Şərhlər

  1. salam. sarımsaqlı çörəyi necə edirsiz? çörəyə sarımsaqlı yağ vurub qızardırsız?

  2. Ok 🙂 Sarımsaqlı suxariklər də o prinsiplə hazırlanır, sadəcə balaca doğranır. Bəlkə lazım olar 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir