XAMALI & QOZLU BRAUNİ

 

İllər əvvəl bu məşhur Amerikan desertini biraz da yoldaşımın təkidi ilə evdə bir neçə dəfə bişirdim, nəticəsi yeyiləcək kimi olsa da, kafe və restoran braunilərindən ciddi şəkildə fərqlənirdi, sululuğu az olurdu, daha çox şokoladı bol keksə oxşayırdı. Zamanla iki səhvimi gördüm, bir düzgün reseptdən istifadə etməmək, ikincisi də çox bişirmək. Düzgün brauni reseptində qabartma tozu olmur, amma ən əsası onun bişirmə müddətidir, bu reseptdə belə, təxmini olaraq 25 dəqiqə qeyd edilsə də, sobalar arasında ciddi fərq olduğu üçün tez-tez kontrol olunması və silkələdiyinizdə orta hissəsinin biraz hərəkətli kimi, sanki içi hələ də qatı mayedir kimi hiss etdirməsi lazımdır. Üzəri də artıq qabıq kimi əmələ gəlibsə, demək ki, sobadan çıxarmağın əsl vaxtıdır.

Qozlu və xamalı brauni (brownie)
Bu resept 23×23 sm-lik kvadrat qab üçün nəzərdə tutulmuşdur. Eyni zamanda təxminən 20 və ya 23 sm. diametrində olan dairəvi qabda da rahatlıqla bişirə bilərsiniz.

Resept Nick Malgierinin The Modern Baker: Time-Saving Techniques for Breads, Tarts, Pies, Cakes and Cookies” kitabından adaptasiya olunmuşdur.

• 125 qr. kərə yağı
• 150 qr. acı şokolad (70%-li şokolad şiddətlə tövsiyyə olunur, daha az faizi olanlarla şirinlik problemi çıxacaq, mən plitka şokolad alıb, lazımi qramajı ordan götürürəm)
• ¼ ç.q. duz
• 1 x.q. vanil ektsraktı (yoxdursa, bir paket şəkərli vanilin istifadə edə bilərsiniz)
• 3 yumurta
• 1⅓ st. açıq qəhvəyi şəkər tozu
• ⅓ st. xama
• 1 st. un
• 1 x.q. kakao
• 150 qr. qoz ləpəsi

Hazırlanma qaydası:

Video üçün President Azerbaijan facebook səhifəsinə baxa bilərsiniz.

  1. Bişirəcəyiniz qabın içinə bişirmə kağızını salın, sobanızı 180Cº qızdırın. Sobanın içində təxminən 10 dəq. müddətində qoz ləpələrini qızardın, sonra mümkün qədər qabıqlarını təmizləyib, hər ləpəni 4-6 yerə bölərək xırdalayın.
  2. Kərə yağını hissələrə bölərək istiyə davamlı qabın içinə qoyub plitənin üstünə yerləşdirin, vam xodda içinə parçalanmış şokoladları töküb əridin. Bu müddət ərzində şokoladların yanmaması üçün qarışdırın və çox istilənməməsinə diqqət edin.
  3. Başqa bir qabda unun içinə duzu və kakaonu əlavə edib yaxşı qarışdırın.
  4. Hündür və nisbətən dar qabda şəkər tozunu töküb, üzərinə yumurtaları bir-bir əlavə edib, hər dəfə yumurta əlavə edəndən sonra mikser və ya qaşıqla tam qarışanadək çalın.
  5. Xamanı və vanili əlavə edib, yenidən qarışdırın.
  6. Xamalı-yumurtalı qarışığı şokoladlı qarışığın üzərinə töküb, yaxşı qarışdırın. Sonra unu da əlavə edib qarışdırın, ən sonda qozların yarısını töküb qarışdırın.
  7. Bişirəcəyiniz qaba xəmiri boşaldın, qozun yerdə qalanını üzərinə səpin.
  8. Braunini sobaya (180Cº) bişmək üçün qoyun, təxminən 20 dəqiqə sonra kontrol edin, qabı hərəkət etdirdiyinizdə ortası biraz silkələnməli (yəni qatı maye kimi görsənməlidir), üstü isə qabıq bağlamış olmalıdır. Çox maye halındadırsa, 5 dəq. daha bişməsinə icazə verin, amma qurumamasına diqqət göstərin.

Saxlanma müddəti və şəraiti:

3 gün ağzı qapalı şəkildə saxlaya bilərsiniz. Qaldıqca dadlanan desertlərdəndir.

Servisi:

İstər təkbaşına, istər qaymaqlı krem ilə servis edə bilərsiniz.

Şərhlər

  1. 3 gun qalar yeni bele dadli sey? Men bugun bisirdim, artiq yaridan coxu yoxdur)) Tesekkurler resept ucun😊 yoldasim deyir nedir bu bele, dedim marketde satirlar e browni ondandi. Yedi dedi onlar bunla muqayise oluna bilmez hec

  2. Bu resepti mən də çox sevirəm, klassik brauni reseptindən daha çox sevirəm. Ona görə xüsusi olaraq video üçün onu seçdim. Nuş olsun.
    3 gun saxlamaq isə bizdə də problem olur. )) Amma ən azından səhəri gün daha da dadlı olacağını görəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir