XAMALI & QOZLU SMAYLİK KEKS

SaturdayMenu-nun facebook səhifəsini rəngləndirmək məqsədilə şirniyyat və ümumiyyətlə sobada bişirmə haqqında aforizmlər axtarırdım. Əslində hələ də axtarıram. Kimsə bilirsə, yaza bilər. ) Gördüm biri yazıb ki, xoşbəxtlik bu an sobada bişən keksin olduğunu bilməkdir. Mənim kimi keks aludəçisi imiş hər halda yazan, həm də xoşbəxtliyin sirrini artıq öyrənibmiş.
Bir də təsəvvür edin ki, bu sobadan gözəl darçın ətri bütün mətbəxə yayılır, sonra isə hətta bütün evə.
Amma bu birinci seriya idi, ikincisi səhər başlayır, gözünüzü açırsınız və darçın iyi hələ də evdədir. Stolun üstündə gecə ilə sobadan çıxmış, artıq dadının da gecəyə görə biraz daha yetişmiş olduğu keks sizə gəl-gəl deyir. Özü də yupyumşaq.
Film kimi oldu lap. Həqiqətdə isə işdən evə getmək və kekssiz bir axşam keçirmək lazım idi, amma bu xəyalı reallaşdırmaq üçün Nick Malgierinin «The Modern Baker» kitabından ən bəsit, qəhvə keksi dedikləri (qəhvənin yanında servis olunduğu və ona çox yaraşdığı üçün belə adlanır) smetanlı keksi bişirmək qərarına gəldim. Yumşaq… darçın ətirli… biraz da evdə tez müddətdə işlətmək istədiyim qoz vardı, onu «əritməyə» kömək edən keksi…

Xamalı və qozlu başqa resept üçün isə bu linkə baxa bilərsiniz.

Xamalı smaylik keks
Ortası deşik düz, təxminən 8 fincan həcmində qab bu keks üçün idealdır. Əgər beləsi yoxdursa, 20 sm diametrində dəyirmi qab və ya kubik şəklində olan çörək qabını istifadə edə bilərsiniz.

Qablarınızın ölçüsünü bilmək üçün fincanla və ya stəkanla suyu içinə doldura bilərsiniz, içinə yerləşən suyun stəkan, fincan sayı ölçü həcmi olaraq istifadə olunur.

Resept Nick Malgierinin The Modern Baker: Time-Saving Techniques for Breads, Tarts, Pies, Cakes and Cookies kitabından Sour cream coffee cake reseptindən adaptasiya olunmuşdur.

İçlik üçün

• 100 qr qoz
• 2 ç.q. darçın
• 1/3 st. adi şəkər və ya eyni qədər açıq qəhvəyi şəkər

Keksin xəmiri üçün

• 2 st. un
• 1 st. şəkər
• 225 qr xama (otaq temperaturunda)
• 2 böyük yumurta (otaq temperaturunda)
• 2 yumurtanın sarısı
• 150 qr. yağ (yumşaldılmış)
• 1/2 ç.q.  duz
• 1 ç.q. soda
• 1 ç.q. qabartma tozu

Hazırlanma qaydası:

  1. İçliyi hazırlamaq üçün qozu orta böyüklükdə doğrayıb şəkər və darçınla qarışdırmaq lazımdır.
  2. Xəmir üçün əvvəlcə unu, sodanı, qabartma tozu, duz və şəkəri geniş qabda mikser vasitəsilə qarışdırırsınız, miksersiz əllə qarışdırırsınızsa, çox yaxşı qarışdırmağa cəhd göstərin. Sonrakı proseslərdə az qarışdırıldığına görə sodanın yaxşı qarışması üçün son şansınızdır.
  3. Otaq temperaturundakı yağı tam az (əriyənə qədər olmaz) isidib unun üzərinə töküb qarışdırın.
  4. Başqa bir qabda yumurta, yumurta sarılarını smetanla qarışdırıb, sonradan unlu qarışımın üzərinə əvvəl 1/3-ini töküb mikserlə bir dəqiqə qarışdırın, sonra geri qalanını töküb 2 dəqiqə qarışdırın. Xəmiriniz gözəl, krem konsistensiyasında olmalıdır, bu səbəbdən ərzaqların otaq temperaturunda olmasına diqqət yetirin.
  5. Sobanızı 160C° üçün qızdırmağa başlayın.
  6. Qabın içini yağlayıb, unlayıb hazır edin. Xarici mənbələrdə köynək geyindirin deyirlər bəzən bu prosesə, məncə uyğun addır, keksinizin köynəyini unutmayın.
  7. Sonra qabınızın içinə xəmirin təxminən yarısını tökün, üzərinə içliyin yarısını tökün, içliyin qabın kənarı ilə təmas etməməsinə diqqət göstərin ki, bişərkən yanmasın, xəmirin geri qalanın tökün, üzərini hamarlaşdırın, eyni şəkildə içliyi tökün, biraz xəmirə qarışdırma cəhdi edin, yüngülvari üzərində bıçaqlar hərəkətlər etsəniz yetərli olacaqdır.
  8. Təxminən bir saat, içinə batırılan diş çöpü təmiz çıxana qədər bişirin.
  9. Sobadan götürdükdən sonra 5 dəqiqə soyumağa izn verib, üz tərəfinə boşqab tutub çevirin, digər boşqabı altına yerləşdirib üzünü çevirin, xəmirə yapışmamış qozlar tökülə bilər.

Smaylik keksiniz nuş olsun!

Şərhlər

  1. Salam Aygun xanim, uğurlu yazılarınıza görə sizi təbrik edirəm. Hər yazınızı böyük maraqla oxuyuram və vaxt olduqca tətbiq etməyə çalışıram.
    Bu dəfəki yazıda diqqətimi çəkən bir məqam oldu. Keksin hazırlanma qaydasında 2. bənddə inqridientləri mikserlə qarışdırmaq 😐, qorxuram mətbəxdə əməlli təmizlik işi lazım olacaq😬

  2. Humay xanım, çox təşəkkür edirəm. Çox sevindim.
    Qarışdırma məsələsinə gəldikdə isə, ilk dəfə resepti oxuyanda Nick Malgieri dalğa keçib camaatla demişdim, una yağı qatmaq, sonra sulu ingredientləri qatmaq qorxunc gəlmişdi mənə. Amma bişirəndə baxdım elə deyil, çox rahatdır. Biraz dərin qab kifayət edir. ) Bu arada bir dəfə yanlışlıqla bütün kekslər kimi qatdım, yəni ardıcıllığı sulular ayrı, qurular ayrı elədim. Keksin konsistensiyasında ciddi fərq vardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir