TƏRXUNLU TƏZƏ KARTOF SALATI

Yazın nəyini sevirəm? Birinci növbədə ondan sonra yayın gəlməsini, yayı yaz qədər sevə bilmirəm, çünki yayın hər günü keçdikcə payıza bir gün daha az qaldığını mənə xatırladır. 🙂 Yazda yaşıl ağacları, otun iyini, qırmızı-qırmızı çiyələkləri, turşaşirin alçaları, ağ rəngdə ayaqqabıları, sanki sığallayan ilıq küləkləri və tərxunlu təzə kartofu sevirəm.
Tərxunlu təzə kartofdan yazacam bu dəfə, əvvəl ofisimiz Nizami metrosunun yanında idi, 6-cı paraleldə Qurman adında polufabrikat və yeməklər satan bir mağazadan bir dəfə tərxunlu təzə kartof aldım və sonra tiryakisi oldum. Yazda nahar zamanı hər gün bir bəhanə tapıb, bəhanə tapmayanda bəhanəsiz bu kartofdan almağa gedirdim. Ofisin yeri dəyişəndən sonra ilk yaz, yəni keçən yaz, tərxunlu kartofu artıq özüm bişirim deyə düşündüm, biraz internet, biraz özümdən daha da təkmilləşdirdim və ailədə hamı bu kartofla tanış oldu, çox bəyəndilər.

Beləliklə, bloqda yaza özəl salatlara keçidi məhz kartofla başlayıram.

Tərxunlu təzə və isti kartof salatı
Bu resept 4 nəfərlik porsiya üçün nəzərdə tutulmuşdur.

• 750 qr. təzə xırda kartof (nisbətən böyüklərini ortadan bölə bilərsiniz)
• ½ dəstə tərxun (tərxun dəstəsi adətən böyük olur, əgər kiçik olsa bir dəstə əlavə edin)
• 1 böyük diş sarımsaq
• 1 ç.q. Dijon xardalı (aşağıdakı qeydi oxuyun, mən içində dənəcikləri olandan istifadə edirəm, kiçik bankalarda marketlərin çoxunda satılır)
• 3 x.q. zeytun yağı
• 1 x.q.-dan biraz az ağ üzüm sirkəsi (sirkə sevməyənlər limon suyu ilə əvəz edə bilər, amma məncə sirkə ilə daha dadlı olur)
• 1 dəstə yaşıl soğan (ancaq yaşıl hissəsi istifadə olunmalıdır, opsionaldır, istəməz istifadə etməyə bilərsiz)
• Duz və qara istiot

Gələn kommentlərdən, hazırlayan insanlardan eşitdiklərimdən sonra bu əlavəni qeyd eləmək fikrinə düşdüm. Dijon xardalı rus xardalı ilə eyni şey deyil, hətta çox zəif şəkildə oxşayırlar. Birincisi, gərək xardalınız acı olmasın, ikincisi içində toxumlarla olması məsləhətdir, rus xardalının kəskin və acı dadı olur. Əgər dijon xardalı tapa bilmirsinizsə, sadəcə istifadə etməyin.

Hazırlanma qaydası:
1. Kartofları tavaya töküb, üzərinə bir barmaq təxminən su tökün, sarımsağı rəndələyib suya qatın,1 ç.q. duz, 1 x.q. zeytun yağını da bu suya əlavə edib. Su çəkildikdən sonra kartofların yüngülvari qızarmasını gözləyin, bu müddətdə yanmasınlar deyə ara-sıra qarışdırın.
2. Kartoflar qızaran müddətdə sosunu hazırlayın, yağın yerdə qalanını, sirkəni, qara istiotu, xardalı bir qabda qarışdırın, üzərinə doğranmış tərxunu və soğanı əlavə edin.
3. Kartoflarınız qızaran kimi bu sosun içərisinə töküb yaxşıca qarışdırın.

Servisi və saxlanma qaydası:
İsti servis olunmalıdır, ayrıca salat kimi və ya ətin, toyuğun yanında qarnir kimi servis oluna bilər. Saxlanmaması məsləhətdir. Əgər bir-neçə saat qalıbsa, yüngül şəkildə tavada və ya mikrodalğalı sobada qızdıra bilərsiniz.

Tərxunlu təzə kartof salatınız nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir