KARAMELLƏŞMİŞ BANANLI & ŞOKOLAD SOUSLU PANKEYKLƏR

Blinçik olan yerdə pankeyk nədir axı, amerikanlar özlərindən uydurmuşlar… Blinçikin, krepin qalın variantı kimi gözümə görünən pankeyki illərlə sadəcə bu cümlələrlə yad etmişəm, amma bu reseptlə fikrim dəyişdi, resepti Delicious jurnalında kəşf edəndən 3 dəfə bişirmişəm artıq və hər dəfəsi də uğurlu alınıb. Əslində sirri də çox bəsitdir, yumurtaların ağı sarısından ayrılıb, ağı ağaranacan çalınır, bu da ona mükəmməl hava qatır, məcazi anlamda hava yox, həqiqi və birbaşa hava.. Olur havalı, yupyumşaq, mədəyə daş kimi düşməyən pankeyk.

karamelləşmiş bananlar

pankeyk necə bişirilir

Bu dəfəki pankeyk reseptim karamelləşmiş bananlı və nutellasayağı fındıqlı şokolad sousu ilə sadə, yəni kefirdən hazırlanmış pankeyklərdir.

Karamelləşmiş bananlı və şokolad souslu pankeyklər
Bu reseptdən 12 pankeyk alınır, təxminən 4 nəfər üçün nəzərdə tutulmuşdur. Resept Delicious Uk jurnalının 2017-ci il fevral sayından adaptə olunmuşdur.

Kefirli pankeyklər üçün
• 1¼ st. un
• ½ ç.q. qabartma tozu
• 2 x.q. şəkər tozu
• 2 böyük yumurta
• 1¼ st. kefir (süddən və ya qatıqdan kefir hazırlamaq üçün yazının aşağısına baxın)
• ¼ ç.q. duz
• 2 x.q. (30 qr) kərə yağı (pankeykləri qızartmaq üçün)

Əgər tartar kreminiz varsa, pankeyki biraz daha havalı etmək üçün ½ ç.q. xəmirə əlavə edə bilərsiniz.

Karamelləşmiş bananlar üçün
• ¼ st. şəkər tozu
• 3 banan (böyük və yaxşı yetişmiş)
• 15 qr. kərə yağı

Şokolad sousu üçün
• 70 qr. şokolad
• 100 ml. krema (qaymaq)
• 1 ç.q. neytral yağ (dadı olmayan, qarğıdalı və s.)
• 50 qr. fındıq (qovrulmuş)
• 1 x.q. rom (opsionaldır, yəni istifadə etməyə də bilərsiniz)
Hazırlanma qaydası:

  1. Unu, qabartma tozunu, şəkəri və duzu böyük qabda qarışdırın.
  2. Başqa bir qabda kefiri, yumurta sarılarını qarışdırın və unlu qarışığın üzərinə töküb qarışdırın.
  3. Yumurta ağlarını ağarıb bərkiyənə qədər mikser yardımı ilə çalıb, yavaş-yavaş xəmirə qatın, spatula yardımı ilə qarışdırın, köpükləri qoruyun, bunun üçün bu mərhələdə mikser artıq istifadə etməməniz gərəkir.
  4. Xəmiri 30 dəq. müddətinə soyuducuya qoyun.
  5. Xəmirin gözlədiyi müddətdə bananları nazik halqalar şəklində doğrayın. Bir tavaya kərə yağını töküb, üzərinə şəkəri tökün, şəkər kristallaşıb sonra əriməyə, sonra isə rəngini dəyişməyə başlayacaq, aşağı xodda üzərinə bananları düzün, bir-neçə dəqiqə sonra bananları kontrol edin, əgər bir tərəfləri qızarıbsa, digər tərəfinə ehmalca çevirin, bananlar çox yumşaq olacaq. Bu səbəbdən ehtiyatla çevirməniz lazım gələcək.
  6. Sous üçün fındıqları mətbəx prosessorunda və ya qəhvə üyüdəndə tamamilə xırdalanana qədər əzin. Bir qaba şokoladı, 2 x.q. qaymağı (kremanı) və əgər istifadə edirsinizsə, romu töküb, benmari üsulu ilə əridirsiniz, yəni bir qabın içində isti su qoyub onun içinə qoyaraq, qazın üzərində yavaş-yavaş əritmək lazımdır, bu zaman şokolad olan qab suya toxunmamalıdır, yəni buxar onu əritməlidir. Ərimiş şokoladlı qarışığa fındığı qatın. Qarışdırdıqdan sonra kremanın geri qalanını və yağı içinə əlavə edin. Sousunuz qatıdırsa, (şokoladın çeşidi qatılığa təsir edir, südlü şokoladla daha duru alınır, şokoladdakı kakao faizi artdıqca daha qatı) içərisinə istədiyiniz qatılığı əldə edənə qədər süd tökün.
  7. Xəmirinizi soyucudan çıxarın, böyük tavanı yaxşı qızdırın və yağlayın, bir çömçə ilə içinə biraz xəmir tökün, xəmiri tökdükdən sonra spatula ilə xəmiri 10 sm diametri olan və təxminən 1 sm qatılığında yayın, tavanız imkan verirsə, eyni zamanda bir-neçəsini edə bilərsiniz. Orta xodda təxminən 2-3 dəqiqə bişirin, pankeykinizin altı qızaranda, üstünə isə hava qabarcıqları çıxanda çevirin, digər tərəfi isə qızaranda artıq götürə bilərsiniz. Digərləri bişdiyində əvvəl hazırladıqlarınızı isti saxlamaq üçün bir tavanı vam xodda qazın üzərinə qoyub içinə yığa bilərsiniz.
  8. Pankeyklərinizi karamelləşmiş bananla və şokoladlı sousla bərabər servis edə bilərsiniz.

Kefirli pankeykləri bişirmək üçün kefirə ehtiyacınız olacaq. Amma kefir süd qədər rahat tapılmır. Ona görə də, mən indiyə qədər də bloqda yazdığım süddən kefir düzəltmə məsələsinə bir daha toxunacam. Bir stəkan südə 1 x.q limon suyu və ya 1 x.q. ağ üzüm sirkəsi əlavə edin. Bu müddətdə otaq temperaturundakı südü qarışdıra-qarışdıra tökməlisiniz ki, südünüz çürüməsin. 5-10 dəqiqə sonra kefiriniz hazır olacaq, əlbəttə bu əsl kefir deyil, amma şirniyyatlarda və ya başqa bişmişlərdə kefirin funksiyasını tamamilə əvəz edə bilir. Südün içində ağ parçacıqlar əmələ gələ bilər, siz pankeyk, maffin kimi reseptlərdə onu birbaşa istifadə edin, trileçe reseptində isə süzgəcdən süzməniz məsləhətdir.

süddən kefir hazırlama qaydası

Karamelləşmiş bananlı və şokolad souslu pankeykləriniz nuş olsun!

Başqa bananlı reseptlərə – kokos ovuntulu bananlı keksəbananlı maffinlərə də nəzər yetirməyi unutmayın.

Şərhlər

  1. Aytac xanim, ola biler elbette. Zovqler muxtelifdir. Biz chox sevirik ve chox tez-tez qizardilmish bananla blinchik ve ya pankeyk yeyirik.

  2. Mən də bişirdim bundan. Həm də qonaqlar üçün. Özümüz də çox bəyəndik, qonaqlarımız da terifləyə tərifləyə yedilər. Banan və fındıqlı şokolad hamisı birlikdə mükəmməl idi.

  3. Gülyaz, sizə də, qonaqlarınıza da nuş olsun. Bu və ümumiyyətlə qızarmış banan favoritlərimdəndir. Bizim bütün ailənin həm də. Təşəkkürlər belə pozitiv komment üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir