QATIQ SOUSLU & ƏDVİYYATLI KÜFTƏCİKLƏR

Ədviyyat dedikdə, mənim üçün axan sular durur. Bunu yazılarımı indiyədək oxuyan hər kəs hiss etmişdir yəqin ki.
Evin balacası Toğrul üçün də küftəcik deyəndə həyat durduğu üçün, qiymənin və ədviyyatın sintezi ilə olan bütün yeməklər evimizin vazkeçilməzləri sırasındadırlar. Martha Stewart Living jurnalında ədviyyatlı küftəcikləri, özü də qatıqla hazırlanmış sousla görəndə bu resept tam mənlikdir düşündüm.

Bu reseptdə qatıq sousda bişmiş halda istifadə olunur  və jurnalda da yazıldığı kimi yumurta sarıları və qarğıdalı nişastasının hesabına məxmər kimi, dekadent sous ortaya çıxır. Orta Şərq stilində ədviyyatlar, yəni cirə, sumax, darçın və keşniş isə onu türk köftələrinin ərəb üsulu ilə adaptasiyasına bənzədir. Biz ailəliklə çox bəyənirik və hətta bir dəfə qonaqlarıma da servis etdim, onlar da bəyəndilər. Amma yenə də ədviyyat sevməyən ağız dadları üçün riskli ola biləcəyini unutmamaq lazımdır.

Qatıq souslu ədviyyatlı küftəciklər
Bu resept 6-8 nəfər üçün nəzərdə tutulub. Resept Martha Steüart Living jurnalının 2016-cı il aprel sayından adaptasiya olunmuşdur. 

• 700 qr. dana qiyməsi
• ½ st. suxari ovuntuları
• 1½ ç.q. üyüdülmuş cirə (cirə haqqında məlumat üçün bu linkə baxa bilərsiniz)
• ½ ç.q. darçın
• İstəyə görə duz
• 6 diş sarımsaq
• 1 böyük soğan
• 1 yumurta
• 3 yumurtanın sarısı
• 1 dəstə keşniş
• 1½ st. qatıq
• 1 x.q. qarğıdalı nişastası
• ¼ st zeytun yağı

Servisi üçün:
• Bişmiş düyü (çilov dəmləmə)
• Üyüdülmuş sumax
• Qırmızı pul bibər

Hazırlanma qaydası:
1. Soğanı və 3 diş sarımsağı xırda-xırda doğrayın, geniş tavaya 2 x.q yağ tökün, içinə sarımsağı, soğanı və təxminən 1 ç.q duz əlavə edib, 3 dəqiqə müddətində nisbətən şəffaflaşana qədər bişirin, içinə cirə və darçın əlavə edib 1 dəqiqə əlavə bişirin. Əgər blenderiniz varsa, bu qarışımı blenderə töküb biraz daha xırdalayın.
2. Bu qarışımın üzərinə suxari qırıntılarını və ¼ st. su əlavə edin, qiyməni, bütöv yumurtanı və keşnişin yarısını (xırda-xırda doğranmış) bu qarışımla qarışdırın. Bu qarışımdan txminən 2 ç.q böyüklüyündə götürüb küftəciklər hazırlayın.
3. Qalan 2 x.q yağı tavaya tökün, yağ qızdıqdan sonra küftələri hissə-hissə içinə töküb hər tərəfdən qızardın. Tavada az olarkən bu proses daha rahat olur. Tavanı silkələdikcə, hər tərəfi qızarır.
4. Qalan 3 diş sarımsağı halqa şəklində doğrayın, üzərinə ¾ st. su əlavə edib qaynadın, daha sonra küftəcikləri əlavə edib təxminən 6 dəqiqə qaynadın.
5. Bir qab götürüb içərisində yumurta sarılarını və qatığı qarışdırın, başqa bir qabda isə ¼ st su götürüb qarğıdalı nişastası ilə qarışdırın. Daha sonra bu qarışımı qatıqlı qarışıma əlavə edib qarışdırın. Qazın üzərinə qoyub qarışdıra-qarışdıra qaynadın. Təxminən qatılaşıb, 1 dəqiqə qaynadıqdan sonra duzunu əlavə edin. Küftəciklər olan qaba tökün və hamısını bir yerdə qızdırın. Düyü ilə bir yerdə üzərinə sumax, pul bibər və doğranmış keşniş əlavə edərək servis edirik.

Qatıq souslu ədviyyatlı küftəcikləriniz nuş olsun!

Şərhlər

  1. Saturday Menu

    Görüntüde he, amma hem sosunun, hem özünün dadi ferqli olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *