HAMBURGER ÜÇÜN YUMRU ÇÖRƏKCİKLƏR

Sağlam qidalanmaq lazım gəldiyini bugün hər kəs bilir, amma nədənsə süfrə başına gələndə başda mən olmaqla, çoxumuz unuduruq və ya unutmağı seçirik. Uşaqlı-böyüklü hamının fast food-a həvəsi danılmazdır. Bucür sağlamlığa mənfi təsir edən seçimlərdən başda gələni isə «Hamburger»dir.

Amma və lakin ev üsulu ilə daha az ziyanlı və dəfələrlə dadlı alternativlər eləmək mümkündür. Xüsusilə də, uşaqlar üçün party-lərdə yaxşı hamburgerlər vazkeçilməz yeməklərdəndir.

Uşaqlı qonaqlarım gələcəkdi bir gün, hamburger planlayırdım, baldızım Aytən hamburger çörəkciklərini özümün bişirməmi təklif elədi. Aytən resepti rus proqramlardan birindən götürüb, onlar da öz növbəsində Amerika Mətbəx İnstitutunun reseptini istifadə eləyiblər.

Onu deyə bilərəm ki, o vaxt bu vaxt, əsasən uşaqlı qonaqlar gələndə bişirməyə başladım və həm qonaqlarımız, həm də biz çooooxx sevirik. Bilirəm ki, burada başlıca sual odur ki, o çörəkcikləri alsaq olmaz ki?! Bunun da bir çoxşaxəli cavabı var. Yaxşı hamburger çörəyi sanki üstü qabıqlı çörək deyil, üstü qızarsa belə, əlavə qat əmələ gəlməmiş, dişlədiyinizdə tamlığını hiss edəcəyiniz çörək olmalıdır, yaxşı hamburger çörəyinin içinin məsamələri sıx olmalıdır, digər çörəklər kimi açılmış deyil, yumşaqlığı içindəkilərlə (içinə qoyacağınız ət, kahı, pomidor və s.)
kontrast yaratmalıdır, dadı isə elə olmalıdır ki, həm özünəməxsus olsun, həm də içindəkilərin dadını basdırmasın. Yaxşı hamburgeri isə iki yerdə tapa bilərsiniz, evdə və ya lüks restoranda.

Ən əsas düşüncəm isə odur ki, uşaqlarımıza evdə elə alternativlər verməliyik ki, çöldəki fast foodları heç bəyənməsinlər. Beləliklə,

hamburger_çorək_bulka_ət

Hamburger üçün yumru çörəkçiklər
Bu reseptdən 10-12 ədəd çörəkcik alınır.

Bu resept “Честный хлеб” proqramından adaptasiya olunmuşdur. 

Resept iki hissəlidir. Əvvəlcə başlangıc hazırlanır, sonra isə xəmirin özü.

Başlanğıc üçün
• 1 st. un
• Yarım st. su
• Qaşığın ucunda maya

Əsas xəmir üçün
• Başlanğıc xəmir
• 3 1/2 st. un
• 1 st. + 2 x.q. su
• 1 ç.q. aktiv maya
• 2 x.q. quru süd
• 2 x.q şəkər tozu
• 1 ç.q. duz
• 45 qr. kərə yağı (otaq temperaturunda)
• 1 yumurtanın sarısı
• Azacıq küncüt və ya xaşxaş və ya çörəkotu

  1. Bişirməyi planladığınızdan 12 saat əvvəl 1 st. unla yarım stəkan suyu və mayanı qarışdırıb xəmir əldə edin. Xəmiri ağzı bağlanan qaba qoyuruq və ya başqa qaba qoyub yemək üçün istifadə olunan streç filmlə bağlayıb 12 saat otaq temperaturunda mayalanmağa qoyun.
  2. 12 saat sonra bir qabda maya, şəkər və suyu qarışdırın, bunu hazırladığınız başlanğıcın üzərinə töküb qarışdırın, mən bu prosesi mətbəx kombaynında edirəm, bu şəkildə çox rahat olur.
  3. Bu qarışımın üzərinə un, duz və quru südü əlavə edib xəmir yoğurun.
  4. Kərə yağını bu xəmirə hissə-hissə əlavə edib xəmiri təkrardan yoğurun, hər balaca hissə yağı əlavə edəndən sonra qarışdırın. Əks halda, yağ qarışmaya bilər. Yağın otaq temperaturunda olmasına xüsusi diqqət göstərin. Xəmiriniz gözəl, ələ yapışmayan alınmalıdır. Əgər, duru olduğunu fərq etdinizsə, azacıq un əlavə edin. Bucür xəmirlər qlüteni (buğdada olan zülal) çox unlardan əmələ gəlir. Belə unlara çörək üçün nəzərdə tutulmuş unlar aiddir. Təəssüf ki, bizdə bu ayrılma kifayət qədər yaxşı aparılmayıb. Yəni, biz istifadə etmədən hansı unun bu işə yaramasını bilə bilmirik. Əlinizdə belə bir imkan varsa, çörək üçün nəzərdə tutulmuş un seçin.
  5. Xəmiri bir saat mayalanmağa qoyun. Üzərini bağlamağı unutmayın. Bağlanmasa, bu tip xəmirlərin üzü quruyur.
  6. Sobanızı 200Cº qızmağa qoyun.
  7. Xəmiri tərəzinin varsa 70-80 qramlıq hissələrə bölün, yoxdursa təxminən eyni boyda 10-12 dənə hissə ayırın. Çox kiçik olanda hamburger çörəkləri eninə yox, hündürlüyə qalxır və burger üçün çox da yararlı formada olmur, ona görə 70 qr-dan az olmaması lazımdır. Onları yumurlayıb, yağlanmış və ya bişirmə kağızı sərilmiş soba qabının içinə düzün, çox yaxın olmamasına diqqət yetirin.
  8. 20 dəq. özünə gəlməsi və şişməsi üçün sobaya qoymadan gözləyin. Üzərilərini örtmək məsləhətdir, bunun üçün unlanmış streç film istifadə edə bilərsiniz.
  9. 20 dəqiqə sonra üzərinə yumurta sarısını çəkib, üstünə küncüt və ya xaşxaş və ya çörəkotu tökün. Mən xaşxaş sevirəm, çünkü nəcib eleqantlıq verir çörəklərə )
  10. 15-20 dəq. üzərləri qızarana kimi 200C°-də bişirin.

Çörəkciklər hazırdır artıq, içini zövqə görə ət kotleti, toyuq kotleti, kahının yarpaqları, qırmızı soğan, pendir, pomidor, turşu xiyar və istədiyiniz, bəyəndiyiniz sousla doldura bilərsiniz.

Nuş olsun!

Qeyd: Bloqun kontenti mənə aiddir, mənbəyə aktiv link vermədən hardasa yerləşdirməməyiniz qətiyyətlə xahiş olunur.

Şərhlər

  1. Saturday Menu

    Gunesh xanim, quru süd bu reseptdə xüsusi amerikansayağı dad verir. Marketlərdə balaca upakovkalarda satılır, rahatlıqla ala bilərsiz. Yəni, dəyişməməniz məsləhətdir, əgər mütləq əvəzləmək istəyirsinizsə, 1 qaşıq unla əvəz edib, suyun yarım stəkanını südə dəyişin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *