Cafe Fernandodan albalılı & badamlı keks

Hər anın öz hökmü var deyirlər.. Hər an gücə sahibdir, bir şeyləri dəyişə bilmək gücünə… Bəzən bu anlar bir ömrü dəyişəcək qədər böyük gücdə olurlar, bəzən isə insanı zamanla dəyişəcək çox kiçik qığılcımlar kimi.

İllər əvvəl günlərin birində növbəti keks resepti axtararkən Cafe Fernando adlı bloqa rast gəldim. Bloqun sahibi də mənim kimi reklamçı idi, bunun özü də diqqətimi çəkmə səbəblərindən biri olmuşdu. Bu bloq bugünkü yemək stilim, alışqanlıqlarım və hətta bloq yazmam üçün ilham mənbəyi oldu, onun sayəsində bu işdə dünyanın ən məşhurlarını öyrəndim. Sonra onların bloqları və kitabları tanış oldum. Sobada bişirdiklərim və bişirmə üslubum dəyişərək bugünkü halını aldı. Evdə hər kəsi xoşbəxt edən desertlər, xüsusilə keks və piroqlar əvvəlki şərbətli kekslərin və tortların yerini aldı.

Bir də onu deyim ki, Cafe Fernandonun o qədər səmimi, iştah açıcı yazı dili var ki, oxuyub da yazdığını bişirib yemək istəməyən az tapılar. Sonradan bloq sahibinin kitabını da aldım və bişirmə haqqında kitablarımın içində istər tərzi, istər də fotoları ilə ən gözəl kitablardandır.

Dünən gecə evdə yumurta yox idi, amma ki, atamın bağında yetişdirdiyi zərif vişnələr vardı, bunlarla da nə edim ki, heyif olmasınlar düşünürdüm, açdım Cafe Fernando kitabını, ordan da vişnəli, badamlı keks resepti tapdım. Keksi tərif etməsini o qədər bəyəndim ki, yoldaşıma oxudum, anında günün yorğunluğunu unudub yumurta almağa getdi. Bunun üçün də ayrıca təşəkkürlər yoldaşıma. )

Keksimiz bişdi və ən az Cenkin anlatdığı qədər vardı, içi sıx olan, normal kekslər qədər qabarıq və yumşaq olmayan, amma ağızda əriyən keks.. Badamın xüsusi dadı, keksin şirinliyi və vişnənin turşluğu xoşagələn ahəng yaradır.

Vişnələri keksin içində olduğu şəkildə çox da sevmədiyimi bir neçə həftə bundan əvvəl kəşv etdim, bu reseptdə vişnələr əvvəlcədən bişir və bu halını çox bəyəndim.

vişnə keksi

Vişnəli və badamlı keks
Bu resept 20-23sm genişliyində diametri olan yumru qab üçün nəzərdə tutulmuşdur.

Resept Cenk Sönmezsoyun Cafe fernando kitabından adaptasiya olunmuşdur.

Vişnə mürəbbəsi üçün
• 850 qr vişnə
• 2/3 st. şəkər tozu

Keks üçün
• 3/4 st. un
• 1,5 ç.q. qabartma tozu
• 3/4 st. şəkər tozu
• 1/4 ç.q. duz
• 150 qr. badam və ya badam unu
• 150 qr kərə yağı (otaq temperaturunda)
• 3 böyük yumurta
• 1 ç.q. vanil ekstraktı və ya bir paket şəkərli vanilin

Hazırlanma qaydası:

  1. Vişnələrin tumlarını çıxarıb, bir qazançaya töküb üzərinə şəkəri əlavə edin. (sadəcə mürəbbə üçün nəzərdə tutulan şəkəri)
  2. 10 dəqiqə orta atəşdə, sonra 20 dəqiqə ərzində daha yüksək atəşdə bişirin. Vişnələri əzməməyə çalışın. Bu mərhələdə mənim vişnələrim çox zərif olduqları üçün ciddi şəkildə dağıldılar, görsəniz vişnələr dağılır, deşikli qaşıqla onları götürün, suyu isə həmin vaxtın sonuna qədər (toplam 30 dəqiqə) qaynamağa davam eləsin.
  3. Sobanızı 180Cº qızdırıb, badamları təxminən 10 dəqiqə qovurun. Əgər, sizdə badam unu varsa birbaşa bu unu şəkərə qataraq başlayacaqsınız.
  4. Sobanı 160Cº-yə qoyun, keks qabınızın aşağısına yumru şəkildə kəsdiyiniz bişirmə kağızını sərin. Kənarlarını isə yağlayın və unlayın.
  5. Mətbəx robotunda badamları şəkərlə bərabər töküb un şəklini alana qədər xırdalayın, sonra üzərinə unu, duzu, qabartma tozunu töküb qarışdırın.
  6. Kərə yağını xırda parçalar şəklində xəmirə qarışdırın. Bu prosesləri mətbəx robotunda edin, çox daha rahat olacaq.
  7. Yumurtaları bir qabda vanil ekstraktı ilə bərabər qarışdırın, sonra isə xəmirin üzərinə tökün. 15-20 saniyə mətbəx robotu ilə pauzasız qarışdırın.
  8. Keks qabının dibinə süzülmüş vişnə dənələrini düzün, maksimum sıx şəkildə olmasına diqqət göstərin. Suyunu isə başının köpüyünü götürüb bir qabda saxlayın. Onu keksin üzərinə çəkib biraz daha sulu və daha parlaq olması üçün istifadə edə bilərsiniz. Geri qalanından isə limonad düzəldə bilərsiniz.
  9. Xəmiri vişnələrin üzərinə töküb yayın.
  10. Keks təxminən 50-60 dəqiqə bişməlidir, kibrit çöpü ilə yoxlayın, içinə batırdığınız çöp əgər xəmirli deyil, təmiz çıxırsa artıq bişmişdir.
  11. Sobadan çıxdıqdan sonra 1 saat keks qabında soyumağa qoyun. Sonra isə qabından çıxara bilərsiniz. Qabdan çıxarıb servis etdiyinizdə vişnəli tərəfi üstdə xəmir isə altda olmalıdır. (şəkildəki kimi)

Saxlama qaydası:
4 gün ağzıbağlı şəkildə otaq temperaturunda saxlaya bilərsiniz.

Vişnəli badamlı keksiniz nuş olsun.

Şərhlər

  1. Dordde uch yeni ki, stekanin dord hissesinden 3-u, yarim ve yarisinin yarisi ☺

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir